EN

ABŞ və İsrailin Yaxın Şərqi dizayn etməsi, "Ərəb baharı"nın davamı, Ərdoğanın təklifi

Yaxın Şərqdə 2023-cü ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlanan hərbi toqquşmanın coğrafiyası gedikcə genişlənməkdədir. HƏMAS-ın qalası hesab edilən Qəzza bölgəsində nəzarəti ələ keçirən İsrail şimal sərhədlərində özünə təhdid bildiyi Livandakı "Hizbullah"ı sıradan çıxarmaq istiqamətində əməliyyatını davam etdirir.

Gözlənildiyinin əksinə olaraq İsrail çıx qısa zamanda həyata keçirdiyi fərqli taktiki əməliyyatlarla Yaxın Şərqdə "Hizbullah" kimi güclü və mütəşəkkil bir orduya malik təşkilatı demək olar sıradan çıxarmağı bacardı. Hazırda "Hizbullah" vahid komandalıq formasında deyil, pərakəndə formada İsrailə müqavimət göstərməkdədir. Əməliyyat şəraiti indiki templə davam edərsə, yaxın zamanda İsrail ordusu "Hizbullah" üzərində də nəzarətini təmin edəcək.
İsrail "Hizbullah"ı və İranın bölgədəki digər proksi güclərini zərərsiz vəziyyətə gətirmək üçün bir neçə gündür ki, Suriyanı da hədəf seçib. İsrail ordusu Livanda "Hizbullah"la yanaşı, Suriya ərazisindən ehtimal olunan təhdidlərin qarşısını almaq üçün "Hizbullah"ın bu ölkədəki dayaqlarını sıradan çıxarmaq istiqamətində hücumlar təşkil etməkdədir. Çünki Suriya ərazisində "Hizbullah" və İranın SEPAH qüvvələri və digər İran dəstəkli hərbi dəstələr, silah-sursat mövcuddur. İsrail ordusu həmin qüvvələrlə yanaşı, digər ölkələrdən "Hizbullah"a dəstək vermək üçün gələnləri sıradan çıxarmağa çalışır. 

Bir neçə gün öncə "Haaretz" nəşri Suriya, İraq və Yəməndən 40 minə yaxın döyüşçünün Colan təpələri yaxınlığında cəmlənməsi və onların İsrailə təhdid yaratma ehtimalı barədə məlumat dərc edib. Digər tərəfdən İsrail mediası "Hizbullah"a sarsıdıcı zərbə vurulmasına baxmayaraq hərəkatı hələ də İsrail üçün təhdid gücünə malik qüvvə hesab edir. Ona görə də İsrail bölgədə hərbi əməliyyat şəraitinin coğrafiyasını genişləndirməklə vəziyyəti nəzarətə keçirmək istəyir. 
İsrailin hərbi əməliyyat şəraitinin genişləndirməsini şərtləndirən amillərdən biri də beynəlxalq aləm tərəfindən sərt təzyiq və qınaqla üzləşməməsidir. İsrail Livandan fərqli olaraq Qəzzada HƏMAS-a qarşı hücumlarda beynəlxalq aləmin daha sərt müqaviməti ilə üzləşdi. ABŞ belə "Hizbullah" lideri Həsən Nəsrullahın ölümünə görə İsrailə haqq qazandırdı.

Hətta Tehran belə "Hizbullah"a Qəzzada HƏMAS-a verdiyi mənəvi və siyasi dəstəyi verə bilmədi. "Hizbullah"dan imtina görünütüsü yaradan Tehran sanki Yaxın Şərqdəki məğlubiyyəti ilə hesablaşıb. Tehranın sərgilədiyi mövqe isə sadəcə görüntü xatirinə edilən hərəkət kimi görünür. 

