EN

“O, namuslu adamların kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi...”

“O, öz əlaltılarına günahsız adamlar barədə məhkəmə işlərinin kütləvi şəkildə saxtalaşdırılması barədə birbaşa göstəriş verirmiş...”
 
“Bağırov və əlaltıları  günahsız adamların istintaq işini saxtalaşdırırdılar. Bağırov namuslu adamların 
kütləvi şəkildə həbs edilməsi barədə sərəncam  verirdi. Bundan sonra həbs olanlara qarşı zor işlədilir, onlar vəhşicəsinə döyülür, bu yolla da işgəncəyə dözməyən adamlar faktiki olaraq heç vaxt məşğul olmadıqları əks-inqilabi fəaliyyətdə günahkar olduqlarını boyunlarına alır, hələ, üstəlik, özləri digər günahsız adamların da üzünə dururdular...
 
...Bağırov öz əlaltılarına günahsız adamlar barədə məhkəmə işlərinin kütləvi şəkildə saxtalaşdırılması barədə birbaşa göstəriş verirmiş. Bağırovun bu cinayətkar göstərişini yerinə yetirməklə onun əlaltıları yalançı ittiham dəlilləri yaratmağa nail olurdular. Kolxozçuları hər hansı əks-inqilabi fəaliyyətdə ittiham etmək məqsədilə Bağırovun əlaltıları bu şəxslərin həyətinə, evlərinə gizlincə silah qoyurdular, beləliklə də həmin kolxozçuların üsyançı təşkilatlarda iştirakını sübut etmiş olurdular...”
 
Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış  “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...
 
Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış  Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.
 
Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət,    — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.
 
Yaxın müddətdə dəyərli Moderator.az oxucularını həmin kitabın ən maraqlı epizodlarıyla tanış edəcəyik.
 
Moderator.az-ı izləyin!..
 
Sultan Laçın
 
Chosen
30
moderator.az

1Sources