EN

“Böyük Ermənistan” xəstəliyi hələ bitməyib - Etibar Məmmədov

Azərbaycanda 1988-1991-ci illərdə SSRİ imperiyasına qarşı milli azadlıq mübarizəsinin fəal iştirakçılarından biri, Milli İstiqlal partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün bu dəfəki söhbətimizdə Rusiyanın yaxın və uzaq gələcəkdə Qarabağdan könüllü çıxmış, sayları guya 100 mindən çox olan erməni köç kütləsindən yenə də Azərbaycana qarşı hansısa məqsədlər üçün istifadə edə bilməsi ehtimalından, Qafqazda erməni məsələsinin bitib-bitməməsindən, bəzi yerli və xarici şərhçilərin guya Kremlin dolayısıyla rəsmi Bakını Zəngəzur yolunun açılması üçün Ermənistanla növbəti savaşa təhrik etməsi iddiasından və s. bəhs etdik.
-Etibar bəy, ixtisasca tarixçi olan bir şəxs kimi sizə daha yaxşı məlumdur ki, öz tarixi boyu, o cümlədən 1988-1994-cü illərdə Rusiya imperiyası qaçqın-köçkün insan kütlələrinin enerjisindən öz maraqları naminə məharətlə istifadə edib. Onlardan həm hakimiyyət dəyişikliyi, həm də separatçı hərəkatların yaradılması üçün yararlanıb. 1988-ci ildə Sumqayıtda, 1990-cı ilin yanvarında Bakıdakı “erməni talan”larını “KQB” həm də Ermənistandan zorla qovulmuş insan kütlələrinin etiraz enerjisindən yararlanaraq törədib. Sizcə, Moskva Qarabağdan könüllü çıxmış, sayları guya 100 mindən çox olan erməni köç kütləsindən yaxın və uzaq gələcəkdə yenə də Azərbaycana qarşı hansısa məqsədlər üçün istifadə edə biləcəkmi?
-Ermənilər tərəfdən təhlükə həmişə olub və olacaq da. Ancaq bizim bu saat bir üstünlüyümüz var ki, ermənilər torpaqlarımızı könüllü şəkldə tərk ediblər. Və onların  guya  Azərbaycan ərazisindən zorakılıqla çıxarılması haqda beynəlxalq təşkilatların əlində heç bir dəlil-sübut yoxdur. BMT-nin Yuxarı Qarabağa gəlmiş missiyası da təsdiq etdi ki, orada mülki erməni əhaliyə qarşı heç bir sərt davranış, təpki olmayıb. Ona görə də onların könüllü getməsi faktı təsdiq olunub. Qaldı həmin ermənilərin qayıtmasıyla bağlı digər məsələlərə, əgər qayıtmaq istəsələr, bu haqda şərtləri artıq Azərbaycan tərəfi qoyur. Və şərtlər də əsasən ondan ibarətdir ki,  əvvəla, həmin ermənilər Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməmiş olsunlar, ikincisi, 1991-ci ilədək keçmiş Dağlıq Qarabağ ərazisində həqiqətən qeydiyyatda olaraq yaşamış olmalıdırlar, üçüncüsü də Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Yəni qayıtmaq  istəyənləri tam şəkildə rədd etmək olmaz, deyilən şərtlərə uyğun olan müəyyən hissə qayıda bilər. Sonrakı mərhələdə də onları tam nəzarətdə saxlamaq, məncə, mümkün olacaq. Görünən odur ki, ermənilərin sovet dövründəki kimi kütləvi şəkildə Azərbaycan ərazisində yaşaması ehtimalı yoxdur. Yəni, orada çox sayda erməninin yaşamayacağı halda Moskva onlar vasitəsi ilə hansısa təhlükə təşkil edə bulməz. İndiki halda şərtləri Azərbaycan diqtə edir. Ona görə də hesab edirəm ki, hazırda Qarabağdan köçmüş erməni kütləsinin Azərbaycana qarşı elə bir ciddi təhlükəsi yoxdur...
