EN

Türkiyə əsas proqram təminatçısı ixracatçısına çevrilib

Türkiyə əsas proqram təminatçısı ixracatçısına çevrilib. Proqram təminatını inkişaf etdirən şirkətlərin məhsullarının satışı ildə 3,5 milyard dollara çatıb və bu, son hədd deyil.

Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat Adanada keçirilən “TEKNOFEST-2024” 10-cu Aviasiya, Texnologiya və Astronavtika festivalını ziyarəti zamanı bildirib.

Türkiyəli nazirin sözlərinə görə, hökumət yerli şirkətlərə, o cümlədən proqram təminatı sektoruna dəstək olmaq üçün əlindən gələni edir.

Bolat son 20 ildə Türkiyədə texnoparkların sayının 3-dən 102-yə çatmasına, ölkədəki texnologiya mərkəzlərinin sayının isə 1600-ü keçdiyinə diqqət çəkib.

Nazir Türkiyənin müdafiə sənayesinin nailiyyətlərini də diqqətı çatdıraraq qeyd edib ki, hərbi-sənaye kompleksinin imkanları ildə 12 milyard dollara qədər məhsul istehsal etməyə imkan verir.

Ticarət naziri bildirib: “İyirmi il əvvəl Türkiyə 250 milyon dollar dəyərində müdafiə təyinatlı məhsullar ixrac edirdisə, bu gün dünyanın 185 ölkəsi bizdən 5,5 milyard dollardan çox dəyərində 230 növ hərbi-sənaye kompleksi məhsulu satın alır. İlin sonuna qədər bu rəqəmi 6,5 milyard dollara çatdırmağı planlaşdırırıq”.

Bolat xatırladıb ki, türk müdafiə şirkətlərində yüz minlərlə insan çalışır, reallaşdırılması davam edən layihələrin sayı isə 800-dən çoxdur. O əlavə edib: “Biz Türkiyənin alim və mütəxəssisləri ilə fəxr edirik. Əminəm ki, ölkəmiz texnoloji inkişafda yeni uğurlar qazanacaq”.

Chosen
9
banker.az

1Sources