EN

Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Həndbol üzrə Azərbaycan klublarının avrokuboklardakı oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkə çempionu “Qarabağ” Avropa Kubokunda mübarizəyə 1/32 finaldan başlayacaq.

İlk rəqib Lüksemburqun “Differdanj” klubudur. Qarşılıqlı razılaşmaya əsasən, mərhələnin hər iki oyunu Bakıda olacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk matçda “Qarabağ” komandası nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-ə təyin olunub. Bu komandaların cavab matçı isə 1 gün sonra eyni saatda keçiriləcək.

Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5- 6-da saat 17:00-da olacaq.

Azərbaycan Kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-də Afina Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səsləndiriləcək. Ertəsi gün isə bu komandaların dueli saat 17:30-da start götürəcək.

Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokunda mübarizəyə “Parnassos Strovolu” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-ı saat 17:00-da, cavab matçı isə bir gün sonra saat 16:00-da keçiriləcək.

Ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə səfərdə meydana çıxacaq. Monteneqronun “Lovçen Çetine” komandası ilə hər iki matç rəqib meydanında oynanılacaq. Oktyabrın 26 və 27-ə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

 

Chosen
7
10
azertag.az

10Sources