EN

Antitteror tədbirləri zamanı şəhid olan Nürəddin Rəsulovun xatirəsi anılıb

Füzuli, 24 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Qarabağda erməni seperatçılarına qarşı keçirilən lokal xarakterli antitteror tədbirləri zamanı şəhid olan Rəsulov Nürəddin Akif oğlunun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rəsulov Nürəddin Akif oğlu 1991-ci ildə Füzuli şəhərində dünyaya göz açıb.

Hələ 2 yaşındaykən müharibənin ağrı-acılı günlərini yaşayıb və ailəsi ilə birlikdə öz doğma yurdundan məcburi köçkün düşərək Beyləqan rayonunda məskunlaşıblar. Azyaşlı vaxtlarından Vətən həsrəti çəkən Nürəddin gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoyub. 2008-ci ildə həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb. Xidmətini layiqincə yerinə yetirdikdən sonra ordu sıralarında qalaraq Vətən keşiyi çəkib.

Onun ilk döyüş yolu Aprel zəfərindən başlayıb. 44 günlük Zəfər yürüşündə də ilk döyüşə atılanlar sırasında yer alıb. Döyüşlərdə göstərdiyi şücaətə görə “Cəsur Döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fəqlənməyə görə” medalları ilə təltif edilib.

Nürəddin daha sonra komando kursunu uğurla keçərək, xidmətini komando birliyi tərkibində baş kəşfiyyatçı olaraq davam etdirib. 2023-ci ilin sentyabrında erməni seperatçılarına qarşı keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Nürəddin şücaəti ilə seçilib. Xocalı rayonu Dağyurdu istiqamətində gedən döyüşlərdə Nürəddin qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Nürəddinin də xatirəsi digər şəhidlərimiz kimi əziz tutulur. Onun anım günündə məzarı ziyarət olunub ruhuna dualar oxunub.

Qeyd edək ki, Nürəddin Rəsulov ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Nürəddin Rəsulov ailəli olub, üç övladı yadigar qalıb.

Chosen
21
16
azertag.az

10Sources