EN

İsrail İranı vurarsa, bunun Azərbaycana hansı təsiri ola bilər?

İranın İsrailə birbaşa raket zərbələrindən sonra İsrail İrana cavab verəcəyinə söz verib.

Rəsmi Bakı sərhəddə sərhəd qonşusu olan və milyonlarla azərbaycan türkünün yaşadığı İranla milyardlarla dollarlıq silah aldığı və yaxşı əlaqələrinin olduğu İsrail arasında münasibətlərin pisləşməsinə hələlik reaksiya verməyib.

İsrailin Baş naziri Benjamin Netanyahu dəqiq tarix açıqlamasa da, raket zərbələrinin İrana “baha başa gələcəyini” deyib.

İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin müharibə istəmədiyini, lakin “daha sərt cavab verəcəklərini” açıqlayıb.

Başqa bir tərəfdən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan İsrailin “Fələstin və Livandan sonra göz dikdiyi yerin… Türkiyə olduğunu” söyləyib.

Təl-Əviv bu açıqlamaya hələ ki, reaksiya verməyib.

Cənab Erdoğanın dediyi kimi, İsrail Türkiyə torpaqlarına doğru irəliləyərsə və ya İranla müharibəyə başlayarsa, Azərbaycan necə bir mövqe tutmalı olacaq? Yaxın Şərqdə bu gün baş verənlər Azərbaycan üçün nə deməkdir? – BBC News Azərbaycanca bu və başqa suallara cavab axtarıb.

İsrail Livana və Qəzzaya daha böyük hücumlara başlayıbİsrail hücumunda ölmüş Hizbullah lideri Həsən Nəsrullah kim idi?Netanyahu İranın raket zərbələri barədə: "Bu, İrana baha başa gələcək"

Cümə günü İsrailin Livana hava zərbələri nəticəsində Hizbullah lideri Həsən Nəsrullah və İrana yaxın digər yüksək vəzifəli şəxsləri öldürülüb.

Bundan sonra İsrail cənubdan Livana daxil olaraq hücuma başlayıb. İsrail bunu İranın dəstəklədiyi Hizbullahla mübarizə aparmaq üçün "lokal, məhdud" əməliyyat adlandırıb.

Buna cavab olaraq oktyabrın 1-də İran İsrailə azı 180 raket zərbəsi endirib.

İsrailin Livana zərbələri nəticəsində bir milyondan çox livanlı məcburi köçkün vəziyyətinə düşüb.

İsrail İranı vurarsa...

Şərqşünas alim, təhlilçi Aidə Qəmbər Yaxın Şərqdə baş verənləri “çox ciddi və təhlükəli” adlandırır.

“Bu silahlı qarşıdurmalar bütün müasir silahlarla təchiz olunub və bu silahlı qüvvələrin və hadisələrin baş verdiyi arieal get-gedə genişlənir. Təəssüf ki, proseslər Azərbaycanın sərhəddində baş verir, ona görə də proseslər məcradan çıxsa, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər.”

Aidə Qəmbər diqqəti İsrailin İrana cavab verəcəyi, yəni Azərbaycanın qonşuluğuna raket zərbələri yağdıracağı ehtimalına yönəldərək deyir ki, bu halda raketlər nə qədər idarəolunan olsa da, “hər şey ola bilər” və raketlərdən hansısa Azərbaycan ərazisinə düşə bilər: “Bu, Azərbaycan üçün çətinlik deyilmi?”

Təhlilçi hesab edir ki, İsrail İranı vurarsa və bu zərbələr bir çox əraziləri əhatə edərsə, azərbaycanlıların sıx yaşadığı məntəqələr də hədəfə tuş gələ bilər: “Ona görə də bu həssas məqamda Azərbaycan olaraq, öz milli maraqlarımızdan çıxış etməliyik. Birinci növbədə bizim milli maraqlarımız önə çəkilməlidir. Sonrakı mərhələdə isə qeyd etdiyiniz ölkələrlə dostluq, qardaşlıq maraqları nəzərə alınmalıdır”.

