EN

Mahamadu Ba: “Karyeramda yeni bölüm başlayır”

“Kəpəz”in yeni transferi, malili mərkəz yarımmüdafiəçisi Mahamadu Ba Gəncə klubuna keçidi ilə bağlı düşüncələrini bölüşüb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Karyeramda yeni bölüm başlayır. Türkiyədən sonra ölkənizdə legioner həyatı yaşayacağam. Bura gəldiyimə görə şadam. Klubda məni olduqca mehriban qarşıladılar. Bir neçə gündür ki, düşərgədəyəm. Həvəslə məşq edirəm. Yaxşı bazamız var. “Kəpəz”in Bakıda “Zirə” ilə oyununu stadiondan canlı izləmək imkanım oldu. Bilirəm ki, komandanın çıxışı azarkeşlərin ürəyincə deyil. Amma kollektiv olaraq vəziyyəti dəyişmək üçün çalışırıq”.

Malili futbolçu açıqlamasında Türkiyə ilə Azərbaycan futbolunu da müqayisə edib:

“Türkiyə ilə Azərbaycan futbolu arasında fərq təbii ki, var. Azərbaycanda komandalar fiziki oyuna üstünlük verməyə çalışırlar. İlk baxışdan hər halda belə görünür. Türkiyədə isə başqa cürdür. Super Liqada komandalar taktiki-texniki cəhətdən seçilməyə çalışırlar”.

Xatırladaq ki, Mahamadu Ba karyerası ərzində yalnız Türkiyə klublarında forma geyinib. O, peşəkar karyerasında “Ərzurumspor”da başlayıb. Daha sonra “Bandırmaspor” və “Menemenspor”da da oynamış yarımmüdafiəçi 2022-ci ildə “Adana Dəmirspor”a cəlb olunub. Amma o, Super Liqa təmsilçisində əsas heyətə düşə bilmədiyi üçün “İstanbulspor”a və “Tuzlaspor”a icarəyə verilib. Ba Adana təmsilçisindən ötən ay azad agent kimi ayrılıb. O, “Kəpəz”lə müddəti mövsümün sonunadək nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Qeyd edək ki, “Kəpəz” 2024/2025 mövsümünə çox uğursuz başlayıb. Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 8 oyunun hamısından məğlubiyyətlə ayrılıb.

Chosen
6
6
arena.az

10Sources