EN

İndiki məqamda heç bir ölkə maraq fikirləşmək durumunda deyil - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın cənubunda Hizbullaha qarşı məqsədli və məhdud quru əməliyyatına başladığını elan edib.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, quru qoşunları, hava qüvvələri və artilleriya birləşmələrinin iştirak etdiyi əməliyyat Livanın cənubundakı əraziləri hədəfə alıb. Əməliyyat İsrailin Hərbi-Siyasi Kabinetindən icazə aldıqdan sonra başlayıb. Həmçinin qeyd olunub ki, İsrail ordusunun Qəzza zolağına hücumu da davam etdiriləcək.

İsrailin Livana hücumu regionda hansı təhlükələrə yol açır?

İsrailin Livana hücum edəcəyinin öncədən bəlli olduğunu bildirən politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, plan öncədən hazır idi və indi onun həyata keçirilməsinə başlanılıb.

Onun sözlərinə görə, İsrailin şimal ərazilərinə “Hizbullah”ın raket hücumlarından sonra dinc əhali öz yaşayış yerlərini tərk etmişdi. İsrail rəhbərliyi də əhalinin bu istiqamətdə təhlükəsizliyini qorumaq və onları geri qaytarmaq üçün quru əməliyyatına başlayacağını bildirmişdi:

"İsrailin Livana hücum etməsi və “Hizbullah” terror təşkilatının hərbi qanadını məhv etməsi regionda təhlükələrə deyil, stabilliyə şərait yaradacaq. Hadisələrin gedişi onu göstərir ki, dünənə kimi “Hizbullah” və HƏMAS-ı müdafiə edən ölkələrin heç biri İran və Türkiyə də daxil olmaqla, ciddi reaksiya göstərmir. Ancaq bəyanatlarla kifayətlənirlər. Ərəb ölkələrindən isə heç bir səs çıxmır”.

Müsahibimiz görə, əslində bu duruma onlar çoxdan razılıqlarını bildiriblər. Artıq Yaxın Şərq regionu bu terrorçu təşkilatların böyük ölçüdə məhv edilməsi ilə məcburi şəkildə stabilliyə daxil olacaq. İsrail onların liderlərini məhv etməklə, "Regionda kim güclüdür və kimin sözü keçməlidir" sualına cavab verib.

Vəziyyətin bu şəkildə gərginləşməsi fonunda hansısa ölkələr öz maraqlarını təmin etmək üçün yeni addımlar ata bilərmi?

Azər Qasımov: Plan öncədən hazır idi və indi onun həyata keçirilməsinə başlanılıb

Azər Qasımov hesab edir ki, heç bir region və qeyri-region ölkəsi indiki məqamda maraq fikirləşmək durumunda deyil. Təbii ki, ABŞ-dən başqa...

"İndi region ölkələri ABŞ və İsraillə qarşıdurmaya getməməyin yollarını axtarırlar ki, müharibəyə cəlb olunmasınlar. İsrail ABŞ-nin dəstəyi və razılığı ilə Suriya və İraqda, Yəməndə də əməliyyatlar keçirir, amma onlardan da səs çıxmır. Görünür, İsrail Yaxın Şərqin dizayn edilməsində öz minimum planlarını həyata keçirəcək", - deyə politoloq qeyd edib.

Müsahibimizin fikrincə, bu hadisələrə müqavimət göstərilməsi üçün yalnız Türkiyədən müəyyən cəhdlər oluna bilər. Amma bunun da əhəmiyyəti olmayacaq. Çünki Türkiyə aldığını alıb:

"Türkiyənin Suriya ərazisində yaratdığı təhlükəsizlik zolağı onun planları daxilindədir və ABŞ də buna razılıq verdiyi üçün göz yumub. Yerdə qalan müəyyən ərazilərə - Membiç, Kobani, hətta Tel-Rıfatda da zamanla istəyinə çatacaq. Digər region ölkələrinin marağında ancaq az itki ilə proseslərdən çıxmaq dayanır".

Gülşən Şərif

Chosen
6
bakivaxti.az

1Sources