-Azərbaycan Qarabağda separatizmi faktiki bitirdi və bununla xəstə ermənizm ideologiyasına sarsıdıcı zərbə vurdu. Bəs, görəsən, ümumiyyətlə, Qafqazda erməni məsələsi bitdimi? Ermənilərin “Böyük Ermənistan” xəstəliyi bir daha baş qaldıracaqmı? Rusiya buradan çəkilməyincə bu problemin bitməsinə imkan verərmi?
-Yox. Hesab edirəm ki,  Qafqazda “Böyük Ermənistan” xəstəliyi hələ də bitməyib. Ermənilərin Gürcüstana da ərazi iddiaları var.  Hətta, Rusiya tərəfindən belə bir plan var ki, Qarabağdan köçürülmüş ermənilər Abxaziyanın ərazisində yerləşdirilsinlər və artıq orada da müəyyən çoxluq təşkil etsinlər. Hazırda isə Abxaziyanın bütün infrastrukturu, iqtisadiyyatı Rusiyanın əlində, nəzarətindədir. Erməniləri də orada yerləşdirməyə çalışırlar ki, Gürcüstan ərazisində, Qafqazda yeni bir güclü təsir bazası da yaratsınlar. Bir sözlə, Rusiyanın, eləcə də digər beynəlxalq güclərin ermənilərdən istifadə imkanları və planları hələ qüvvədə qalır...
-Son vaxtlar bəzi şərhçilər iddia edir ki,  2020-ci ilin 44 günlük savaşının sonunda Qarabağa Rusiyanın yox, Avropanın sülhməramlıları gəlsəydi, biz Yuxarı Qarabağı yurisdiksiyamıza qaytarmağa nail olmaz və həmin sülhməramlıları 100 il bundan sonra da ərazimizdən çıxarmağa nail olmazdıq. Siz nə düşünürsüz bu haqda?
-Bəli, düşünürəm ki, bu, doğru baxışdır. Mən də hesab edirəm ki, əgər Qarabağda Rusiyanın deyil, beynəlxalq təşkilatların və ya digər dövlətlərin sülhməramlı qüvvələri yerləşdirilsəydi, onları Azərbaycan ərazisindən çıxarmaq praktiki cəhətdən qeyri-mümkün olacaqdı...
-Hansı səbəbdən? Axı beynəlxalq təşkilatlar, ABŞ, Avropa və digər regionların aparıcı dövlətləri də daim bizim ərazi bütövlüyümüzü tanıyıb və dəstəkləyiblər...
-Bəli, onlar ərazi bütövlüyümüzü tanıyıblar və tanıyacaqdılar. Ancaq necə ki, əvvəlki 30 ilə yaxın dövrdə Azərbaycanı faktiki olaraq keçmiş Dağlıq Qarabağdakı separatçı erməni rejiminin müstəqilliyini tanımağa təhrik edirdilər, orada silahlı qüvvələrini yerləşdirdikdən sonra bu tələblərini tam şəkildə rəsmiləşdirəcəkdilər...
-Bəs hazırda münaqişənin bir tərəfinin faktiki olaraq aradan çıxmasından sonra da Qarabağda qalan Rusiya“sülhməramlı”larının məlum bəyanatda nəzərdə tutulmuş tarixə, yəni 2025-ci ilədək Azərbaycanın suveren ərazisindən çıxmasına nail ola biləcəyikmi?
-Rusiya “sülhməramlı”ları, demək olar ki, Qarabağı tərk ediblər. Qalıb bunun rəsmiləşdirilməsi...
-Amma sizin də yaxşı yadınızda olar, 2020-ci ilin sonu və 2021-ci ilin əvvəllərində Rusiyanın bəzi politoloq, siyasətçi və hətta Duma üzvləri, o cümlədən Vladimir Jirinovski belə fikirlər səsləndirirdilər ki, Rusiya qoşunları Azərbaycanın Qarabağ torpaqlarına daimi qalmaq üçün daxil olub...
-Təbii ki, Moskvadakı bir sıra siyasətçi və deputatların imperiya xəyalları həmişə olduğu kimi, indi də qalır və davam edəcək...
