EN

Hökumətin 2025 planında NƏLƏR VAR? - AÇIQLANDI

Azərbaycan hökuməti baş nazir Əli Əsədovun sədrliyi ilə 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini müzakirə edib. İclasda çıxış edən baş nazir Əli Əsədov bildirib ki, “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq, 2025-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları Nazirlər Kabinetinə təqdim edilib.

Baş nazirin sözlərinə görə, qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub: Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə edilməkdədir.

8 ayda Ümumi Daxili Məhsul 4.3 faiz artıb, o cümlədən qeyri-neft sektorunda 7,0 faiz, qeyri-neft sənayesində isə 7.8 faiz artım qeydə alınıb. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 milyard dolları ötüb. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir". kapital bank vakansiya

Ə.Əsədovun sözlərinə görə, 1 sentyabr tarixinə Azərbaycanın birbaşa xarici dövlət borcu 5,3 milyard dollar olmaqla ÜDM-in 7.5 faizini təşkil edib. Eyni zamanda dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib. 2024-cü ilin 8 ayında orta illik inflyasiya 1.3 faiz, illik inflyasiya isə 3.5 faiz olub".

Ə.Əsədov bildirib ki, 2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb: “Növbəti il və ortamüddətli dövr üçün budcə siyasəti bir sıra əsas çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Bunlar "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi; Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;Ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi; Naxçıvan Muxtar Respublikası Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası; Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi; Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunmasıdır".

Hökumət başçısının dediyinə görə, 2025-2028-ci illərdə makro-fiskal çərçivənin parametrləri büdcə qaydasının ortamüddətli lövbərlərinə və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlı səviyyədə saxlanılmasına əsaslanaraq hazırlanıb.

Növbəti ilin büdcə hesablamalarında neftin qiyməti 70 dollar götürülüb. Bu hesablamalara əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 616 milyon manat, xərcləri isə 39 milyard 667 milyon manat proqnoz edilir.Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4 faiz təşkil edəcək: “Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə Ümumi Daxili Məhsulun 3,5 faiz, qeyri-neft sektoru üzrə 4,9 faizlik real artım tempi proqnozlaşdırılır.Ortamüddətli dövrdə isə qeyri-neft sektoru üzrə ÜDM-in artım tempi 5 faiz proqnozlaşdırılır.

Ortamüddətli perspektivdə neft-qaz sektorunda hasilatın azalması ilə artım tempinin zəifləməsi fonunda qeyri-neft iqtisadiyyatının inkişafı əsas hədəflərdən biridir".

Qeydedək ki, Milli Məclisin yeni tərkibdə ilk iclasında çıxış edən Prezident İlham Əliyev 2025-ci ildə minimum əmək haqqı və pensiyaların artırılacağını açıqlayıb, bununla bağlı artıq tapşırıq verdiyini deyib. Baş nazir də bildirib ki, 2025-ci ildə də büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 faizini təşkil edir. 2025-ci ildə əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Müasir-innovativ təhsilin inkişafı və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədləri üçün növbəti ilin dövlət büdcəsində daha böyük vəsait nəzərdə tutulub.

Ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, silahlı qüvvələrin döyüş hazırlığının yüksəldilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması üçün zəruri maliyyə təminatının yaradılması xüsusi önəm daşıyır.

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təxminən 17 faizini təşkil edir".

Büdcə xərcləmələrinin mühüm istiqamətlərindən olan azad olunan ərazilərin bərpasına 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən 17,5 milyard manata yaxın vəsait ayrılıb. 2025-ci ildə bu istiqamətə daha 4 milyard manat ayrılması nəzərdə tutulur.

Ə.Əsədov onu da bildirib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu səbəbdən 2025-ci ildə iqlim dəyişikliyi üzrə ayrılmış büdcə vəsaitləri də daxil olmaqla bütövlükdə yaşıl büdcə xərclərində 16 faizdən çox artım nəzərdə tutulub.

Azərbaycanda keçiriləcək COP29-un təşkilati işlərindən danışan baş nazirin dediyinə görə, hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir: “Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.

