EN

3 oktyabr 1993-cü il – Azərbaycanın tarixində dönüş TƏHLİL

Azərbaycanın görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən misilsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Xalqın və ölkənin taleyində əvəzsiz rolu olan Ulu Öndər Heydər Əliyev zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi ilə Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran Ulu Öndər Heydər Əliyev xalqın xilaskarı və Azərbaycanın Memarı və Qurucusu olaraq adını əbədiləşdirdi. Qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə ölkəmizdə sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olan Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti və əzmkar fəaliyyəti nəticəsində Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sisteminin formalaşmasına nail olunub. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı, məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Şəxsiyyətin ideyaları Azərbaycan dövlətinin və xalqının qarşısında yeni-yeni üfüqlər açıb. Bu gün müstəqil Azərbaycanın qazandığı böyük uğurlar, məhz Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsidir. Ölkə həyatının bütün sahələrində nail olunan uğurlar Böyük Siyasi Xadim Heydər Əliyevin adı. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunub, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilib.

DİNAMİK VƏ HƏRTƏRƏFLİ İNKİŞAFI TƏMİN EDƏN KOMPLEKS İNKİŞAF PROQRAMLARI

Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı dünya birliyinin fəal üzvünə çevirən, bugünkü uğurlarımız üçün möhkəm baza yaradan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarxində böyük rolu vardır. Onun hər addımı ölkəmizin inkişaf tarixinə biri-birindən əhəmiyyətli uğur səhifələrini yazıb. Onun ideyaları hər bir azərbaycanlı üçün dəyərlidir. Böyük Şəxsiyyət bütün varlığı ilə sevdiyi Azərbaycanı, xalqını, onun dövlətçilik tarixini çox çətin sınaq və imtahanlardan çıxarıb. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanılıb. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olub. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edilib. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlanıldı. Böyük Siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli yorulmadan çalışırdı. Qısa bir zaman məsafəsində bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi.

TARİXİ ZƏRURƏTDƏN YARADILAN YAP AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ FİKİR TARİXİNƏ YENİ BİR KEYFİYYƏT GƏTİRDİ

1990-cı illərin əvvəlləri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayır, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağılmışdır. Şəhər və kəndlərimiz bir-birinin ardınca işğal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırmışdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalqı bütövlükdə, uçuruma sürükləyən məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gəlib çatmış, işsizlik, demək olar ki, kütləvi hal almışdı. Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqil Azərbaycanın Qurucusu Heydər Əliyev ən yeni tariximizin çətin anlarından şərəflə çıxaraq, müstəqilliyimizin gerçəkləşməsində və ictimai-siyasi həyatımızın bütün istiqamətləri üzrə inkişafın təmin edilməsində qarant rolunu oynadı. YAP-ın yaradılması Azərbaycan dövlətçiliyinin formalaşması prosesinə təsirini göstərdi. YAP-ın yaradılması Azərbaycanın müasir tarixinin möhtəşəm və ən əlamətdar hadisələrindən biridir. Həmin vaxtlar YAP-ın yaranması tarixi zərurət idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs Ulu Öndər Heydər Əliyev ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısının "91-lər" Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Tarixə məşhur "91-lərin müraciəti" kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsi ilə qarşılaşacağımızı aydın dərk edirdilər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar Liderə - Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi. Həmin müraciət "Səs" qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən çox mühüm - əlamətdar hadisə oldu. YAP öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət gətirdi. Yeni Azərbaycan Partiyası indiyə kimi qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib.

Əlbəttə ki, xalqın düzgün seçimi yeni və qüdrətli Azərbaycanın yaranması ilə nəticələndi. Ona görə ki, YAP üzərinə düşən missiyanı uğurla həyata keçirdi. YAP yaranandan, Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın rəhbərliyində Ulu Öndər Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi Dahi Şəxsiyyət dayanırdı. YAP Azərbaycan dövlətinin müstəqilliyinin qorunub-saxlanılmasında və dövlətçiliyimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan siyasi təşkilata çevrildi.

1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin müstəqilliyini əbədi etmiş oldu. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı.

MİLLİ DÖVLƏTÇİLİYİN KONSEPSİYASI YARADILDI

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində müstəsna rol oynadı və Azərbaycan keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə, ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Mürəkkəb siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu.

Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin Müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə, ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. Bu, Ümummilli Lider Heydər Əliyevin beynəlxalq nüfuzuna olan hörmətdən, Azərbaycanda sabit vəziyyətin və əlverişli investisiya mühitinin yaranacağına olan inamdan yaranmışdı.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını formalaşdırdı. Azərbaycan demokratik-hüquqi və dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Dahi Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali Sənəd müstəqil Azərbaycan Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Milli neft strategiyasının əsası qoyuldu. "Əsrin müqaviləsi" imzalandı. Neft strategiyasının beynəlxalq layihələrin və iqtisadi proqramların həllinə doğru istiqamətləndirilməsi ölkəmizdə bu tükənməz sərvətdən əldə olunan gəlirin qat-qat artırılmasına səbəb oldu.

REGİONUN ƏN GÜCLÜ VƏ NÜFUZLU DÖVLƏTİ

Azərbaycanda bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim olaraq yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Azərbaycan durmadan yüksəlir, inkişaf edir və uğurlar qazanır. Prezident İlham Əliyev imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini və insanların rifahının yüksəlməsini təmin edib. 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib.

Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Azərbaycan ordusunun döyüş taktikası dünya ölkələrində öyrənilir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Azərbaycan 44 günlük Vətən müharibəsində neçə illərə bərabər bir yol getdi, döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə qalib dövlət oldu. Azərbaycan xalqının həmrəyliyi, xalq-iqtidar birliyi uğurları şərtləndirən amil olduğundan ölkəmizi daha da böyük nailiyyətlər gözləyir.

ZÜMRÜD BAYRAMOVA

Chosen
34
sesqazeti.az

1Sources