Rəsmi Kiyev dərhal hərəkətə keçməlidir
Hər şey Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərindən başladı. Hərçənd, buna qədər də müəyyən “atəş səsləri” eşidilirdi. Söhbət Ukrayna mediası və sosial şəbəkə seqmentindəki anti-Azərbaycan ritorikasından gedir. İstər-istəməz, düşünürsən: Azərbaycan Ukraynaya münasibətdə hansı yanlış addım atıb ki, tənələrlə üzləşir? Əlbəttə, buna tənə də demək olmaz. Çünki bütün əndazələr aşılır.
Sanki Ukraynada Azərbaycana qarşı düşmən münasibəti hər an işə salmağa hazır bir qütb var imiş və öz anını gözləyirmiş. Görünür, o an Putinin Bakıya səfəri ilə yetişdi. Əlbəttə, təəssüf doğuran mənzərədir. Ancaq ən təəssüflü məqam Ukrayna dövlətinin eybəcərliyə səssiz, seyrçi qismində yanaşmasıdır. Azərbaycanla, Azərbaycan cəmiyyəti ilə bütün körpülərin yandırılmasını izləmək bu qədərmi rahatdır? Məsələn, biz bu sətirləri narahatlıq və məyusluqla qələmə alırıq. Amma bəzi məqamları mütləq şəkildə bildirməliyik. Yazımızın sonunda da bu məqama qayıdacağıq. Çünki nəticə çıxarılmasını arzulayır və tələb edirik.
Bəli, Rusiya Ukraynaya münasibətdə, yumşaq desək, düz etməyib. Biz də bilirik ki, Moskva hansı əsası gətirməsindən asılı olmayaraq, Ukraynanın beynəlxalq hüquqla tanınmış ərazilərində separatçı rejimlərin dəstəklənməsi yolverilməzdir. Buna görə də Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəklədiyini bəyan edir.
Rəsmi Kiyev də eyni addımı atıb. Yəni Ukrayna dövləti vaxtilə bildirirdi ki, Azərbaycan torpaqları işğal olunub. İstər Azərbaycanın Ukraynaya, istərsə də Ukraynanın Azərbaycana münasibətdəki bu cür qəti mövqelər səsləndirməsi beynəlxalq dəstək baxımından vacib idi. Ancaq məsələ elə bununla da məhdudlaşırdı. Yəni, Ukrayna o zaman erməni işğalının başa çatması naminə diplomatik addımlardan başqa heç nə etmirdi. Məsələn, Türkiyə və Pakistan kimi davranmırdı. İşğalçı Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan ölkədə hərarətlə qarşılanırdı.
***
Əslində, mövcud xüsusda Ukraynadan fövqəladə gözləntimiz yox idi. Nəhayət, hər kəs öz işi ilə məşğul olmalı, problemini özü həll etməlidir. Ukrayna ilə bağlı hazırkı problemin isə beynəlxalq hüquq prizmasından olan bir tərəfinə diqqət yetirdik. Nəzərə alaq ki, onun digər aspekti də var. Dağıdılmış şəhərlər, məhv edilmiş kənd və qəsəbələr, viran olunmuş yaşayış məntəqələri, üstəlik saysız-hesabsız ölümlər...
Nəzərə alaq ki, bir dövlətin o biri dövlətə qarşı müharibəsini, düşmənçiliyini şərtləndirən müəyyən, hansısa məqamda, təbii səbəblər olmalıdır. Hansı səmtdən yanaşsaq, Ukrayna və Rusiya xalqları qardaşdırlar. Necə oldu ki, qardaşlıq bir andaca düşmənçiliyə çevrildi? Hesab edirik ki, suala Ukrayna ictimaiyyəti, elə Azərbaycanı qınamaq yolu tutan ölkə mediası da cavab verməlidir. Amma səmimi şəkildə.
Biz, məsələn, deyə bilərik ki, Qərb Ukraynanın köməyi ilə özünün anti-Rusiya ritorikasını gerçəkləşdirməyə çalışıb və ölkəni bataqlığa sürükləyib. Hər halda, heç nə elə-belədən olmur. Səbəb-nəticə əlaqələrinin mövcudluğu mütləqdir. Məgər, Rusiyaya Ukrayna ilə müharibə lazım idi? Yoxsa, rəsmi Moskva bunun ziyanını düşünməyəcək qədər qısır mahiyyətə köklənmişdi? Əlbəttə ki, yox. Elə isə qısaca Qərb-Rusiya ədavətinə diqqət yetirək.
***
“Soyuq müharibə”nin başa çatması, SSRİ-nin dağılması ilə dünyada yeni düzən yarandı. Bu düzəni quranlar nəhəng imperiya üzərində qələbələrini toy-bayram etdikdən sonra ayıldılar ki, SSRİ getsə də, yerində Rusiya qalıb. Halbuki onlar birqütblü dünya formalaşdırmaq niyyətinə köklənmişdilər. Ancaq gördülər ki, Moskvanın varlığı ikiqütblülük yaradır. Elə həmin andan Rusiyanın üzərinə yeriməyə başladılar. Əvvəl Balkanlarda, sonra Afrikada nüfuz davasından qalib ayrıldılar. Yaxın Şərqə girişdilər və uğur qazandılar. Postsosialist ölkələrini Qərbin egidasına daxil edib, onlarda aktiv anti-Rusiya dalğası formalaşdırdılar. Tədricən postsovet məkanına keçdilər. Yenə üstünlük qazandılar. Əlbəttə, bu uğurlarda günahkar həm də Rusiya idi. Çünki ölkədəki millətçilik və şovinizm mütərəqqi fikirlərə qarşı cəbhə açırdı. Üstəlik, keçmiş SSRİ sindromu psixoloji baxımdan dünyada diskomfort yaradırdı ki, Qərb bu durumu öz xeyrinə çevirməyi bacardı.
