EN

Təhsil sahəsində YENİLİK: Azərbaycan məktəblərində POLİSLƏR FƏALİYYƏTƏ BAŞLAYACAQ? 

Son iki gündə məktəblilər arasında bıçaqlanma halları qeydə alınıb. Belə halların artması cəmiyyətdə dəhşət doğurur.


Məktəb şagirdlərinin üzərlərində kəsici, deşici alət gəzdirməsi, bu alətlərdən öz həmyaşıdlarına qarşı silah kimi istifadə edə bilmələri qandonduran məqamlardandır.


Bəs bu şagirdlər bu alətlərlə məktəbə necə gəlirlər? Belə halların qarşısını almaq üçün məktəblərdə nə edilə bilər?


Təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında bu problem haqda danışıb. 




“Təhsil müəssisəsində bu cür hadisələrin yaşanması qəbuledilməz haldır. Təəssüf ki, biz hər il bu hallarla qarşılaşırıq. Uzun illərdir təkliflər irəli sürürük ki, Elm və təhsil nazirliyi ilə Daxili işlər nazirliyi arasında müəyyən bir saziş imzalansın, bu saziş fonunda bütün məktəblərdə mühafizə polisi fəaliyyətə başlaya. Belə olan halda, əlbəttə, şagirdlərin ən azından çəkindiyi məqam ola bilər”.


Ekspert bildirib ki, Azərbaycanda təxminən 1 milyon 600 min şagird var və belə hallar adətən reginlarda deyil, paytaxtda qeydə alınır.


“Azərbaycan məktəblərində minimum 300 nəfər, maksimum 2000-3000, hətta bəzi məktəblər var ki, burada 4000 nəfər şagird olur. Bütün bu şagirdləri müəyyən bir zaman ərzində mühafizə xidmətindən keçirmək, yoxlayıb məktəbə buraxmaq mümkün deyil. Buna görə də şagirdlərin üzərində kəsici, deşici alət keçirmələri mümkündür. Amma burada sinif rəhbərləri, o cümlədən müəllimlər daha diqqətli ola bilərlər, o cümlədən, şagirdlərin davranışlarından bunu müşahidə etmək olar. Bu barədə təcili məktəb rəhbərliyinə xəbər vermək olar və valideynlərlə profilaktik tədbirlər görülməlidir”.


Elçin Əfəndi qeyd edib ki, xarici təcrübədə bir çox məktəblərdə mühafizə mövcuddur, lakin bu həmin ölkələrdə belə halların baş verməməsi demək deyil. İstənilən ölkədə bu tip şiddət göstəriciləri nümayiş olunur.


Təhsil eksperti azyaşlılar arasında belə halların artmasının səbəblərini də açıqlayıb.


“Hazırda internet erasında yaşayırıq. Bu səbəbdən rəqəmsal resurslar, bütün günü telefonla vaxt keçirmək azyaşlıları gərginləşdirir. Nəticədə şagirdlər öz yaşıdları ilə ünsiyyətdə tez-tez fikir ayrılıqları yaşayırlar, bu da belə konfliktlərə gətirib çıxarır. Buna görə də bu məsələdə valideynlərdən də çox şey asılıdır. Valideynlər övladlarını nəzarətsiz saxladıqları zaman, əlbəttə, onlar da müəyyən kriminal istiqamətlərə meyilli olurlar. Belə halları müşahidə edən valideyn özü tədbir görməlidir, özü tədbir görə bilmirsə, aidiyyatı üzrə nəzarət üçün kömək almalıdır”.

 

Fidan Vəlisoy 

Chosen
19
1
referans.az

2Sources