EN

Paşinyan öz ampluasında: Ermənistan baş nazirinin primitiv sülh təklifi

"Ermənistan rəhbərliyinin razılaşdırılmış maddələr əsasında sülh sazişini imzalamaqla bağlı təklifi çox primitivdir".

Bunu deputat Sahib Alıyev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu cür planla çıxış etməklə qarşısına iki məqsəd qoya bilər:

"Bunlar taktiki və strateji məqsəddir. Strateji məqsəd odur ki, Azərbaycan bu təkliflə razılaşır və Qərbdən bu planı Paşinyana diktə edənlər daha böyük həvəslə Ermənistanı silahlandırmağa başlayacaqlar. Bu yaxınlarda Ermənistan büdcəsini 20 faiz artırdı və 1 milyon 700 milyon dollara çatdırdı. Ermənistana silahların hansı şərtlər daxilində satıldığını, haradan dəstək və qrant aldığını göz önünə gətirsək, görəcəyik ki, hazırda Ermənistan hərbi xərclərə təqribən Azərbaycan qədər vəsait ayırmağa başlayıb. Azərbaycandan fərqli olaraq artıq Ermənistanda Qərb ölkələrinə məxsus hərbi texnikalar var. Söhbət ABŞ, Fransa, Almaniya istehsalı texnikalardan gedir. Azərbaycan da yarımçıq sülh anlaşmasını imzaladığı üçün baş verənlərə etiraz etmək imkanları olmayacaq. Yəni nəzərə alınmayacaq. Biz deyəndə ki, "niyə Ermənistanı silahlandırırsınız", deyəcəklər ki, "siz dost ölkələrsiz, niyə narahat olursuz?" Deyək ki, Ermənistanda mövcud Konstitusiya Məhkəməsi sülh sənədinə qarşı çıxmadı, növbəti tərkib dəyişəndə bəs nə deyəcəklər?! Növbəti tərkib iddia edə bilər ki, imzalanmış sülh sənədi qanunvericiliyə ziddir və ona görə də müqavilə qüvvədən düşmüş sayılır. Ermənistan tərəfi də, onlara bu planı diktə edən Qərb də yaxşı bilir ki, son dərəcə təcrübəli lider olan Azərbaycan prezidenti əsla buna getməyəcək. Dövlət başçısı özü də bunu açıq şəkildə dəfələrlə səsləndirib".

Sahib Alıyev, deputat

Müsahibimizə görə, taktiki məqsəd isə odur ki, ermənilər informasiya savaşında Azərbaycana qarşı üstünlük qazanmaq istəyirlər:

"Deməli, regionda qarşıdurmanın qalmasında maraqlı olan qüvvələr öz alətləri olan və revanşizmə həvəslənən Ermənistan vasitəsi ilə görüntü yaratmağa çalışırlar ki, guya Azərbaycan sülh istəmir. Ancaq Ermənistan rəhbərliyi hər fürsətdə bülbül kimi ötür, BMT tribunasında belə sülhdən danışır. Amma məsələ ondadır ki, bu gün sülhə ən böyük təhdid məhz beynəlxalq tribunalarda sülhdən danışanların öz ölkələridir. Dünyanı qarışdıranlar da onlardır. Ermənistan baş naziri də öz ampluasındadır və onun dediklərinin Azərbaycan üçün isti-soyuğu yoxdur".

Aydın Baxış

Chosen
9
bakivaxti.az

1Sources