EN

Rusiyanın son 24 saatda təşkil etdiyi hücumlarda 9 dinc sakin həlak olub

Ukrayna rəsmiləri son 24 saat ərzində Rusiya ordusunun ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 9 nəfərin öldüyünü, 23 nəfərin yaralandığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Donetsk Vilayət Administrasiyasının sədri Vadim Filaşkin verdiyi açıqlamada Rusiyanın bölgədə son sutkada həyata keçirdiyi hücumlarda 2 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə yaralandığını bildirib.

Xerson Əyalət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Rusiya ordusu onların bölgəsində bazar yerinə hücum edib və 7 nəfər həyatını itirib. Prokudin son sutka ərzində Rusiyanın hücumları nəticəsində 20 nəfərin yaralandığını da bildirib. Ukrayna Baş Qərargahının açıqlamasında bildirilir ki, Ukrayna ordusuna məxsus 9 tank, 44 zirehli texnika, 33 top, 1 hava hücumundan müdafiə sistemi, 98 pilotsuz uçuş aparatı, 3 qanadlı raket, 74 maşın və xüsusi texnika məhv edilib. Son 24 saatda 1370 rus əsgərinin təsirsiz hala gətirildiyi qeyd edilib.

Açıqlamada son 24 saatda Rusiya və Ukrayna orduları arasında 189 toqquşma olduğu, ən qızğın toqquşmaların Pokrovsk və Kuraxovsk istiqamətində getdiyi, Ukrayna ordusunun 43 rus əsgərini dəf etdiyi vurğulanıb.

Açıqlamada Rusiya ordusunun ötən gün Ukrayna əsgərlərinin mövqelərinə və yaşayış məntəqələrinə 6 raket və 74 hava hücumu təşkil etdiyi, rusların da 32 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynaya hücum etdiyi bildirilib.

Chosen
14
2
sia.az

3Sources