Onu da qeyd etmək lazımdır ki, son hadisələrdən sonra "Hizbullah"ın da İrana olan inamları qırılıb. Hətta hərəkat üzvləri Tehranı "Hizbullah"ı İranın oyunlarına qurban verdiklərinə görə xəyanətdə ittiham edirlər. Bir çoxları Seyid Haşim Safiəddinin də "Hizbullah"ın yeni lider seçilməsinə imkan verilməməsini bununla izah edirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, başda ABŞ olmaqla mütləq əksəriyyət Qərb ölkələrinin İsrailə dəstəyi ilə Yaxın Şərqin yeni dizaynı formalaşdırılır. 

Yaxın Şərqdə baş verən bu hadisələri həm də ABŞ-nin 2010-cu ildə başlatdığı "Ərəb baharı"nın davamı hesab etmək olar. Çünki ABŞ-nin Şimali Afrikada uğurla həyata keçirdiyi "Ərəb baharı", Yaxın Şərqdə, xüsusən də Suriyada İranın Yaxın Şərqdəki proksi güclərinin, o cümlədən Rusiya və Çinin müqaviməti nəticəsində "Ərəb baharı" uğur qazanmayaraq  iflasa uğradı.

Yaranmış şəraitdə ABŞ İsrailə dəstək verməklə Yaxın Şərqdə İranı bölgədən sıxışdırıb çıxarmaq üçün proksi güclərini sıradan çıxarmağı qarşısına hədəf qoyub.

İsrail bu yolla təhlükəsizliyinə ciddi təhdid hesab etdiyi İranı zərərsizləşdirir. Qərb isə Yaxın Şərqdə öz mövqeyini möhkəmlədib bölgə ilə bağlı növbəti planlarını həyata keçirməyə çalışır. Bu plan Qərbin oyunlarının tərkib hissəsi olduğundan İsrailə hərtərəfli dəstək verirlər.

Başda ABŞ olmaqla Qərb hesab edir ki, Yaxın Şərqdə İranın proksi gücləri sıradan çıxarılarsa, digər Rusiya, Çin, Türkiyə kimi gücləri daha asan formada zərərsizləşdirmək olar. 

Qərbin və İsrailin Yaxın Şərqdəki yeni dizaynına əsasən bölgənin yeni siyasi xəritəsinin yaradılmasıdır. Bu dizayna əsasən isə bəzi ölkələrin tamamən dünyanın siyasi xəritədən silinməsi, bəzi ölkələrin parçalanması və ya siyasi xəritəsinə dəyişikliklər edilməsi nəzərdə tutulur. Əgər Yaxın Şərq ölkələri, xüsusən də müsəlman ölkələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul edərlərsə, o zaman bu məkrli planın qarşısını ala bilər. Bu barədə sentyabrın 30-da mövqeyini açıqlayan Türkiyə Prezidenti Ərdoğan İslam dünyasını və dünyanın bütün vicdanlı ölkələrini bu müasir barbarlığa qarşı birləşmək barədə çağırış edib. "Təhlükə hər keçən gün daha da böyüyəcək. Bu ittifaq qurulmazsa, İsrailin hücumları təhlükəsi artacaq", - Ərdoğan bəyan edib. 

Müsləman ölkələri Ərdoğanın çağırışına müsbət reaksiya verib tez bir zamanda birliyə nail ola bilməsələr, İslam ölkələrinə qarşı başladılan bu məkrli oyunlar qarşısıalınmaz bir prosesə çevriləcək. Münaqişə coğrafiyası zamanla genişlənəcək və bu böhran bütövlükdə Yaxın Şərqin bütün ölkələrini əhatə edəcək. Onsuz da baş verən proseslə hansısa fomada öz təsirini göstərməkdədir. Amma günün birində isə bütün bölgə ölkələri birbaşa münaqişəyə cəlb olunmuş vəziyyətlə üz-üzə qalmış olacaqlar. Başlanan prosesin   qarşıdakı dönəmdə Yaxın Şərqə yaxın olan digər bölgələrə keçmə ehtimalı da istisna deyil.

Mürtəza Bünyadlı
Ölkə.Az

Chosen
9
olke.az

1Sources