EN

Ermənistan köhnə ampulasında: Bozoyanın “həyəcanının” ƏSL SƏBƏBİ

Erməni politoloq Yervand Bozoyan hazırda Ermənistanın sərhədyanı ərazilərinin deyil, ümumilikdə dövlətin mövcudluğunun sual altında qalmasına dair açıqlama ilə çıxış edib. Onun qənaətincə, bu gün erməni cəmiyyətini inandırmağa çalışırlar ki, sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa sülh gələcək.

Politoloqun iddiasına görə, bu, baş verməyəcək, çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, Ermənistanın mövcudluğuna son qoyulmasıdır. “Amerikalılar hesab edirdilər ki, Ermənistanın türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda planların irəliləməsinə mane olur. Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq regionda ciddi anti-Rusiya və anti-İran faktoruna çevriləcəklər”, – deyə o qeyd edib.

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Telman İsa bildirib ki, erməni politoloq Y.Bozoyanın bu açıqlaması Ermənistan siyasi icmasının növbəti manipulyasiyası, saxta həyəcanıdır.

Onun sözlərinə görə, Azərbaycan həmişə konstruktiv mövqe nümayiş etdirir: “Böyük sülh müqaviləsinin bağlanması üçün rəsmi Bakı öz şərtlərini irəli sürüb. Şərtlər bir necə bənddən ibarətdir və zaman-zaman bununla bağlı açıqlamalar verilib. Ona görə də Ermənistan tərəfindən Bozoyanın timsalında belə bir açıqlamanın verilməsi yeni deyil. Xatırladım ki, buna bənzər kifayət qədər açıqlamalar var. Hansılar ki, bunlar Ermənistanın rəsmi Bakı tərəfindən irəli sürülmüş şərt və tələbləri yerinə yetirməkdən boyun qaçırmasına hesablanmış addımlardır. Azərbaycanın sərhədlər məsələsində mövqeyi aydındır. Əgər belə olmasaydı, sərhədin delimitasiya və demarkasiyası istiqamətində addımlar atmazdıq. Bununla bağlı ilkin addımlar atıldı, lakin sonra proses bir qədər dayandırıldı. Əlbəttə ki, prosesin dayandırılmasına səbəb yenə Ermənistan tərəfi idi. Son zamanlar erməni mediasında, xüsusilə Azərbaycan Ordusunun hücuma keçməsinin ildönümündə İrəvanda və Ermənistanın ayrı-ayrı şəhərlərində yenə separatçı fikirlər səsləndirildi, müharibəyə çağırışlar oldu. Ermənistanın qeyri-konstruktiv münasibəti ondan ibarətdir ki, Qarabağda vaxtilə ermənilərin yaratdığı qondarma qurumun “rəhbəri” Samvel Şahramanyan Ermənistan mediasında “zühur etdi” və o, cəmiyyətə “prezident” kimi açıqlamalar verdi”.

Siyasi şərhçi vurğulayıb ki, anklav kəndlər Azərbaycana qaytarıldıqdan, ən başlıcası isə Ermənistan konstitusiyasında dəyişiklik edildikdən, ölkəmizə qarşı ərazi iddiaları bu sənəddən çıxarıldıqdan sonra sülh sazişi imzalamaq olar: “Azərbaycan tərəfi dəfələrlə bununla bağlı irad bildirib ki, Şahramanyanın, ümumiyyətlə bu proseslərdə, danışıqlarda, hətta Ermənistan mətbuatında adı keçməməlidir. Lakin bütün bu tələblərə rəğmən, Ermənistan yenə manipulyasiya ilə məşğuldur. Rəsmi Bakı açıq şəkildə bildirib ki, anklav kəndlər qaytarıldıqdan, ən başlıcası isə Ermənistan konstitusiyasında dəyişiklik edildikdən, Azərbaycana qarşı ərazi iddiaları bu sənəddən çıxarıldıqdan sonra sülh sazişi imzalamaq olar. Bu dəyişiklər olmayana qədər böyük sülhdən söhbət gedə bilməz. Buna baxmayaraq, Nikol Paşinyan bu şərtləri yerinə yetirməkdən boyun qaçırır. Paşinyan bilir ki, konstitusiyaya dəyişiklik edilsə Ermənistan cəmiyyətinin, xüsusən də müxalifətin, “Qarabağ klanı”nın təzyiqinə məruz qalacaq. Ona görə də hər dəfə bu görüşlərdən və yaxud da ki, konstruktiv danışıqlardan boyun qaçırır. Bütün bunların fonunda Ermənistan və onun siyasi rəhbərliyi özünü “ağ göyərçin” kimi qələmə verməyə çalışır. Elə təəssürat yaratmağa çalışırlar ki, guya Ermənistan cəmiyyəti sülhpərvər, humanistdir, xalq da danışıqlara getməkdə maraqlıdır. Halbuki bu, belə deyil”.

T.İsa söyləyib ki, BMT-nin növbəti sessiyasındakı çıxışında N.Paşinyan, həmçinin Nyu-Yorkda keçirilən üçtərəfli görüşdə xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olması barədə qeyri-səmimi bəyanatlar veriblər: “Onlar Ermənistanı dünyaya sülhpərvər bir ölkə kimi göstərməyə çalışdılar. Lakin cəmi bir neçə saat sonra ermənilərin böyük havadarı, Fransa prezidenti Emmanuel Makron BMT tribunasından dünya dövlətlərinə səsləndi, Ermənistanı tək qoymamağa, onu dəstəkləməyə çağırış etdi. Belə olan təqdirdə hansı delimitasiyadan, sülh sazişindən söhbət gedə bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Nyu-Yorkda bölgə, region və ən başlıcası isə Ermənistanın özü üçün mühüm mesajlar verdi, Nikol Paşinyanla görüşdü, bir sıra məsələlər ətrafında müzakirələr apardı. Bəyan edildi ki, ümumi konstruktiv danışıqlar qaçılmazdır. Belə olarsa, kommunikasiyalar açılar, ölkələr arasında iqtisadi əlaqələr genişlənər, beynəlxalq münasibətlər sistemində bölgə ölkələrinin dominantlığı artar. Bütün bunların fonunda yenə Bozoyan və ona bənzər siyasətçilər Ermənistan iqtidarının mətbəxində hazırlanmış fikirləri ictimailəşdirməklə məşğuldurlar. Guya ki, Ermənistan yox olma təhlükəsi ilə üz-üzədir və sair. Bu, beynəlxalq birliyin diqqətini Ermənistana cəlb etmək, sülh sazişinin imzalanması üçün əsas prinsiplərin, şərtlərin yerinə yetirilməsindən yayınmaq cəhdidir. Necə deyərlər, Ermənistan yenə köhnə ampulasındadır”.

Nailə QASIMOVA

Chosen
11
1
medianews.az

2Sources