EN

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu işini panel iclaslarla davam etdirir

Forum çərçivəsində “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda panel müzakirələr aparılır

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işini “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda panel müzakirələrlə davam etdirir.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir üç gün davam edəcək.

Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfə verməkdir.

Tədbir iştirakçıları Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq məqsədilə Şuşa və Xankəndi şəhərlərində olacaq, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.

Qeyd edək ki, forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
10
azertag.az

10Sources