EN

3-cü deportasiyanın qurbanlarının Qərbi Azərbaycana qayıdışı barədə tarixi söz deyildi...

Image

Ermənistan adlandırılan tarixi Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların sonuncu deportasiyası 1988-1990-cı illərdə baş verib və XX əsrdə üçüncü dəfə soydaşlarımız erməni separatçıları, şovinistləri, monoetnik Ermənistan tərəfindən öz evlərindən qovulublar. Amma Qərbi azərbaycanlılar bu illər ərzində geriyə qayıdacaqlarına, yenidən ev-eşiklərinə, yurd-yuvalarına sahib olacaqlarına qətiyyən şübhə etməyiblər.

Bu gün soydaşlarımızın Qərbi Azərbaycana, öz tarixi yurdlarına qayıdışı günün ən aktual məsələlərindən biridir. Prezident İlham Əliyev dəfələrlə çıxışında Qərbi azərbaycanlıları əmin edib ki, onlar mütləq öz yurdlarına qayıda biləcəklər. 

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb. 

XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladan Prezident Əliyev  deyib: “1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Aydın Quliyev: “Qərbi Azərbaycana dönüşümüz "Ən Böyük Qayıdış" olacaq” 

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Prezidenin Qərbi azərbaycanlıların tarixi qayıdışı ilə bağlı fikirlərinə maraqlı şərh verib: “Qərbi Azərbaycandan deportasiya edilmiş 100 minlərlə soydaşlarımızın doğma yurdlarına dönüşü bəzilərinə xəyali görünsə də, mütləq gerçək olacaq. 1918, 1948-53 və 1988-1989-cu illərin 3 deportasiyasından sonra 4-cü deportasiya daha olmayacaq”.

A.Quliyev daha sonra yazır: “Qərbi Azərbaycana dönüşümüz "Ən Böyük Qayıdış" olacaq. Nə vaxt olacağını da deyim.

Ermənistanın üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimiz Hüquqi Zəfərə çevriləndə Qərbi azərbaycanlı soydaşlarımızın tarixi vətənimizə Ən Böyük Qayıdışı real olacaq. 8 noyabr və 20 sentyabr düşmən üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimizin rəmzləridir. Tam və hərtərəfli Sülh sazişinin imzalandığı gün isə Hüquqi Zəfərimizin rəmzi olacaq. Bu andan başlayaraq Ermənistandan müharibə təzminatının alınmasına və soydaşlarımızın Ən Böyük Qayıdışına hüquqi təminat olan Beynəlxalq Məhkəmə qərarlarının yolu açılacaq. Real olaq. İndiki geosiyasi reallıqlar və beynəlxalq düzən hələlik belə məhkəmə qərarlarının alınmasına imkan vermir. Bu gün "Arsax erməniləri”nin geri qaytarılmasını gündəmdən düşməyə qoymayanlar və Ermənistanı sülhə yox, silahlanmaya təşviq edənlər Beynəlxalq Məhkəmələrdə ədalətin təcəlli etməsinə hələlik imkan verməzlər. Lakin bu, indilik belədir. Dəyişəcəyi an mütləq gələcək. Yetər ki, Qərbi azərbaycanlıların Ən Böyük Qayıdışına inamımızı itirməyək”.

