EN

27 oktyabrda NƏ OLACAQ? - ABŞ-nin Paşinyanla bağlı SENSASİON PLANI

ABŞ Nikolu hara kimi qoruya biləcək?

“Müəyyən dairələr Ermənistanda yeni ”27 oktyabr" çevrilişi hazırlayıb". Xəbər verildiyi kimi, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından məlumat yayılıb.

Hakim fraksiyanın deputatı, Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvü Armen Xaçatryan həbslər olduğunu təsdiqləyib: “Hesab edirəm ki, istintaq 7 həbslə məhdudlaşmayıb. İnanıram ki, prosesdə onlarla insan iştirak edib. Polisə qarşı mübarizədə xüsusi döyüş bacarığı olan şəxslərin də daxil olduğu dəstə hazırlanıb. Ona görə də tezliklə həbs olunanların sayı artacaq”.

Erməni deputatın iddiasına görə, bu əslində yerli müxalifətin elan etdiyi “isti payız” kampaniyasının tərkib hissəsidir. “Görünür, onlar hesab edirdilər ki, yalnız bu cür zorakı üsullarla hakimiyyət dəyişikliyinə nail ola bilərlər.  Buna görə də ”27 oktyabr" ssenarisinin “B” planına keçiblər", - deyə o qeyd edib.

Xatırladaq ki, sentyabrın 18-də Ermənistan İstintaq Komitəsi Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran 7 nəfərə qarşı cinayət işinin açıldığını bəyan edib. İstintaq Komitəsi iddia edir ki, bu qrup şəxs silahdan istifadə qaydalarını öyrənmək məqsədi ilə bir sıra Ermənistan vətəndaşlarını Rostova, o cümlədən “Arbat” bazasında təlimlərə cəlb ediblər.

Elxan

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğluya görə, Rusiyada ermənilərdən təşkil olunan “Arbat” silahlı qruplaşması Paşinyanın başını hələ çox ağrıdacaq. O bildirib ki, keçmiş “Vaqner” muzdulusu olan Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət “Arbat” qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb: “Əlbəttə, ”Arbat" Ukraynada işğalçı müharibədə iştirak üçün təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə keçmiş Qarabağ separatçılarının cəlbi ondan xəbər verir ki, Ayk Qasparyan başqa tapşırığı da yerinə yetirməyə hazırdır. Nikol Paşinyanı Ermənistandakı radikallar yıxa bilmədilər, ümid qalır “Arbat” qruplaşmasına. Ermənistanın radikal müxalifət nümayəndələrinin bu günlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil. Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Ayk Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər. Amerikalılar hələ ki, Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın baş nazirinə qarşı sui-qəsd planının ifşasıyla bağlı əməliyyatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil".

Bunu da yada salaq ki, təxminən 25 il öncə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamenti gülləbaran edilmiş, nəticədə spiker Karen Dəmirçiyan və baş nazir Vazgen Sərkisyan da daxil olmaqla 8 nəfər qətlə yetirilmişdi. Həmin terror hücumunun təhqiqatı tam yekunlaşmasa da, əksər təhlilçilər olayın arxasında Rusiyanın və cinayətkar Köçəryan-Sərkisyan cütlüyünün durduğuna əmindir. Çünki məhz həmin ilin dekabrında ATƏT-in İstanbul sammiti çərçivəsində Bakı və İrəvan arasında çox mühüm sülh sənədinin imzalanması gözlənilirdi. 27 oktyabr terroru qoymadı.

İndi də Azərbaycan və Ermənistan hansısa sülh sənədini imzalamağa çox yaxındır. Bəs ABŞ Nikol Paşinyanı Rusiyadan qoruya biləcəkmi və hara kimi?

fikret.jpeg

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, bütün bu çevriliş şouları Paşinyan hakimiyyətinin fəaliyyətində bir alət kimi istifadə olunan vasitədir: “Əgər Paşinyanı ona müxalif olan Qarabağ klanı, Rusiyanın dəstəyi ilə belə devirə bilmədisə, deməli, bir başqa qruplaşmanın Ermənistanda hakimiyyəti devirə bilməsi barədə söhbətlərin heç bir əsası yoxdur.

Ermənistan hakimiyyəti və onun başında dayanan Nikol Paşinyan dünya ictimaiyyətini və öz əhalisini hakimiyyətinin ilk günlərindən məharətlə aldatmaqla məşğuldur. Bəlkə də dünyada indiyə qədər heç bir ölkənin başında Paşinyan qədər bir yalançı siyasətçi dayanmayıb. Baxın, bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan qarşısında nida işarəsi gördükdən sonra “Qarabağ Azərbaycana məxsusdur” dedi. Yəni heç olmasa bunu siyasi manevrlər etməklə də deməyi bacarmadı, utanmadı ki, axı bir qədər öncə “Qarabağ Ermənistandır və nöqtə” deyib. Yəni bu adamın eyni məsələ haqqında dünən bir söz, bu gün bir başqa söz, sabah isə tamamilə başqa bir söz deməsi adi bir haldır.

