EN

Hərb tariximizin Suqovuşan və Talış zəfəri

Tərtər rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin işğaldan azad edilməsindən dörd il ötür

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatının elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və "keçilməz" adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni “Tvitter” hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.

Qısa arayış: Suqovuşan kəndi 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə daxil edilib. 1943-cü ildə isə şəhər tipli qəsəbə statusu alıb. 1992-ci ildə  Ağdərə rayonu ləğv edildiyindən onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölünüb və Suqovuşan Tərtər rayonuna birləşdirilib. Qəsəbə 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilsə də, 1994-cü ildə Ermənistan silahlı bölmələri tərəfindən yenidən işğal edilmişdi. Suqovuşan və Talış Azərbaycan Ordusu üçün çox strateji əhəmiyyətə malik ərazilərdir. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi. Prezident İlham Əliyev 2021-ci il oktyabrın 3-də Suqovuşana səfəri zamanı dörd il əvvəl bu ərazilərdə aparılan hərbi əməliyyatlardan danışarkən deymişdir: “Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra həmin ərazilərin bərpasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun digər guşələri kimi, Suqovuşan qəsəbəsinə və Talış kəndinə də həyat yenidən qayıdır. Yaşayış məntəqələri işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanıldı. Uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu qısa vaxtda ikinci texniki dərəcəyə uyğun yenidən quruldu. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi, qəsəbəsinin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edildi. Qəsəbə elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparıldı. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarının təmirinə, Suqovuşan qəsəbəsində və Talış kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməsinə, Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası (Naftalan şəhəri) yeni avtomobil yolunun tikintisinə başlanıldı.

28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb. Suqovuşan su anbarı susuz qalan torpaqlara yeni həyat verib.

Xatırladaq ki, 1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır ki, susuz qalan torpaqlara yeni həyat gəlib.

Məlumdur ki, Suqovuşan qəsəbəsi və Talış kəndi turizm potensialı ilə seçilən ərazilərdəndir. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı ərazidə turizmin inkişafı üçün çox əlverişlidir. Artıq Suqovuşanda turizmin inkişafı üçün hazırlanan konsepsiyaya uyğun olaraq işlərə başlanılıb. Ərazinin təbii-coğrafi şərait, eləcə də infrastrukturun, Tərtərdən və Naftalandan qəsəbəyə gedən avtomobil yollarının yenidən qurulması Suqovuşanın turizm imkanlarını daha da artırır. Naftalan–Talış–Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalan turistlərinin Suqovuşana səfərinin optimallaşdırılması ilə yanaşı, Gəncə şəhərindən qısa müddət ərzində turist səfərlərinin təşkilini mümkün edir. Yeni yolun istismara verilməsi Suqovuşanla yanaşı, ona yaxın olan ərazilərin inkişafına təkan verəcək, ərazinin “əlçatan turizm destinasiyasına” çevrilməsinə imkanları artıracaqdır. Belə ki, Qərb istiqamətindən səfər edən yerli və xarici turistlər üçün Naftalan-Suqovuşan yolu və Bakı istiqamətindən hərəkət edən turistlər üçün Bakı–Tərtər–Suqovuşan yolu əlçatanlığın təmin edilməsi üçün mühüm rol oynayır. Əminliklə demək olar ki, Suqovuşan qəsəbəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Sevinc Azadi, “İki sahil”

Chosen
31
ikisahil.az

1Sources