EN

“İranın əsas niyyəti qisas almaq idisə, proses iki mərhələdə yekunlaşmalı deyildi” - Pərviz Mirizadə

“Keçən gecə SEPAH İsrailə, ölkənin bir neçə hərbi obyektini hədəf alan raket zərbələri endirdi. Ballistik, qanadlı və hipersəs tipli raketlərin istifadəsi ilə həyata keçirilən əməliyyat iki mərhələdən ibarət oldu və bir neçə saat ərzində yekunlaşdı. İsrail ordusunun havadan müdafiə qüvvələri endirilən zərbələri dəf etməyə çalışsa da, yayılan videogörüntülərə əsasən proses o qədər də qüsursuz icra edilmədi. Bir çox raket müdafiə sistemlərini keçməyi bacardı”.

Bu sözləri Herbiand.az-a açıqlamasında Ana Vətən Partiyası sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə bildirib.

Ekspertin sözlərinə görə, lakin bu, İsrailin müdafiəsində boşluqların geniş olması və İranın çox güclü olduğu mənasına da gəlməməlidir:

“Belə bir situasiyanın yaşanması normaldır. Bir ölkə hər nə qədər mükəmməl və qatmanlı qorunma sisteminə sahib olsa da, heç bir Hava Hücumundan Müdafiə sistemləri yüz faizlik qoruma həddini təmin edə bilməz. Bu, praktik olaraq mümkün deyil. Prosesin siyasi motivlərinə toxunsaq, İran tərəfindən həyata keçirilən əməliyyat hesab edirəm ki, nəticədən daha çox rejimin imicini qorumaq xarakterli idi. Çünki bilinən reallıqdır ki, İranın raket arsenalı genişdir və əgər əsas niyyət qisas almaq idisə, proses iki mərhələdə yekunlaşmalı deyildi. Yəni, hərəkat davamlı xarakter daşısaydı İsrailin Hava Hücumundan Müdafiə sistemlərində boşluqların çoxalması, hətta çökmə ehtimalı yüksək idi. Lakin İran buna getmədi. Göstərməlik icraat həyata keçirib geri çəkildi. Təbii ki, hər iki ölkənin  bir-birinə uzaq olan məsafəni nəzərə alarsaq, belə məsafədən zərbə endirmək özü də ciddi bir nailiyyətdir. Ancaq yekunda cərəyan edən proseslərə əngəl deyil”.

Pərviz Mirizadə qeyd edib ki, İranın cavab zərbəsi növbəti dəfə İsrailə əməliyyatları genişləndirmək üçün arqumentlər yaratdı:

“İsrail ona bilərəkdən yaradılan, türklərin ifadəsi ilə desək “altın tepsidə sunulan” arqumentlərdən maksimum dərəcədə istifadə edəcək, müharibənin miqyasını genişləndirəcək. Lakin Təl-Əvivin hərəkət istiqamətində köklü dəyişikliklərin olması, yəni birbaşa İran torpaqlarına istiqamətlənməsi ehtimalı yüksək deyil. Olacağı təqdirdə bu hava zərbələri ilə bir neçə aviabaza və yaxud, uran istehsalı mərkəzlərinə həyata keçirilə bilər. Ancaq əsas istiqamət yenə də Livan və Suriya xəttini təşkil edəcək. İsrail həmişə olduğu kimi bu ölkələrdən İranı ovlayacaq”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
7
herbiand.az

1Sources