EN

Azərbaycanın Almaniyadakı səfiri Şlezviq-Holştayn federal torpağına səfər edib

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev oktyabrın 1-2-də Şlezviq-Holştayn federal torpağına səfər edib.

Səfər çərçivəsində N.Ağayev federal torpağın paytaxtı Kil şəhərində Şlezviq-Holştaynın baş naziri Daniel Günter, torpaq parlamentinin (Landtaq) prezidenti Kristina Herbst, enerji keçidi, iqlim mühafizəsi, ətraf mühit və təbiət naziri Tobias Qoldşmidt, Kil şəhərinin meri Ulf Kempfer və Şəhər Şurasının sədri Bettina Aust ilə görüşlər keçirib.

Keçirilən görüşlərdə Azərbaycanın zəngin tarixi-mədəni irsi, multikulturalizm ənənələri, iqtisadiyyatı, sosial–iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər, xarici siyasəti, o cümlədən qonşu ölkələrlə əlaqələri barədə ətraflı məlumat verilib. Son illər Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələrdən danışılıb, Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcəyi xüsusi vurğulanıb. 

Səfir Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizin Avropanın enerji mənbələrinin şaxələndirilməsində oynadığı mühüm rol, Azərbaycan-Ermənistan sülh danışıqları prosesi, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması, regionda əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə ətraflı məlumat verib. 

Tərəflər Azərbaycan ilə Şlezviq-Holştayn arasında münasibətlərin inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıblar. Bu münasibətlərin müxtəlif sahələrdə, xüsusilə bərpaolunan enerji sahəsində inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanaraq, bu məqsədlə təmasların və qarşılıqlı səfərlərin artırılmasının zəruriliyi ifadə edilib.

Müzakilər zamanı elm və təhsil sahəsində əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Azərbaycanın və Şlezviq-Holştayn torpağının elm və təhsil müəssisələri, xüsusilə də ali məktəbləri arasında əməkdaşlığın gücləndirilməsinin hər iki tərəf üçün faydalı olacağı qeyd edilib. 

Qeyd edək ki, səfərlə əlaqədar Kil şəhər meriyasının binasının qarşısında Azərbaycan bayrağı dalğalandırılıb. 

Səfir N.Ağayev federal torpağın baş nazirinin, Landtaqının və Kil meriyasının fəxri qonaq kitabını imzalayıb.

Chosen
14
1
xalqqazeti.az

2Sources