- Etibar bəy, Zəngəzur yolu və ya dəhlizi məsələsi son vaxtlar daha da aktuallaşır. Bəzi yerli və xarici şərhçilərin iddiasına görə  Moskva dolayısıyla Azərbaycanı Zəngəzur yolunun açılması üçün Ermənistanla növbəti savaşa təhrik edir. Sizcə, hazırkı geo-siyasi durumda belə bir müharibə bizə lazımdırmı?
-Xeyr. Azərbaycan belə  bir  müharibə etməyəcək və Zəngəzur yolunu da hərb yolu ilə açmayacaq. Çünki, buna alternativ olan İran ərazisindən Naxçıvana keçəcək yolun çəkilməsi haqda  artıq saziş imzalanıb. Və bu, bir alternativ variant kimi Azərbaycana sərf edir. Belə bir halda pis duruma düşən yenə də Ermənistan olacaq. Çünki İrandan keçən həmin yol açılsa, bu ölkə tamamilə qapalı vəziyyətdə qalacaq və çıxış yolu da, demək olar ki, olmayacaq... Ermənistanın təkcə Gürcüstan ərazisindən Rusiyaya bir çıxış yolu var, o da  yalnız ilin müəyyən vaxtlarında işləyir, payız-qış aylarında oradan keçid çox çətin olur. Bu səbəbdən də bu ölkənin iqtisadiyyatına tələb olunan loqistika həcmini təmin edə bilmir...
Amma Rusiyaya Zəngəzur dəhlizi lazımdır. Odur ki, Kreml də 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Ermənistandan həmin yolun açılmasını tələb edir. Çünki həmin sənəddə açıq-aydın yazılıb ki, Ermənistan dövləti Zəngəzur yolunun açılmasını təmin etməli və o yola nəzarəti də Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir... Ermənistan da ondan imtina edirsə, deməli, Zəngəzur yolu məsələsi Ermənistanla Rusiya arasında olan məsələdir. Bununla bağlı İrəvana Moskva təzyiq edir. Sonda Ermənistanın da bu yolun açılmasını qəbul etməkdən savayı yolu qalmayacaq.  Yəni Azərbaycanı nəyəsə təhrik edib yenidən müharibə vəziyyətinə salmaq gərəksiz bir şeydir. Və təbii ki, rəsmi Bakı da bu avantüraya getməyəcək...
-Həm də Zəngəzur tarixi Azərbaycan torpaqları hesab olunsa da, Ermənistan ərazisinə müdaxilə dünya ictimaiyyətinin gözündə bizi indiyədək işğala məruz qalan ölkədən “işğalçı ölkə”yə çevirməzmi?
-Bir daha deyirəm, Azərbaycan üçün Zəngəzur yoluna görə belə bir savaşa ehtiyac yoxdur.  Bu, yol məsələsidir. Özü də kommunikasiyaların açılması İranla sərhəd boyu keçən Zəngəzur yolunun açılması demək deyil. Ermənistanın başqa hissələrindən keçən quru və dəmir yolları olub. O yolların hamısı hazırda qapalı vəziyyətdədir. Yəni, açılacaqsa, həmin yolların hamısı açılacaq və bunun da Ermənistana böyük faydası olacaq...
-Digər bir məsələ isə ondan ibarətdir ki,  biz Zəngəzur dəhlizinə bəzən “Turan yolu” da deyirik. Çünki Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyadan Uzaq Şərqədək tarixi Turan ərazisini birləşdirir. Bəs elə isə bu “Turan yolu”nun Rusiya imperiyasının kəşfiyyat qurumu olan “FSB”-nin nəzarətində olması Türk dünyası, xüsusən də Azərbaycan və Türkiyə üçün nə dərəcədə məqsədəuyğundur?
-Bilirsiz, adı nə olur-olsun, əsas yolun olmasıdır. Ondan sonra yola kimin nəzarət etməsi də həmişə müvəqqəti məsələ olur. Yol isə Azərbaycanın əsas hissəsini Naxçıvan və Türkiyə ilə birləşdirən daimi bir yol olmalıdır...

Chosen
542
35
hafta.az

10Sources