Qasım Hacıyev: “Bu onların əbədi qayıdışı olacaq və bir daha deportasiya ilə üzləşməyəcəklər” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin sözündə böyük həqiqət var: “Bu olduqca vacib bir bəyanatdır. Gerçəklikdir ki, erməni şovinistləri XX əsrdə üç dəfə soydaşlarımızı deportasiya etsə də, onlar sonradan heç nədən çəkinməyərək, tərəddüd etməyərək öz yurdlarına qayıdıblar. Ermənilər bizim torpaqlara sahiblənmək üçün xalqımızı deportasiya ediblər, amma onların sevincləri uzun sürməyib, müəyyən zaman keçəndən sonra soydaşlarımız Qərbi Azərbaycana qayıdıblar. Təbii ki, bu dəfə də belə olacaq. “Böyük Qayıdış”a böyük hazırlıq gedir və hamımız inanırıq ki, gün gələcək, dəfələrlə deportasiya olunan, qovulan Qərbi azərbaycanlılar öz yurdlarına dönəcək. Cənab Prezidentin də dediyi kimi, 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəlində isə üçüncü deportasiya baş verib. 1918-ci il mart qırğınları zamanı da, ondan sonra da ermənilər azərbaycanlılara qarşı soyqırmlar törətdilər, Qərbi Azərbaycan əhalisinin xeyli hissəsini qırdılar. Eyni zamanda həmin dövrdə Qərbi Azərbaycan ərazisindən Azərbaycan türklərini deportasiya etdilər. O deportasiyadan xeyli müddət keçdikdən sonra bu, Sovet hökuməti dövründə də davam etdi. Mərkəzi Komitə tərəfindən 1948-1953-cü il qərarı qəbul olundu, azərbaycanlıların Ermənistan adlanan respublikanın ərazisindən çıxarılması barədə bədnam qərarın əsasında onlar növbəti dəfə öz ata-baba yurdlarından, tarixi torpaqlarından deportasiya edildilər. Bununla da Azərbaycanda ağır şəraitdə yaşayan yerli əhalinin üzərinə ağır bir yük qoydular, həm də onların gətirilib onlara yad olan iqlim şəraitinə malik aran yerlərində yerləşdirilməsi də əhalinin müəyyən hissəsinin qırılmasına, məhv olmasına səbəb oldu. Hətta tədqiqatlar göstərir ki, 1948-1953-cü il deportasiyasından sonra onların ev-eşiklərinə, yurdlarına xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdi. Onların da çoxu qaçıb yenidən xaricə getdilər, onlara yad olan yerlərdə yaşaya bilmədilər, o yerlər yenidən boşaldı. Azərbaycanlıların yenidən öz yerlərinə qayıtması prosesi baş verdi. Qərbi azərbaycanlılar Azərbaycan Respublikası ərazisinə köçürülsələr də, onların əsas məqsədi öz yurdlarına qayıtmaq idi. Ona görə də, ilk fürsətdə geriyə döndülər. Azərbaycanlılar orada əsasən kənd təsərrüfatı ilə məşğul olurdular. Onlar deportasiya ediləndən sonra kənd təsərrüfatı tamamilə ifliuc olmuşdu. Çünki ermənilər kənd təsərrüfatı ilə, işlə-güclə məşğul olmurlar, onların əsas işi fırıldaqçılıqdır, onun-bunun hesabına yaşamaqdır. Zəhmətkeş azərbaycanlıların öz yurdlarına qayıdışına icazə veriləndən sonra ordan deportasiya edilənlərin cəmi 30 faizi ora qayıtdı. Çünki 20-30 faizi məhv olmuşdu, yerdə qalanlar isə bir daha qayıtmaq istəmədilər. Ona görə ki, ermənilərin xislətinə bələd idilər. Bilirdilər ki, nə zamansa yenə deportasiya edilə bilərlər. Ermənilərin xisləti heç zaman dəyişmir. Keçən əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycan kəndlərinə hücumları başladı, talanlar, qırğınlar törətdilər, nəticədə Qərbi azərbaycanlılar növbəti dəfə deportasiya edildilər. İndiki Ermənistan ərazisindən sonuncu azərbaycanlılar 1991-ci ildə Nüvədi kəndindən çıxarıldılar.   Onlar uzun müddət dirəniş göstərsələr də sonda erməni şovinistləri nüvədililəri də çıxarmağa nail oldular. Ona qədər də, dediyim kimi, azərbaycanlılar Qərbi Azərbaycanın müxtəlif ərazilərindən qovulmuşdu”. 

Q.Hacıyev qeyd etdi ki, Prezidentin də dediyi kimi, bir əsrdə soydaşlarımıza qarşı üç deportasiya dalğası baş verib və bir əsrdə üç dəfə ağır deportasiya edilməsi xalqımıza böyük zülmlər yaşadıb. Q.Hacıyev bildirdi ki, tarixi ədalətin tezliklə bərpa ediləcəyinə inanır: “Bu böyük haqızlığa yalnız onlar öz doğma torpaqlarına qayıtdıqdan sonra ədalətli şəkildə son qoyula bilər. Hesab edirəm ki, Prezident çox haqlıdır. Qərbi Azərbaycandan deportasiya edilən nəsillər, tayfalar, insanların davamçıları durur, gələnlərin əksəriyyəti yaşayır, onlar öz doğma ata-baba yurdlarına qayıtmağa hazırdırlar. Mənə elə gəlir ki, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı gerçəkləşəcək, Azərbaycan türkləri öz doğma torpaqlarına qayıdıb orda yerləşəcəklər. Bu onların əbədi qayıdışı olacaq və bir daha deportasiya ilə üzləşməyəcəklər”-deyə Q.Hacıyev bildirdi.

Professor Hacıyev bildirdi ki, Azərbaycan dövləti çox gücülüdür və dünyanın hər yerində yaşayan azərbaycanlılara sahib çıxır, onların arxasında dayanır. “Dövlətimizin dəstəyi ilə Qərbi azərbaycanlılar da öz əzəli yurdlarına qovuşacaqlar, o gün uzaqda deyil. Prezident tarixi bəyanat verdi və bu bəyanat da Qərbi azərbaycanlıların qarşısında böyük yollar açdı”-deyə Q.Hacıyev əlavə etdi. 

İradə SARIYEVA





Chosen
10
baki-xeber.com

1Sources