Bitərəf millət vəkili Rasim Musabəyov hesab edir ki, Azərbaycan bu proseslərə nə bilavasitə müdaxilə edir, nə də ki, baş verənlərin Azərbaycana bilavasitə təsirləri var.

O, Azərbaycanın bu məsələdə “prinsipial mövqeyinin” olduğunu deyir:

“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində sülh yolu ilə iki dövlətin [İsrail və Fələstin] yaranması ilə orada münaqişənin tezliklə həll olunmasını dəstəkləyir”.

Rasim Musabəyov Azərbaycanın İsraillə diplomatik əlaqələrinin və çoxşaxəli münasibətləri olduğunu xatırladır və əlavə edir ki, rəsmi Bakı mövcud Fələstin hökumətinə də dəstək verir - “onlarla da əlaqələrimiz var”.

İsrailin İran ərazisini vuracağı halda isə, Musabəyov bunun “Azərbaycan üçün də mənfi təsirlərinin qaçılmaz” olduğunu qeyd edir.

“Azı ona görə ki, biz Körfəzdən- İran ərazisindən keçərək bir çox daşınmaları həyata keçiririk. … Naxçıvanla Azərbaycanın əsas ərazisi [arasında quru yolla əlaqə] İran vasitəsi ilə təmin olunur.”

Münaqişə riskləri artsa da, cənab Musabəyov Azərbaycanın konkret proseslərə təsiretmə imkanlarının məhdud olduğunu deyir.

“Doğrudur, hadisələr qonşuluğumuzda baş verir. Ancaq düşünmürəm ki, Azərbaycan hansısa bir şəkildə bu münaqişəyə cəlb oluna bilər. Baxmayaraq ki, cəfəng fikirlər səslənir ki, guya İsrail İrana zərbə vurmaq üçün Azərbaycan ərazisindən istifadə etmək istəyir. Bunların hamısı uydurmadır və bunu təsdiq edən heç bir fakt yoxdur”- çıxaraq belə “cəfəng fikirləri” tirajlamayaq.

İsrail Türkiyəni vurarsa...

Şərqşünas alim, təhlilçi Aidə Qəmbər indiki məqamda İsrailin Türkiyə ilə hər hansı münaqişəyə girəcəyini düşünmür.

Türkiyə və İsrail arasında “açıq hərbi toqquşmanı” reallıqdan uzaq adlandıran Musabəyov hesab edir ki, belə bir hadisə olarsa, Azərbaycan öz strateji müttəfiqini dəstəkləyəcək.

“Bizim İsraillə strateji əməkdaşlıqla bağlı heç bir əməkdaşlıq müqaviləmiz yoxdur. Bizim olduqca vacib əlaqələrimiz var, lakin onlar rəsmi şəkildə nə müttəfiqlik, nə də strateji əməkdaşlıq səviyyəsində heç bir sənədlə təsdiqlənmir”.

Neftin qiyməti qalxıb

Yaxın Şərqdə İran-İsrail arasında müharibə ehtimalının güclənməsi dünya bazarında neftin qiymətini artırıb.

Brent markalı neftin bir barelinin qiyməti 1 faiz artaraq 74,40 dollar olub.

İran dünyanın yeddinci ən böyük neft istehsalçısı və OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı) təşkilatının üçüncü ən böyük üzvüdür.

Qiymət artmasına səbəb neft tədarükündə problemlər yaranacağı ehtimalıdır.

"Azeri Light" (CIF) markalı Azərbaycan nefti də son günlər bahalaşıb, bir barelin qiyməti 2,5 ABŞ dolları və ya 3,3 faiz artaraq 77,69 ABŞ dollarına bərabər olub, APA Economics yazıb.

Chosen
23
bbc.com

1Sources