Hökumət başçısı nəzərdə tutulan vəzifə və öhdəlikləri qeyd edib: “Qlobal bazarlarda baş verən hadisələr və çağırışlar nəzərə alınmaqla, ərzaq təhlükəsizliyinin təmin edilməsi, özünütəminat səviyyəsinin yaxşılaşdırılması, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılacaq.

Dövlət investisiyalarının effektivliyinin artırılması, özəl investisiyaların təşviqi və dövlət-özəl sektor tərəfdaşlığının inkişafı istiqamətində işlər davam etdiriləcək, bu çərçivədə vergi güzəştlərinin verilməsi dəstəklənəcək.

Ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının real artım tempinin 5 faizi üstələməsinə nail olunması, habelə kənd təsərrüfatı və qeyri-neft sənayesi kimi sahələrin bu artıma töhfəsinin yüksəlməsi üçün lazımi tədbirlər görüləcək.

Yaxın günlərdə qəbul olunacağı gözlənilən “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” 2024/2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

2025-2028-ci illər ərzində “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” bölmələrinin islahatlara cəlb edilməsi nəzərdə tutulur. Bir sözlə, büdcə vəsaitlərinin qənaətli, təyinatı üzrə isifadəsinə nəzarət və səmərəlilik gücləndiriləcək.

Vergi Məcəlləsində investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcək.

Dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın aşağı birrəqəmli səviyyəsinin təmin edilməsi növbəti ildə də hökumətin əsas vəzifələrindən biri olacaq.Bu xüsusda “Qiymət İzləmə Tətbiqi” sisteminin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək".

Qeyd edək ki, bir sıra beynəlxalq maliyyə qurumları bu il əldə olunan nəticələrə əsaslanmaqla Azərbaycanda iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlarını yaxşılaşdırırlar. Bunlardan biri olan Asiya İnkişaf Bankına görə, cari ildə ölkəmizdə 2,7 faizlik iqtisadi artım qeydə alınacaq. Bankın aprel hesabatında bu rəqəm 1,2 faiz idi. Bu isə AİB-in gözləntilərində 2 dəfədən çox artım olduğu deməkdir. Gələn il isə ÜDM-in artım tempi 2,6faiz səviyyəsində proqnozlaşdırılır ki, bu, apreldəki proqnoza nisbətən bir faiz bəndi çoxdur.

Bankın analitikləri qeyd edirlər ki, yaxşılaşmanın əsas amilləri qeyri-neft sektorunun artımı, dövlət xərclərinin artması və investisiya fəallığının güclənməsi olub.

2024-cü ilin birinci yarısında qeyri-neft iqtisadiyyatının artımı 6,9 % təşkil edib, karbohidrogen sektoru isə daha mütəvazi nəticə - 0,6faizlik artım göstərib. Eyni zamanda qaz hasilatının 3,4faiz artması neft hasilatının 4,9faiz azalmasını kompensasiya edib. Nəticədə iqtisadi artım 2023-cü ilin birinci yarısındakı 0,5faizdən 2024-cü ildə 4,3 faizə qədər sürətlənib. Kənd təsərrüfatında isə əksinə, kənd təsərrüfatı məhsullarının istehsalının azalması səbəbindən artım 3,4 faizdən 0,2faizə qədər yavaşlayıb.

AİB həmçinin qeyd edir ki, investisiyaların əhəmiyyətli artımı tikintidə artım tempinin 2023-cü ilin birinci yarısındakı 9,2 faizdən cari ildə 18,4faizə qədər ikiqat artmasına səbəb olub. Xidmət sahəsində artım 1,6faizdən 6,1faizə yüksəlib ki, bu da 15,4faiz artım göstərən nəqliyyat sektorunun inkişafı ilə dəstəklənib.

ADB ekspertləri müsbət dinamikanın ilin sonuna qədər davam edəcəyini gözləyirlər ki, bu da 2024 və 2025-ci illər üçün proqnozların yenidən nəzərdən keçirilməsinə səbəb olub.

Bank həmçinin Azərbaycanda inflyasiya gözləntilərini kəskin azaldıb. AİB ekspertlərinə görə, 2024-cü ildə Azərbaycanda 2,1 faiz (aprel hesabatında 5,5 faiz), 2025-ci ildə isə 3,8 faiz (6,5 faiz)./Yeni Müsavat/

Chosen
9
11
turkustan.az

10Sources