EN

"Yol ictimai məkandır, hər kəs qaydalar çərçivəsində hərəkət etməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Yol ictimai məkandır. Hər kəsin qaydalar çərçivəsində ola biləcəyi, hərəkət etməli olduğu məkandır". Bunu SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, yolda hərəkət iştirakçıları da çoxdur: Sürücülər, piyadalar, sərnişinlər, velosiped sürənlər, kənd yerlərində mal-qara keçirənlər var. Yol da vahid məkandır. Onların hərəsinə ayrıca yol düzəltmək mümkün deyil. Dünyada belə bir təcrübə yoxdur, praktiki olaraq mümkün deyil. Elə bir yol düzəldəsən ki, oradan ancaq piyadalar istifadə etsinlər, avtomobil və nəqliyyat vasitələri ilə o yollar kəsişməsin. Yaxud da, elə yol düzəldəsən ki, həmin yoldan ancaq velosiped sürənlər istifadə etsin, amma avtomobil, piyadalar üçün olan yolla kəsişməsin. Belə yol yoxdur. Vahid məkan olduğuna görə qaydalar çərçivəsində maraqlar toqquşur. Həmin maraqları da uzlaşdırmaq üçün yol hərəkəti qaydaları var. Yol hərəkəti qaydaları da haradasa 100 ilin məhsuludur. Təkmilləşərək bu günlərə gəlir, indi də davam edir. Yol hərəkəti qaydalarının da əsas hədəfi odur ki, hər kəsin öz maraqlarına uyğun yollarda təhlükəsiz hərəkət təmin olunsun. Burada həm də hərəkətin digər elementləri var məsələn, imkan daxilində çox vaxt sərf olunmasın, fasiləsizlik olsun. Məsələn, şəhər küçəsində orada piyada keçidi qurma, bir kilometr uzaqda qoy, heç kim oraya getməyəcək. Ona görə də, şəhər küçəsində lazımi yerlərdə mövcud standartlara, tələblərə uyğun piyada keçidləri olmalıdır. Həmin piyada keçidləri də işarələnməlidir ki, insanlar piyada vəziyyətdə oradan keçsinlər. Həm də bir şeyi vurğulamaq lazımdır ki, hərəkət iştirakçıları piyada, sürücü deyəndə bunların arasında elə də Çin səddi yoxdur. Sadəcə ayağının üstündə hərəkət edən piyada sükan arxasında olanda sürücü olur, sükan arxasından kənarda olanda sərnişin olur. İstənilən adam, o cümlədən həmin sürücünün özü də piyadadır. Hətta gününü avtomobildə keçirən insan belə gündə 8 saat avtomobil sürən, işi sürücülük olan insan da gün ərzində piyada kimi hərəkət edir. Avtomobildən enib bir yerə gedəndə piyadadır".

"Piyada və sürücü ayrıca insan qrupları deyil. Eyni insan müxtəlif qisimlərdə yolda hərəkət edir. Ona görə də burada belə bir məntiqi və fəlsəfi olaraq piyadanın da, sürücünün də, sərnişinin də intizamlıq səviyyəsi ümumi dünyagörüşündən asılıdır. Eyni insanın müxtəlif qisimlərdə davranışının nizamlılıq səviyyəsi onun ümumi dünyagörüşündən və mədəniyyətindən asılı olacaq. Ona görə də, ümumi dünyagörüşü və mədəniyyət nə qədər yüksəkdirsə, maraq kəsişmələri hallarında məsələ daha asan həll olunur, konflikt yaranmır. Hər şey bunun üzərində qurulur. İnsanlar nə qədər mədəni olsalar, piyada qismində də, sürücü qismində də daha nizamlı olacaqlar. İnsanlar nə qədər dünyagörüşlü olsalar, piyada, sürücü, sərnişin qismində də daha mədəni və intizamlı olacaqlar.

Piyada və sürücülərin şikayətləri ona görə də ümumi problemdir. Ayrıca götürülmüş sürücülərin, piyadaların problemi deyil. Bu istiqamətdə işləmək lazımdır ki, dünyagörüşü dəyişsin. Dünyanın bir çox ölkələrində belə söhbətlər daha az olur. Diqqət yetirəndə görürük ki, piyada keçiddən kənar keçmir. Keçiddən keçəndə də diqqətlidir, yaxınlaşan nəqliyyat vasitəsi varsa, onu gözləyir, təhlükəsizliyinə əmin olandan sonra keçir. Sürücü də əksinə piyada keçidinə yaxınlaşanda diqqətli olmağa başlayır. Piyadaya yol vermək lazım olanda da piyada keçidinin düz kənarında saxlamır, 10 metr aralıda saxlayır. Piyadalar da keçiddə ləngimir, rəvan hərəkətlə qısa müddətdə yolun hərəkət hissəsini tərk edirlər.

Burada incə məqam var ki, "kim günahkardır?" sualı həmişə verilir. Günah varsa, hamımız günahkarıq. Piyada kimi adam intizamsızdırsa, bir qayda olaraq sürücü kimi də intizamsızdır, eləcə də, əksinə. Bu işin fəlsəfəsi budur. Ona görə də, bir daha hər kəsə tövsiyə edirəm ki, yol hərəkəti qaydalarını daha ciddi öyrənsinlər, təhlükəsiz davranış qaydalarını yaxşı bilsinlər, başqalarının da marağını nəzərə alsınlar. Əsas fəlsəfə budur ki, yol ictimai məkandır, hər kəs yolda qaydalar çərçivəsində hərəkət edə bilər və etməlidir. Bu prinsipi heç vaxt unutmasınlar. Həm öz, həm də digərlərinin təhlükəsizliyini qoruyaraq hərəkət etsinlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
50
sia.az

10Sources