EN

Sənəti ciddi Adil Əsədli - Etibar Cəbrayıloğlu yazır

Sənəti
Etibar CƏBRAYILOĞLU

İstedadlı rəssam Adil Əsədli geridə qoyduğu 70 il ərzində çox şeyləri isbatlayıb. Sübut edib ki, sənət adamı paytaxtdan kənarda yaşamaqla da məşhur ola bilər. Çoxlarına göstərib ki, fırça ustası şəxsi emalatxanası olmadan da əsl sənət əsərləri yaratmağa qadirdir. Sübut edib ki, xalq istedadlı sənətkara fəxri adına, tituluna görə yox, şəxsiyyətinə, mövqeyinə, əsərlərinə görə dəyər verir, hörmət bəsləyir.

Lənkəranda yaşayıb-yaradan, “Cənub mirvarisi” sayılan bu əsrarəngiz şəhərə qəlbən, ruhən bağalan, burda pedaqoji fəaliyyət göstərən, uzun illər boyunca Uşaq Rəssamlıq Məktəbinə rəhbərlik etmiş Adil Əsədli ötən həftə növbəti fərdi sərgisi ilə Bakıda yaradıcılıq hesabatı verdi. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda yubilyar fırça ustasının 70-dən çox əsəri, rəngkarlıq və qrafika üslubunda yaratdıqları təqdim olundu.



Fərdi sərginin açılışında Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, əməkdar rəssam Həmzə Abdullayev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev 70 yaşlı istedadlı fırça ustasının və fədakar pedaqoqun keçdiyi həyat yolundan, geniş tədqiqata ehtiyacı olan yaradıcılığından danışdılar. Özü də səmimi və ürək genişliyi ilə.

Görkəmli sənətkarlar dedilər ki, Adil Əsədli Bakıdan kənarda yaşasa da tanınıb, rəssamlar arasında ciddi fırça ustası kimi qəbul edilib, hər zaman sevgi ilə yaradıb, işin çətinliyindən heç vaxt çəkinməyib, asan yol seçməyib, paytaxtdan kənarda belə yüksək qrafika mədəniyyəti formalaşdırmağa nail olub, bütün bu keyfiyyətlər isə hər yaradıcı insanda olmur. Həmkarları onu da qeyd etdilər ki, sənətkarın tarixi mövzuda yaradığı qrafika əsərləri qədim və zəngin tariximizin öyrənilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynayır.



Yubilyar Adil Əsədli özü də çıxış elədi, həmişəki kimi qısa və lakonik danışdı, Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov başda olmaqla bu yaradıcılıq təşkilatının rəhbərliyinə və üzvlərinə təşəkkür etdi, fərdi sərgiyə gələnlərə minnətdarlığını bildirdi.

Xatırladaq ki, çox kiçik yaşlarından rəssamlığa başlayan Adil Əsədli Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib, görkəmli pedaqoqlardan dərs alıb. Bu günə kimi həm Bakıda, həm də yaşayıb-yaratdığı Lənkəranda bir neçə fərdi sərgisi açılıb. Əsərləri Türkiyə, ABŞ, İtaliya, Rusiya, İran, Fransa, Yaponiya, Gürcüstan, Polşa və digər ölkələrdə nümayiş etdirilib, bu gün də şəxsi kolleksiyaları bəzəyir.

70 yaşlı istedadlı rəssam, fədakar pedaqoq sənətkarlığına görə titul və fəxri adı da, yaşayıb-yaratdığı, hər zaman tərənnüm etdiyi Lənkəranda emalatxananı da çoxdan haqq edib. Sübut eləmək və rəsmiləşdirmək artıq dövlət qurumlarının işidir...

Chosen
15
reyting.az

1Sources