EN

İvanişvili Gürcüstan Konfederasiyası qurur...

Image

Moskva Tiflisə Suxumi və Sxinvali ilə münasibətləri yaxşılaşdırmağa kömək etməyə hazırdır. Rusiya hökuməti Gürcüstan hakimiyyətinin ərazi bütövlüyünü bərpa etmək ideyalarını belə şərh edib. Buna cavab olaraq, hakim “Gürcü arzusu”nun siyahısında yer alan “Xalq hakimiyyəti” liderlərindən biri Quram Maçaraşvili xoşməramlılıq əlaməti olaraq Kremlə öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağı təklif edib.

“Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili isə bildirib ki, partiyası seçkilərdə konstitusiya çoxluğunu qazanarsa, “doğru anda” ərazi bütövlüyünü bərpa etmək üçün ölkənin əsas qanununa yenidən baxacaq. Söhbət Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə konfederasiya yaratmaq niyyətindən gedir. Düzdür, Bidzina İvanişvili bu barədə birbaşa danışmayıb. Ancaq Rusiya mediası yazır ki, İvanişvilinin nəzərdə tutduğu məhz budur. Qeyd edilən fonda “Nezavisimaya qazeta” mətbu orqanı yazır: “İvanişvilinin fikrincə, konfederasiya olarsa, o zaman həmvətənlərinin çoxdankı arzusu gerçəkləşəcək: Gürcüstan birləşəcək və güclü olacaq. Eyni zamanda İvanişvili vurğulayıb ki, özünün dediyi kimi, xarici agentlərdən ibarət olan müxalifət, əksinə, respublikanı daim qarşıdurma şəraitində saxlamaq istəyir. Xatırladaq ki, bir müddət əvvəl siyasətçi həmvətənlərinin 2008-ci il müharibəsinə görə osetinlərdən üzr istəyə biləcəyini bildirmişdi. Onun sözlərinə görə, Qərbin maraqları baxımından müharibəni Mixeil Saakaşvili başlayıb və o, bu cinayətə görə mühakimə olunmalıdır. İvanişvili ümid edir ki, gürcülər Sxinvalidən üzr istədikləri andan onun Tiflislə birləşməsi prosesi başlayacaq. Lakin həm Cənubi Osetiya, həm də Abxaziya bu məsələdə fərqli fikirdədir. Onlar israr etməkdə davam edirlər ki, Gürcüstan onların müstəqilliyini tanımalıdır və “Gürcü arzusu” liderinin bəyanatlarını seçkiqabağı populizm hesab edirlər. Buna baxmayaraq, Rusiya hökuməti bildirib ki, “Gürcü arzusu” keçmişi düzgün qiymətləndirir. Moskva Suxumi və Sxinvali ilə münasibətlərin normallaşdırılması prosesində Tiflisə kömək etməyə hazırdır, əgər onlar bunda maraqlıdırlarsa. Bura hücum etməmək barədə razılaşmaların təmin edilməsi daxildir. Eyni zamanda, Rusiya hakimiyyəti barışığın hansı formada baş tutacağına qərar vermək fikrində olmadığını vurğulayır: bu suala Abxaziya, Cənubi Osetiya və Gürcüstanda cavab verilməlidir. Lakin görünən odur ki, Gürcüstan hakimiyyəti hələlik belə əməkdaşlığa hazır deyil. “Rusiya əməli addımlar atsa və qoşunlarını Gürcüstan ərazisindən çıxararsa, bu bəyanat inandırıcı olacaq”, - hakim “Gürcü arzusu”nun siyahısında seçilən “Xalq hakimiyyəti”nin liderlərindən biri Quram Maçaraşvili cavab verib. “Mən istisna etmirəm ki, “Gürcü arzusu” konfederasiya yaratmağa cəhd edə bilər. Əvvəllər belə söhbətlər olmayıb, çünki bu məsələdə partiyada fikir ayrılıqları var idi, amma Qərbin təzyiqləri fonunda nəhayət ki, qərar yetişdi”, - gürcü politoloq Petre Mamradze bildirib. O xatırladıb ki, Eduard Şevardnadzenin dövründə bu variant intensiv şəkildə nəzərdən keçirilirdi. Xüsusilə, Tiflis istənilən şəraitdə Abxaziyanı öz strukturuna birləşdirməyə hazır idi. “Vahid dövlətdə yaşamaq haqqında razılaşma haqqında protokol imzalandı, lakin sonradan Vladislav Ardzinba imzasını geri götürdü... Sonra Şevardnadze bildirdi ki, o, İsveçrə konfederasiyası kimi, lakin Abxaziya üçün daha böyük hüquqlara malik konfederasiya yaratmağa hazırdır. Abxazların öz ordusu, sərhədçiləri ola bilərdi... Bu ideya hələ ölməyib, baxmayaraq ki, İvanişvilinin konkret nəyi nəzərdə tutduğunu söyləmək çətindir”, - deyə Mamradze bildirib.

