EN

Məsud Əfəndiyev Fields İnstitutunda dəvətli məruzəçi qismində çıxış edib

Məsud

Bakı, 2 oktyabr, AZƏRTAC

Almaniyanın Münxen şəhərində yerləşən Helmholtz Mərkəzinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, Əməkdar elm xadimi Məsud Əfəndiyev Kanadada professor Sivabal Sivagonathanana həsr olunmuş “Hesablamada sərhədlər və riyazi tibb” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) AZƏRTAC-a bildirilib ki, Fields İnstitutunun dəvətinə əsasən konfransa qatılan dünyaşöhrətli alim burada məruzə ilə çıxış edib. Alim məruzəsində riyaziyyatın biologiyaya tətbiqi və əldə etdiyi son nəticələr barədə danışıb.

Professor Məsud Əfəndiyev səfəri çərçivəsində Fields İnstitutunun Riyaziyyat Tibb Mərkəzində təşkil olunan elmi seminarda da çıxış edib.

Qeyd edək ki, belə dəvətli məruzələr riyaziyyat elmində xüsusi töhfələri olan alimlərə təklif olunur. Bu töhfələrinə görə Məsud Əfəndiyev ötən il Fields İnstitutunun riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə ömürlük mükafatına da layiq görülüb.

Dünyaşöhrətli alim konfransdan sonra Azərbaycanın aparıcı ali təhsil müəssisələri, o cümlədən AzMİU ilə Fields İnstitutu arasında əməkdaşlıq məsələlərini müzakirə edib.

Məsud Əfəndiyev AzMİU ilə bir sıra elmi fəaliyyətlərdə yaxından əməkdaşlıq edir, xarici elmi əlaqələrin qurulmasında və möhkəmlənməsində, elmi nəşrlərlə bağlı məsələlərdə öz köməyini əsirgəmir. Professor Məsud Əfəndiyev bütövlükdə Azərbaycan alimlərinin, xüsusilə riyaziyyat üzrə elm adamlarının dünya elm arenasına inteqrasiyası ilə bağlı aktiv fəaliyyət göstərir. Görkəmli alim bir neçə dəfə AzMİU-nun qonağı olub, professor-müəllim heyəti, tələbələrlə görüşüb, universitetdə keçirilən “Riyaziyyat, mexanika və tətbiqlərinin müasir problemləri”nə həsr olunan beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib.

Chosen
5
2
azertag.az

3Sources