EN

Azərbaycan millisinin XAOTİK VƏZİYYƏTİ: “Ramil Şeydayev özünü xüsusi imtiyaza malik biri kimi görür”

“Belə oyunlarda qalib gəlmək istəyirsənsə, ələ düşən imkanlardan maksimum dərəcə istifadə etməlisən”.

Bu fikirləri Millətlər Liqasında Azərbaycan millisinim məğlubiyyəti və sentyabrın 8-də Slovakiya ilə keçirəcəyi matç barədə danışan idman jurnalisti Ceyhun Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, komandalar arasında ciddi səviyyə fərqi var:

“Təbii ki, burada futbolçuların funksional hazırlığından söhbət gedir. Birə-bir mübarizədə görürdük ki, futbolçularmız ayaqlaşa bilmirdi. Xüsusilə rəqibin hücuma meyilli yarımmüdafiə və hücumçuları yaxşı idilər. Əslində, Santuş millidə heç nəyi dəyişə bilməz. Məsələ ondadır ki, yaxşı futbolu yaxşı futbolçu ilə oynamaq lazımdır. Bizim o səviyyədə oyunçularımız yoxdur. Heyətə baxdıqda, əslində, topla davranışımız pis deyil, amma bu cür komandalarla ayaqlaşa bilmirik. Belə oyunlarda qalib gəlmək istəyirsənsə, ələ düşən imkanlardan maksimum dərəcə istifadə etməlisən. Məsələn, İsveçlə oyunda əlimizə penalti imkanı düşdü. Məsələ penaltini vurub-vurmamaqda deyil, penalti anında çox böyük bir xaos yaşandı. Milli komandada belə şeylər olmamalıdır. Hər bir komandada əvvəlcədən penalti vuracaq oyunçular müəyyənləşir. Bizim komandada isə bu, Emin Mahmudovdur. Toral Bayramov da penaltidən çox yaxşı istifadə edir. Emin topu götürür, lakin Emin topu vermək istəməsə də, Şeydayev topu ondan alır. Daha sonra Emin müsahibəsinə burada faciəli bir şeyin olçadığını dedi. Necə yəni faciə yoxdur? Elə əsl faciə budur. Orada açıq-aşkar göründü ki, Emin ona topu könülsüz verdi.

Milli komandada sanki bəzi futbolçular özlərini xüsusi statusda, özünü imtiyaza malik biri kimi görürlər. Təbii ki, bunu Ramil Şeydayevə aid edirəm. Bundan başqa, illərdir azarkeşlər milli komandadan soyuyublar, onu milli komanda kimi qəbul etmirlər. Lakin oyundan sonrakı sevindirici məqam azarkeşlərin oyunçuları yanına çağırması, alqışlaması, bağrına basması oldu. Bax biz də bu çatmırdı”.

C.Rzayev qeyd edib ki, Slovakiya ilə oyun çox çətin olacaq:

“Birincisi, komanda ötən gün oynayıb və üç gündən sonra yenidən oyun olacaq . Səfər oyunudur və burada yol yorğunluğu amili də var. Cəmi bir-iki dəfə məşq edib matça çıxacaqlar. Burada da xüsusi bir şeyin dəyişəcəyinə inanmıram. Futbolçularımız ötəngünkü oyunda çox yoruldu. Ən böyük itki isə zədə səbəbindən Bəhlul Mustafazadənin oynaya bilməməsidir. Mən Slovakiya ilə oyunda müsbət nəticəyə ümid etmirəm”.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
41
yenicag.az

10Sources