EN

Vətən Müharibəsi Qəhrəmanı - şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür

Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, USTA dərəcəli pilot Zaur Nudirəliyev oktyabr ayının 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşu zamanı idarə etdiyi "Su-25" hücum təyyarəsi düşmən Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulub.

QHT.az xəbər verir ki, 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1992-1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995-2000-ci illərdə isə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbində "təyyarəçi" ixtisası üzrə təhsil alıb. Həmçinin 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb. 2000-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət etməyə başlayan Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində bir çox mükafatlara layiq görülüb. Polkovnik Zaur Nudirəliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vuraraq xeyli düşmən texnika və canlı qüvvəsini məhv edib. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev düşmən tərəfinə əsir düşməmək üçün təyyarədən katapult etməyib və təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırparaq qəhrəmancasına şəhid olub.

Zaur Nudirəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Chosen
18
qht.az

1Sources