EN

"Ciddi məsələlərdə trend yarada bilmirik" - EKSPERT TƏNQİD ETDİ

"Azərbaycan gənci hər zaman yeniliyə açıqdır. Eyni zamanda öyrənməyə meyillidir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, gənclərimiz fərqli görünmək üçün keçmişdə rus dili, ingilis dili, indi isə türk dilində həm kitab oxuyur, həm televiziya verilişlərinə və sosial şəbəkə resurslarına baxır, həm də türk serialları və filmlərini seyr edirlər: "Sözsüz ki, təqdim olunan görüntünün təsiri altına düşürük. Həm ideoloji, həm estetik, həm də mədəni hadisə olaraq bizim baxdığımız, təklif olunan sadalanan həmin hadisələr, virtual məhsullar beynimizə xüsusi təsir edir. Gənclərin şüuru təmizdir. Oraya nə yazılırsa, onu da əks etdirir. Bu baxımdan bunu normal qarşılamalıyıq. Hər halda gənclərimizin yaxın qonşu Rusiya, qardaş ölkə Türkiyə ilə təmasda olması üçün dillərini öyrənmələri yaxşı haldır. Amma bütövlükdə bunun Azərbaycan dilini sıxışdırmasına etiraz etməliyik. Türk dili ümumtürk türkcəmizin bir qoludur. Azərbaycan türkcəsi də ümumtürk dilinin bir qoludur. Onların bir-birinə təsiri sözsüz mümkündür. Bundan çəkinmək olmaz, amma qəbul etmək lazımdır ki, ümumtürk dili vaxtilə tarixi-mədəni hadisə olub. İnsanların ümumi ünsiyyət vasitəsi olub. Türk etnosunun əsas dil vahidi olub. Amma sonralar bölünüb. Məhəmməd Füzuli deyirdi ki, fars dilində "Leyli və Məcnun" var idi, amma öz dilimizdə yox idi, mən ana dilində "Leyli və Məcnun" yaratdım. Bu baxımdan orta əsrlərdə Avropada gedən proseslər nəticəsində Latın dili bölündü, ondan müxtəlif dillər yarandı. Azərbaycanda və Şərqə də bu bölünməni hiss etdik. Azərbaycan, Türkiyə və Türk dünyasının ümumtürk dili artıq bölünməyə başladı. Çünki o həm də ərəb və fars dilinin təsiri altında idi. O bölündü və ondan yeni dillər yarandı, o cümlədən də Azərbaycan türkcəsi yarandı. Bizim insanların genetik kodunda bu qalır".

"Digər subyektiv səbəblər də odur ki, biz uşaqlarımıza nə təklif edirik? Hansı cizgi filmi var ki, Azərbaycan dilinin bütün gözəlliklərini özündə əks etdirir, hansı bədii filmlər, seriallar, Nobel mükafatı almış romanlar var ki, uşaqlar ondan oxuyub bəhrələnirlər və ana dillərini əsas götürür, ana dilində yazır, pozur, ünsiyyət qurmağa çalışırlar? Yaxud dilimizin elmi üslubiyyatı nə qədər inkişaf edib? Məişətdə dilimizi kifayət qədər istifadə edirik? Azərbaycan Konstitusiyasına görə dövlət dili var. Hətta Azərbaycan Əlifbası və Dövlət dili haqqında sərəncam var. Dövlət başçısının Latın qrafikalı kitabların kütləvi çapı ilə bağlı çox möhtəşəm fərman və layihələri var ki, həyata keçirildi. Minlərlə kitablar çap olundu. Amma keyfiyyət kəmiyyəti əvəzləyə bilmir. Ona görə də gənclərimiz baxdıqları türk filmlərinin təsiri altında formalaşacaqlar. Yeniyetmə, gənclər, uşaqlar, şagirdlərin mənəviyyatı kövrək olur. Onu şüşə kimi sındırmaq olar. Yad dillərdən istifadə etmək, yad mədəniyyətlərin təsiri altına düşmək formalaşmamış yeni nəslin nümayəndələrinin mənəviyyatını bizə xas olmayan, hətta qardaş olsa belə, müxtəlif xalqlardan gəlmə estetik, kulturoloji, intellektual təsirlərə məruz qoyulması sonda gənclərimizin əvvəlcə xarici dillərdə həmyaşıdlarına sevgi mesajları yazmaq və o dildə danışmaq, evlənmək kimi tendensiyaya yönəltməli idi. Dəfələrlə bununla bağlı biz fikirlər söyləmişik.

Azərbaycan gəncliyinin mənəvi-psixoloji inkişafı ilə bağlı Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi müəyyən layihələr həyata keçirsələr də çox ciddi dövlət konsepsiyası olmalıdır. Ailə, Uşaq və Qadın Komitəsi, Dini komitə, yaradıcı birliklər, QHT-lər də daxil olmaqla internet resurslarında Azərbaycan dilinin, gənclərinin mənəvi cəhətdən inkişafı ilə bağlı resurslarımız olmalıdır. Trendlər yaratmalıyıq ki, gənclərimizə təsir edək. Necə olur ki, meyxanaçılar trend yaradır, dünyanın hər yerində yayılır. Fit çalan lənkəranlının trend yaratması yayılır, amma ciddi məsələlərdə trend yarada bilmirik. Bir az musiqimiz, idmanımız inkişaf edib. Amma digər məsələlərdə çox axsayırıq. Düşünürəm ki, buna xüsusi fikir vermək lazımdır ki, dilimizin, mənəviyyatımızın təmizliyi, inkişaf etməsinə qatqımız ola bilsin" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Chosen
8
sia.az

1Sources