EN

Azyaşlı uşaqlar niyə çox qışqırır? - Psixoloq səbəbi açıqladı

Günümüzdə bir çox valideynlər azyaşlı övladlarının qışqırmasından gileylənir.

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı danışan klinik psixoloq Nuriyyə Quliyeva bildirir ki, bu, davranışla əlaqədardır:

“Uşağın nə üçün qışqırdığını axtarmalıyıq. Bundan öncə nə baş verdiki qışqırdı? Ola bilər ki, o, nə vaxtsa qışqıraraq istəyini bildirib və həmin vaxt qaşısındakı insanlar dərhal onun istəklərini yerinə yetiriblər. Artıq uşaq bunu bir metod olaraq kəşf edib ki, mən sakit istədim vermədilər. Tutaq ki, o düşünür ki, marketdə qışqırdım və istədiyimi aldılar. O bu cür davranışı öyrənmiş olur.

Valideynlər də çox vaxt “uşaq çöldədir, qışqırmasın”, “biabır olduq”, “səs-küy götürür, hamı bizə baxır” və s. deyir. Ana-ata evdə qayda qoymağa çalışdıqlarını bildirirlər, amma bu, yetərli olmur. Uşaq çox yaxşı tuta bilir ki, sizin həssas nöqtəniz nədir. Adətən də belə davranışları çöldə göstərir. Ona görə də siz sadəcə qərarlı olmalısınız. Ya başdan razılaşmalısınız, ya da buna tab gətirməlisiniz. Məsələn, marketə getmisiniz və uşaq bir şey istəyir. Siz də bilirsiniz ki, “yox” desəniz, qışqıracaq. Ya əvvəlcədən bir oyuncağa, konfetə və s. icazə verməlisiniz, ya da ağlasa da, qərarlı olmalısınız. Davranış problemləri ailənin bütün üzvlərinə aiddir. Yəni əgər ana bu qaydaya riayət elədi, ata pozdusa, hər şey sıfırlanır. Ən çox da belə qaydaları nənə-baba pozur”.

Mütəxəssis kiçik olarkən qışqıran uşaqların gələcək ailə həyatında necə biri olması ilə bağlı suala da cavab verib:

“Əlbəttə, o, gələcəkdə azacıq şərait tapanda qışqıracaq ya da əksinə danışmalı olduğu yerdə əvvəldən öyrəndiyi kimi susacaq, haqqını tələb edə bilməyəcək. Yəni əzilən bir gənc, ailə başçıısı olacaq. Bu, həm də hislərin basıdırılmasından irəli gəlir. 

Biz bəzən deyəndə ki, uşağın aqressiyası ilə işləyirik, valideynlər fikirləşir ki, tamamilə sakit bir uşaq olacaq. Xeyr, bu da düzgün deyil. Ona görə də ortanı tapmaq lazımdır. Yeri gələndə sözünü deyəcək, amma yeri gələndə də yersiz kaprizlər etməyəcək. 

Travmalı nəsil olduğumuz üçün bizə hər şey yetərli qədər verilməyib və ya şərait olmayıb. Biz isə övladlarımıza sevgini, maddi nemətləri həddindən çox veririk. Dərs olaraq da yükləyirik ki, o kursa getsin, məktəbə getsin və s. Bunun ortası olmalıdır. Balansı tuta bilmirik. Ona görə də bu gün davranış problemləri çoxdur”.

Billurə Yunus
 

Chosen
12
olke.az

1Sources