EN

"Malmö"nün "Qarabağ"la matçda qələbə qazanacağını ehtimal da etmirəm" - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov Sportal.az saytına müsahibə verib. O, Ağdam klubunun bu gün Avropa Liqasında "Malmö"yə qarşı keçirəcəyi görüşdən gözləntilərini söyləyib.

- "Malmö"nün baş məşqçisi mətbuat konfransında "Qarabağ"ın hətta "Sparta" və "Reyncers"dən də güclü komanda olduğunu bildirdi. Amma bununla yanaşı, Bakıya qələbə üçün gəldiklərini də deyib. "Malmö" Bakıda qələbə qazana bilər?

- "Malmö"nün baş məşqçisi Henrik Ridtsrömün bu sözləri diqqətimi çox çəkdi. "Qarabağ"ın hörmətə layiq komanda olmasını "Reyncers" və "Sparta"dan güclü olduğunu söyləyərək dilə gətirdi. "Malmö"nün Bakıda qələbə qazanacağını isə ehtimal da etmirəm.

- İndiyə qədər "Qarabağ"ın Skandinaviya klubları üzərində üstünlüyü var. Ələlxüsus da, İsveç klublarını məğlub edib. Bu statistika "Malmö"ya mənfi təsir edə bilər? Yoxsa, düşünürsən ki, "Malmö" "Gefle", "Göteborq" və "Hekken"dən güclü komandadır?

- Statistika müasir futbolda böyük rol oynamır. Digər tərəfdən "Malmö" də Avropa Liqasına Çempionlar Liqasından gəlib. Təbii ki, onlar sadaladığın digər komandalardan güclüdür. Maraqlı oyunun şahidi olacağıq. 

- "Qarabağ" artıq üç oyundur ki, avrokuboklarda qol vura bilmir. Bunu nə ilə əlaqələndirirsən, komandada inamsızlıq yaranmayıb? Xüsusən də Juninyonun avrokuboklardakı qol vurmaması diqqət çəkir..

- Düzdür, "Qarabağ" avrokuboklarda son 3 oyunda qol vura bilməyib. Bunu inamsızlıqla əlaqələndirmirəm. Komanda hər üç oyunda kifayət qədər qol epizodu yarada bilib. Hətta istifadə edilməyən penalti də var. Rəqiblərin kimliyini də nəzərə almaq lazımdır. Juninyo hər üç oyunda qol vura bilməsə belə, çox inamlı təsir bağışlayıb. "Qarabağ" bu gün yəqin ki, qol orucunu pozacaq. 

- "Tottenhem"lə görüşdə komandanın yeni qapıçısı Mateuş Koxalski necə təsir bağışladı? Bu gün "Malmö"ya qarşı matçda qapıya Fabyan Buntiçə şans vermək lazımdır, yoxsa Koxalski dayanmalıdır?

- Koxalski yaxşı qapıçıdır. "Tottenhem"lə oyunda ideal performans göstərdiyini demək olmaz. Komandaya gec qoşulması da ziynanına olan amildir. Bu gün hansı qapıçının start heyətində olacağını isə deyə bilmərəm.

- Maraqlıdır ki, yerli mütəxəssislərimiz "Malmö"yə üç xal gözü ilə baxır. Qurban Qurbanov da deyib ki, bu cür açıqlamalara onlara arxayınçılıq yox, inam verir. Siz də "Malmö"yə "Qarabağ" üçün üç xal gözü ilə baxırsız?

- Bu sıradan bir oyun deyil. Avropa Liqasının əsas mərhələsinin oyunudur. Rəqib isə İsveç çempionudur. Mən də üç xal qazanacağımıza inanıram. Oyundan qabaq üç xalın cibdə olmasını düşünmək isə sadəlöhvlük olardı. Oynamaq və bunu əldə etmək lazımdır.

- "Qarabağ" adətən oyundan-oyuna artırır. Azərbaycan çempionu həmin perioda daxil olub, yoxsa bu dəfə oyun sarıdan yüksəliş yavaş gedir? "Qarabağ"ın hazırkı performansını necə dəyərləndirirsiz?

- Qeyd etdiyim kim, "Qarabağ" "Dinamo"(Zaqreb) və "Tottenhem"lə oyunlarda uduzsa da, yaxşı təsir bağışlamışdı. Bu onların əla formada olduğunu göstərir. "Qarabağ"a uğurlar arzulayıram. İnanıram ki, bu gün yaxşı nəticə olacaq.

Mirbağırağa

saytlarin hazirlanmasi

Chosen
22
sportal.az

1Sources