Siyasətdə yalan və iyrənc gedişlər həmişə olub, var  və olacaq. Ancaq siyasət meydanında Paşinyan qədər yalançı bir dəllalın analoqunu xatırlamaq olmur. Bir dövlətin başında dayanan adamın bu qədər yalan danışması ona dəlalət edir ki, erməni xalqının mayası yalanla yoğrulduğundan onun bu davranışları Ermənistan cəmiyyətində həzm oluna bilir.

Bir sözlə, Ermənistanda heç bir dövlət çevrilişi cəhdi yoxdur. Rusiya çox çalışdı ki, Paşinyanı “Qarabağ klanı”nın əli ilə devirsin, ancaq bunu bacarmadı.  Görünən budur ki, Rusiya artıq onu bu yolla devirə biləcəyinə inanmır və bu səbəbdən artıq Paşinyan hakimiyyətinə qarşı bir başqa planlar hazırlayır. Hesab edirəm ki, çox yaxında bu planların nədən ibarət olacağını bütün dünya görə biləcək".

Azər

VI çağırış Milli Məclisin deputatı Azər Badamov Paşinyanı ABŞ kəşfiyyatının qoruduğunu qeyd etdi: “2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişini Rusiya arzulamırdı. Çünki hakimiyyət çevrilişi rusiyayönümlü şəxlərin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnirdi. Hamı bilirdi ki, Paşinyan ABŞ-ın dəstəyi ilə Sərkisyan hakimiyyətini devirərək baş nazir postunda otura bilmişdi. Bu baxımdan Paşinyanın hakimiyyətə gəlməsi qərbin cızdığı ssenarinin reallaşması idi. 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra o vaxtkı iqtidar radikal müxalifətə çevrilmiş və müxtəlif ssenarilərə əl ataraq yenidən hakimiyyəti qaytarmağa çalışdılar. Hətta sərhədlərin delimitasiyası və 4 kəndimizin qaytarılması ilə bağlı qərar veriləndə kilsənin və radikal müxalifətin birgə tapşırığı ilə Baqrat ssenarisini ortaya atdılar. Baqrat əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edərək Tavuşdan başlayaraq İrəvana doğru piyada irəliləyərək öz ətrafına tərəfdarlarını yığmağa çalışdı. O cümlədən İrəvan küçələrində tərəfdarları ilə uzunmüddətli aksiyalar keçirərək xalqı hakimiyyətə qarşı itaətsizliyə çağırış etdi. Amma bu kütləvi xalq hərəkatına çevrilmədi və baqratlar və köçəryanlar yorulub sakitləşdilər. İndi yenidən ”isti payız" kampaniyasına başlayacaqlarını anons ediblər. Onlar bilirlər ki, küçələrdə qışqırmaqla Paşinyan hakimiyyətini sonlandırmaq mümkün deyil. Ona görə də silahlı çevriliş planı üzərində də işləyirlər. Ermənistan ermənilərinin Rostovda və Arbat hərbi bazasında hərbi təlimlərə cəlb edilməsi, xüsusi hazırlıq keçməsi “isti payız” planının tərkib hissəsidir. Ermənistanda hərbi təxribatlara əl atılması Azərbaycanla münasibətlərin normallaşmasına doğru getdiyi bir dövrə təsadüf olunur.  Belə ki, 1999-cu ildə də Azərbaycanla mühüm bir sülh sənədinin gözlənildiyi tədbir ərəfəsində Ermənistan  parlamentində 8 nəfər qətlə yetirilmişdi. İndi də COP29 ərəfəsində Azərbaycanla Ermənistan arasında  sülhlə bağlı bir sənədin imzalanacağının gözlənildiyi bir vaxtda Ermənistanda yenidən silahlı təxribat planı gündəmə gətirilib. Amma bu təxribat planlarının təşkilatçıları Ermənistan hakimiyyətinin 1999-cu ildə olan hakimiyyət olmadığını da unutmasınlar. Bu gün Paşinyanı onu hakimiyyətə gətirən ABŞ kəşfiyyatı qoruyur. Məhz 27 oktyabr çevrilişini hazırlayanlara qarşı həbslərin keçirilməsi də ABŞ kəşfiyyatının məlumatları əsasında baş verdiyini hesab edirəm. Paşinyan “odda yanmaz suda batmaz”dır. Bu baxımdan Ermənistanda parlament seçkisinə qədər Paşinyanın devrilməsi, ya da hərbi çevrilişi mümkünsüz hesab edirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
5
musavat.com

6Sources