EN

ABŞ-ın Ukrayna siyasəti dərin ziddiyyətə düşdü- Karib böhranı təkrarlanır

Image

Dünya supergüclər arasında total qarşıdurmaya doğru gedir. Belə bir açıqlama ilə məşhur “The Washington Post”  nəşri çıxış edib. Qəzet yazır ki, ötən həftə ABŞ prezidenti Co Bayden “Rusiyadan qisas almaq əvəzinə” Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanın daxilindəki hədəfləri vurmaq üçün Amerika raketlərindən istifadə etmək xahişindən yayınıb: 

"Ukraynalı tərəfdarlar Baydenin ehtiyatlılığını lağa qoyur və bunun zəiflik əlaməti olduğunu iddia edirlər. Amma bu tənqid çox sərtdir. Biz Ağ Evdə qızğın baş istəməməliyik. Gərginlik risqindən qaçaraq Bayden kəşfiyyat məsləhətçilərinin tövsiyələrinə əməl edib və nüvə müharibəsi təhlükəsini azaltmaq üçün istənilən prezidentin etməli olduğu öhdəliklərini yerinə yetirib". Eyni zamanda qəzet yazır   ki, Bayden ATACMS raketlərindən istifadə etməklə uzaq mənzilli zərbələrdən imtina etsə belə, Ukraynaya dəstək vermək üçün digər aqressiv addımlar atmalıdır:

"Çünki  yorğun Ukrayna bu dəhşətli müharibənin gərginliyi altında özü əzilməyə başlayır. Zelenskinin siyasi bazası parçalanır və uzun sürən müharibə Ukraynanı parçalayacaq. ABŞ və onun müttəfiqləri kömək etməlidirlər. Kiyev tezliklə ədalətli sülhə nail ola bilər, hətta bu, Zelenskinin çalışdığı tam qələbə olmasa belə”.  “The Washington Post”  həmçinin qeyd edir ki, Rusiya getdikcə uzaq mənzilli raket zərbələrinin “qırmızı xətt” olduğuna işarə edir: “Eyni zamanda, Ukrayna artıq öz dronları və raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirir. Lakin prezident Vladimir Putin nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin hücumlarını "Rusiya Federasiyasına birgə hücum" kimi qiymətləndirmək üçün nüvə doktrinasında dəyişiklik edildiyini elan etdi. Rusiya lideri hesab edir ki, Qərb Ukraynanın itkisinin qarşısını almaq və mümkünsə, Kremli məğlub etmək üçün səylərini ikiqat artırır. Rusiya ABŞ-ın Ukraynaya silah tədarükü üçün Polşadakı tranzit qovşaqlarına zərbələr endirə bilər və ya Ukraynadakı Qərb əməliyyatlarını daha aqressiv şəkildə - müdafiə şirkətlərini və ya Kiyevə kömək edən kəşfiyyat əməliyyatlarını hədəfə ala bilər. Ukraynadakı münaqişə  göstərir ki, biz 1962-ci ilin oktyabrında Kuba raket böhranından sonra supergüclər müharibəsinin astanasına gəlmişik”. Xatırladaq ki, Karib böhranı SSRİ ilə ABŞ arasında baş verən, hər iki ölkənin bir-birini təhdid etməsi və bu istiqamətdə təhlükəli addımlar atması nəticəsində 16-28 oktyabr 1962-ci il tarixləri arasında meydana gələn böhrandır. Bu tarixlərdə SSRİ və ABŞ arasında gərginlik maksimum həddə çatmış və hər iki ölkə bir-birinə hər an nüvə silahı atmağa hazır vəziyyətə gəlmişdi. Belə ki, ABŞ-a məxsus ballistik raketlər İtaliya və Türkiyədə yerləşdirilmiş, buna cavab olaraq isə Sovet raketləri Kubaya aparılmışdı. O zaman dünya nüvə müharibəsinin astanasında idi.

