EN

Rauf Hüseynli “Kəpəz”ə cəlb olundu

Son olaraq “Qəbələ”nin formasını geyinmiş müdafiəçi Rauf Hüseynli bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Rauf komandanın yeni baş məşqçisi Azər Bağırovun “Kəpəz”ə cəlb etdiyi ilk futbolçu olub.

Xatırladaq ki, bir neçə gün öncə istefa vermiş Adil Şükürovun əvəzində Azər Bağırov “Kəpəz”in baş məşqçisi təyin olunub.

Rauf Hüseynli “Qarabağ”ın yetirməsidir. O, “Zirə” və “Şamaxı”da da forma geyinib. Sağ cinah müdafiəçisi “Qəbələ”yə 2023-cü ilin yayında cəlb olunmuşdu. O, əyalət klubunun heyətində 35 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rauf Azərbaycanın U-19 və U-21 yığmalarında da oynayıb.

Xatırladaq ki, “Kəpəz” bu yay Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Məmməd Hüseynov (“Zirə”), İlkin Qırtımov (“Qəbələ”) və Orxan Əliyev (“Araz-Naxçıvan”) kimi yerli oyunçuları da heyətinə qatmışdı. Gəncə klubu legionerlərdən də Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Lassana Ndiaye (“Botev”, Bolqarıstan), Redon Mihana (“Erzeni”, Albaniya), Viktor Braqa (“Aqiya di Maraba”, Braziliya) və Keverton Resende Markolino (“Hersilio Lus”, Braziliya) ilə güclənib.

Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov, Tural Rzayev və Mahir Həsənov Gəncə klubu ilə yeni müqavilə bağlayıblar.

Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə komandanı tərk ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
12
arena.az

10Sources