EN

Roberto Karlos derbidəki qalmaqalı qınadı

“Real”ın keçmiş futbolçusu Roberto Karlos bu komandanın “Atletiko” ilə Madrid derbisində (1:1) baş vermiş qalmaqalı şərh edib.

Arena.az Roberto Karlosun bu barədə fikrini təqdim edir:

“Həmin gün baş vermişlər bir daha təkrarlana bilməyəcək bir məqamdır. İndi federasiyanın lazımi qərarlar verməsini gözləmək lazımdır ki, stadionda olmamalı olan bəzi adamlara görə növbəti oyunlarda müvafiq hal yaşanmasın. Bu, məni həqiqətən çox kədərləndirir. Uzun illər bu ölkədə yaşamışam və uzun illər burada oynamışam”, deyə Karlos vurğulayıb.

Roberto Karlos Madrid “Atletiko”sunun argentinalı baş məşqçisi Dieqo Simeonenin, “Real”ın belçikalı qapıçısı Tibo Kurtuanı “döşəkçilər”in azarkeşlərini təxribata sürükləməkdə ittiham edən sözlərini də cavablayıb:

“Simeoneyə böyük hörmətim və məhəbbətim var. Onun öz rənglərini qoruması adi haldır. Oxudum, gördüm ki, azarkeşlərin təxribata çəkildiyini deyib. Simeone əla məşqçidir, fikrini deməyə davam etsin, amma sonda baş vermiş hadisələr ispan futbolu üçün çirkin təzahürlərdir. Kurtua qolu qeyd etməkdən başqa heç nə etmədi, insanları təhqir etməyib, heç bir əl-qol atmayıb”.

Xatırladaq ki, bu oyunun gedişində, 68-ci dəqiqədə meydan sahibi komandanın azarkeşlərinin “Real”ın belçikalı qapıçısı Tibo Kurtuaya müxtəlif əşyalar atması və qapıçının bu əşyaları baş hakimə göstərməsi ilə oyunda 20 dəqiqəlik fasilə yaşanıb. Hakim baş vermiş hadisəni sənədləşdirib, vəziyyət sabitləşdikdən sonra isə oyunu bərpa edib.

Sentyabrın 30-da “Atletiko”nun daxili iclası keçirilib və bu iclasda Madrid klubu derbidə baş vermiş hadisələri qiymətləndirib. “Döşəkçilər”in bir qrup azarkeşi komandanın ev oyunlarını ziyarət etməkdən məhrum edilib. Klub müvafiq halların bir daha baş verməməsi üçün bütün ön tədbirləri həyata keçirməyi qarşısına məqsəd qoyub. Madrid klubu İspaniyanın hüquq-mühafizə orqanları ilə birbaşa əməkdalıqdadır.

Tezliklə “döşəkçilər” daxili nizamnamə qaydalarına əlavələr etmək fikrindədirlər. Bunun əsasında, “Metropolitano”da şəxsiyyətin gizlədilməsinə imkan verən geyim və əşyaların istifadəsinə qadağa qoyulacaq.

Chosen
16
arena.az

1Sources