Bunlar fonunda ABŞ-ın hər iki partiyasının təmsil olunduğu Helsinki Komissiyası  yaydığı hesabatda bildirib ki, Birləşmiş Ştatlar Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır. Bu, prezident Vladimir Putin siyasi səhnədən getməyincə bitməyəcək. Qurum bildirir ki, Ukraynanın cəbhədə Rusiyanı məğlub etməsi bu qarşıdurmanı udmaq üçün vacibdir, Vaşinqton Kiyevin qalib gəlməsindən ötrü hər şeyi etməlidir. Xatırladaq ki, Helsinki Komissiyası 1975-ci ildə keçmiş Sovet İttifaqında insan haqlarına nəzarət məqsədilə qurulub. Onun 18 üzvü olan konqresmenlər bərabər şəkildə Nümayəndələr Palatası və Senatı təmsil edir, icraedici qanaddan üç təmsilçi də var. Komissiya barəsində bəhs olunan hesabatında bildirir: “Rusiya qonşuları ilə müharibə apardığı, onları işğal etdiyi müddətdə dinc və sabit Rusiya ilə bağlı heç bir ümid olmayacaq. Ukraynanın rusiyalı işğalçıları məğlub etməsi Rusiyanı düşünməyə və islahatlara getməyə vadar etmək, Rusiyanın təsirini kökündən kəsmək, Rusiyanın təcavüzü ilə daha geniş mübarizədə vacibdir, ancaq yetərli deyil”. Helsinki Komissiyasının sədri respublikaçı Co Uilsondur. Bu hesabat prezidentliyi qazanacaq istənilən partiyaya öyüd-nəsihət sayıla bilər ki, Ukraynaya yardımı davam etdirsin. Uilson Ukraynanı dəstəkləyən respublikaçılar sırasındadır. Rusiya üç ilə yaxındır Ukraynada müharibə aparır. Komissiyanın hesabatının yayıldığı vaxtda isə ABŞ-ın Kiyevə hərbi dəstəyinin gələcəyi müəyyən deyil. Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın başçılıq etdiyi qanad maliyyə öhdəliyinin məbləğini sual altına alır. Rusiya 2022-ci ilin fevralında Ukraynanı işğal etməyə başlayandan Konqres 175 milyard dollarlıq dəstək ayırıb. Bu məbləğin böyük hissəsi ABŞ-ın özündə silah, digər məhsul və xidmətlərin istehsalına xərclənib. Ukrayna Rusiya qüvvələrini öz ərazisindən çıxarmağa ümid edirsə, gələn ilin əvvəlində ABŞ-dən daha bir böyük yardım paketi almalıdır. Putinlə yaxşı münasibəti olduğunu iddia edən Tramp deyib ki, prezident seçilərsə, müharibəni bitirmək üçün dərhal danışıqlar aparacaq. Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizə yaxınına nəzarət edir və istənilən razılaşma Kiyevin ərazi güzəştlərinə getməsini nəzərdə tuta bilər. Demokratların namizədi, vitse-prezident Kamala Harris Ukraynaya yardımı dəstəkləyir, ancaq onun da indiki rəhbəri, prezident Co Baydendən nə qədər irəli gedəcəyi aydın deyil. Ukraynanın tərəfdarları Bayden administrasiyasını Kiyevə hərbi yardımı ləng ayırmaqda, ona qalib gəlmək üçün deyil, ayaqda qalmağa yetəcək qədər yardım göstərməkdə tənqid edir. Ukrayna prezidenti Volodimir Zelenski ötən həftə Ağ Evə səfər edərək Baydenə “qələbə planı”nı təqdim edib və Rusiyanın dərinliklərində hərbi hədəfləri ABŞ raketləri ilə vurmağa icazə istəyib. Ancaq Ağ Ev bu görüşdən sonra siyasətində hər hansı dəyişikliyin baş verdiyini açıqlamayıb.

SAMİRƏ SƏFƏROVA





Chosen
12
2
baki-xeber.com

10Sources