Eyni zamanda ekspert etiraf edib ki, indiki mərhələdə belə bir layihə real deyil. Abxaziya və Cənubi Osetiya sakinləri əvvəlcə müstəqilliyin tanınmasını istəyirlər və yalnız bundan sonra birgə gələcəyi müzakirə etməyə başlayırlar. “Gürcülər artıq bununla razılaşmır”, - politoloq qeyd edib. Bu arada müxalifət İvanişvilinin sözlərini milli maraqlara növbəti xəyanət kimi qəbul edib. Belə ki, “Aqmaşenebeli” Strategiyasının liderlərindən biri Serqo Çixladze “Gürcü arzusu”nun yaradıcısının Rusiyanı ağartmağa çalışdığını bildirib. “Münasibətlərin tənzimlənməsi, Gürcüstanın birləşməsi və çiçəklənməsi Avropa İttifaqından asılıdır. Biz Aİ-yə üzv olacağıq və bu problemlər öz həllini tapacaq”, - deyə müxalifətçi əmindir. “Gürcüstan üçün Lelo” müxalifət partiyasının lideri Mamuka Xazaradze hesab edir ki, İvanişvili seçiciləri Rusiyanın Tiflisə nə isə qaytarmaq istəyinə inandırmağa çalışır. Eyni zamanda o, Moskvanı “işğalçı” adlandırıb. “Praktik olaraq “Gürcü arzusu” Gürcüstandakı Rusiya hökumətidir. Onlar Rusiyaya cəlb olunub və xidmət edirlər, biz bunu çoxdan bilirik”, - Xazaradze bəyan edib. Ekspert Aleksandr Krılov hesab edir ki, İvanişvilinin bəyanatına qarşıdan gələn parlament seçkiləri kontekstində baxmaq lazımdır. “Gürcü arzusu” seçicilər arasında öz mövqeyini maksimum dərəcədə gücləndirməyə, o cümlədən respublikanın ərazi bütövlüyü problemini xatırlatmağa çalışır. Onun nümayəndələrinin əməli olaraq nəsə edib-etməyəcəyi hələlik məlum deyil. İvanişvilinin ritorikası onun Rusiya ilə sülh tərəfdarı olan qüvvələri təmsil etməsi ilə izah olunur. Qərbin başçılıq etdiyi müxalifət isə əksinə, hətta Moskvaya qarşı ikinci cəbhə açacaq qədər qarşıdurmanı seçir. Eyni zamanda konfederasiyanın yaradılması tamamilə qeyri-real görünür. İstənilən hökumət dövründə Tiflis öz hakimiyyətini müxtəlif yollarla Abxaziya və Cənubi Osetiyaya uzatmağa çalışacaq. Amma bu cür manevrlərin effektivliyi indi Rusiyanın Gürcüstana ərazi bütövlüyünü bərpa etməyə kömək etdiyi Şevardnadze dövründəkindən də azdır. 2008-ci ildə Saakaşvili hərbi avantüraya girdikdən sonra abxazlar və osetinlər Tiflislə birləşməyə daha da həvəssiz oldular”, - deyə Krılov yekunlaşdırıb”.

Nahid SALAYEV





Chosen
18
baki-xeber.com

1Sources