EN

Paşinyanın yeni “konstitusiya təxribatı”- “Hər 2 konstitusiyada ərazi iddiası var, heç birimiz dəyişməyək”...

Image

Təbriz Musayev: “Ermənistan güclənəndən sonra verdiyi vədə əməl etməyəcək”

“Rəsmi Bakı Ermənistan Respublikasının Konstitusiyasının Azərbaycana qarşı ərazi iddialarını ehtiva etdiyi üçün sülh sazişinə maneə olduğunu təkid edir. Təfərrüatlara varmadan qeyd edim ki, Konstitusiyamızda belə bir şey yoxdur, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və biz bununla bağlı bütün maraqlı beynəlxalq tərəfdaşlarımıza ətraflı yazılı sübut təqdim edə bilərik”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Konstitusiyasını sülh müqaviləsi üçün maneə hesab etmir: “Sülh sazişinin imzalanması həm Ermənistanın, həm də Azərbaycanın problemlərinin fundamental həlli üçün hüquqi təminatlar yaradacaq. Sülh sazişinin razılaşdırılmış mətnini Ermənistan Respublikasının Konstitusiyasına uyğunluq baxımından nəzərdən keçirdikdə, aşağıdakı mənzərəni görürük. Ermənistan Konstitusiyasına görə, Konstitusiyaya zidd olan müqavilələr ratifikasiya edilə bilməz. Digər hallarda olduğu kimi, Azərbaycanla sülh sazişi imzaladıqdan sonra sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğunluğunu yoxlamaq üçün onu Konstitusiya Məhkəməsinə verməliyik. Ekspertlərimiz bunun mümkün olmadığına əmindirlər, əgər Konstitusiya Məhkəməmiz Azərbaycanla sülh sazişinin Ermənistan Respublikasının Konstitusiyasına zidd olduğuna qərar verərsə, biz sülhə nail olmaq üçün Konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik. Əgər bizim Konstitusiya Məhkəməmiz Müqavilənin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verərsə, o zaman Ermənistan parlamentində ratifikasiyaya heç bir maneə olmayacaq və burada son dərəcə mühüm bir vəziyyət yaranır. Ermənistan Respublikası Konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələr Ermənistan Respublikasının daxili qanunvericiliyi qarşısında üstünlük təşkil edir. Ona görə də Azərbaycanla sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra nəzəri cəhətdən, hətta ərazi iddialarını ehtiva edən kimi şərh edilə bilən qanunlar olsa da, bu sənədlər Ermənistanla Azərbaycan arasında sülh sazişinə tabe olacaq və avtomatik olaraq heç bir hüquqi qüvvəyə malik olmayacaqdı. Eyni məntiq təbii ki, Azərbaycana da aiddir”.

Ümumən, Paşinyanın deməyindən belə qənaətə gəlmək olarmı ki, heç kim konstitusiyanı dəyişməsin və sülh sazişi imzalayaq? 

Sözügedən məsələni bakı-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Paşinyanın səsləndirdiyi fikirlərə birmənalı yanaşmadı: “Paşinyan konstitusiyaya dəyişikliklərin mümkünlüyü ilə bağlı müsbət mesajlar versə də, eyni zamanda manipulyasiya üçün yer saxlayır. Əgər Ermənistan Konstitusiya Məhkəməsi sülh müqaviləsinin mətninin konstitusiyaya uyğun olmadığı barədə qərar çıxarsa, o zaman Paşinyan referenduma getmək üçün ciddi siyasi arqumentlər qazana bilər. Məlum olduğu kimi, danışıqlarda Azərbaycan tərəfi Ermənistan Konstitusiyasındakı ərazi iddialarının sülh müqaviləsinə əsas maneə olduğunu bildirib. Azərbaycanın bununla bağlı kifayət qədər tutarlı arqumentləri var. Məsələ ondadır ki, bu ölkənin müstəqillik bəyannaməsində Ermənistan Ali Sovetinin 1989-cu ilin dekabrında Qarabağın Ermənistana birləşdirilməsinə dair istinad var. Ona görə də Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla çərçivə sülh sazişinin imzalanmasını qanunauyğun hesab etməsilə işlər yekunlaşmır. Rəsmi İrəvan bütün hallarda referendum keçirmək zorundadır. Əks təqdirdə, gələcəkdə Ermənistanda hakimiyyətə gələcək başqa siyasi qüvvələr konstitusiyanın mətnindən istifadə edərək Azərbaycana qarşı ərazi iddialarını davam etdirə bilər. Kim zəmanət verir ki, revanşist müxalifət hakimiyyətə gələcəyi təqdirdə buna əl atmayacaq? Məgər biz Ermənistanın öz sözünü tutmadığının azmı şahidi olmuşuq? Ermənistan güclənəndən sonra verdiyi vədə əməl etməyəcək. Paşinyan hökuməti ən azından konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq üçün referendum keçirəcəyinə dair öhdəlik götürməlidir. Yəni öhdəlik götürməlidir ki, 2027-ci ildə keçiriləcək referendumda ərazi iddialarına dair maddələr çıxarılacaq. Problem ondadır ki, Ermənistan bundan imtina edir. Bax elə bu məqam erməni tərəfinin nə qədər qeyri-səmimi olmasını göstərən faktordur. Paşinyan isə bütün maddələr razılaşdırılmadan alayarımçıq cərçivə sazişinin imzalanmasına can atır. Azərbaycan Konstitusiyasında isə Ermənistana yönəlik ərazi iddiası öz əksini tapmayıb”.

Vidadi ORDAHALLI





Chosen
23
50
baki-xeber.com

10Sources