Belə bir şəraitdə Rusiya nə edirdi? Yeltsin Rusiyası obrazlı ifadə etsək, sərxoşluqdan ayıla bilmirdi. Prezident Vladimir Putinin Rusiyası isə ayıq idi və 1998-ci ildən başlayaraq aramsız şəkildə bəyan etdi ki, Qərb Rusiyanın sərhədlərinə doğru gəlməsin. Putin məsələni çox sadə şəkildə qoydu: biz siz tərəfə gedirik ki, siz də biz tərəfə gəlirsiniz?
Bəli, hazırkı Rusiya-Ukrayna müharibəsi, böyük ölçüdə, Qərbin Rusiyaya doğru yaxınlaşması, onu zəiflədərək tam gücdən salması, nəhayət parçalamaq planlarının tərkib hissəsidir. O zaman sual olunur: Ukrayna hakimiyyəti bu planda yer almaya bilməzdimi? Olmazdımı ki, indiki fəlakətlər barədə əvvəlcədən düşünüləydi? Bunu təkcə Ukrayna deyil, elə Rusiya ictimaiyyəti də düşünməlidir. Özü də müştərək şəkildə. Ancaq düşünmürlər və müharibə uzandıqca, körpülər yandırılır, sağalmaz yaralar açılır. Çox məyusedici durumdur.
***
Azərbaycanda bütün bunları yaxşı görürlər. Ölkəmizdə onu da görürlər ki, Qərb Rusiyaya qarşı mübarizəni, sanki, orta əsrlərin səlib yürüşünə çevirib. Mübarizədə iştiraka görə ayrı-ayrı dövlətlərə münasibət formalaşır, hansısa dəngələr müəyyənləşir, hesablamalar aparılır və s. Bir sözlə, oyunbazlıq həyata keçirilir. Azərbaycan nə etməlidir? Oyunlarda alətəmi çevrilməlidir? Əlbəttə ki, yox!
Azərbaycan bu gün də erməni avantürizmini dəstəkləyən, onun çiçəklənməsi üçün əlindən gələni edən Qərbin Ukrayna böhranı fonundakı saxtakarlıqlarına dəstək verməli, oyunlara qatıla bilməz. Məgər, Ukraynada bilmirlərmi ki, Azərbaycan özünün müstəqil siyasi xəttinə sadiq olub və yenə sadiqdir? Məsələn, bunu hazırkı Putin Rusiyasında yaxşı anlayırlar.
Azərbaycan Avropaya qaz nəqlini artırıb. Ölkəmizlə Avropa İttifaqının ayrı-ayrı qurumları arasında mövcud istiqamətdə razılaşmalar var. Yəni, Avropa qışda Azərbaycan qazı hesabına donmayacaq ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsinə dəstək versin. O zaman ikinci də bizi günahlandıra bilər. Amma günahlandırmır. Əvəzində ölkəmizin SOCAR-ı ilə Rusiyanın “Qazprom”u arasında planlı strateji tərəfdaşlıq razılaşması əldə olunur.
Yəni, Azərbaycan özünün maraqları çərçivəsində, üçüncü tərəfə ziyan vurmadan, hər bir dövlətlə normal münasibətlərini saxlayır. Tutaq ki, bunu Ukrayna mediası və sosial şəbəkə seqmenti anlamır. Bəs ölkənin hakimiyyəti necə? Axı ölkədə kütlə psixologiyasının vüsətinə və ayrı-ayrı ermənipərəst təxribatçıların cılızlıqlarına meydan verilməməlidir...
***
Görəsən, Ukraynada Ermənistanın özünü Qərbin anti-Rusiya cəbhəsinin səngərində hiss etdiyini və Azərbaycan-Rusiya işbirliyi amilini qabardaraq, işğalçılıq niyyətlərini, avantürizmi gerçəkləşdirməyə çalışdığını bilmirlər? Bilmirlər ki, rəsmi İrəvan dünyanın Ukrayna həssaslığını Bakıya münasibətdə antipatiya yaratmaq, Azərbaycana qarşı təzyiqlərin və sanksiyaların tətbiqinə nail olmaq üçün istifadə edir? Belə bir mənfur siyasətin təsirinə uğrayıb Azərbaycana qarşı çıxmaq nə dərəcədə düzgündür? Nəzərə almaq olmurmu ki, həmin SOCAR müharibə zamanı Ukraynada humanitar fəaliyyət gerçəkləşdirib? Digər tərəfdən, Azərbaycandan ölkəyə müxtəlif təyinatlı yardımlar da göstərilib. Bunu minnət kimi demirik. Ölkəmiz bəşəri dəyərlərə sədaqət xəttinə söykənib. Amma bizim heç kəsə borcumuz yoxdur. O cümlədən, Ukraynaya da. Elədiklərimizi də borc kontekstində görmürük. Soruşmuruq ki, nəyə görə torpaqlarımız 30 il işğalda qalanda Ukrayna bizə əməli dəstək vermədi?
***
Bəli, demokratiyadan da danışaq. Dünyada demokratiya adı altında çıxarılan oyunlardan da həmçinin. Bu gün Ermənistan Ukraynanın yanında kimi görünür. Niyə? Ona görə ki, özünü demokratik sayır. O səbəbdən ki, Qərbin anti-Rusiya təmayülü baxımından aktual olan Rusiyanı avtoritar kimi təqdim etmək ritorikasından, ənənəvi klişelərdən xəbərdardır. Bilir ki, Rusiya-Ukrayna müharibəsi həm də demokratiyanın avtoritarizm üzərindəki mübarizəsi qismində təqdim olunur. Nəticədə rəsmi İrəvan bütün beynəlxalq platformalarda Azərbaycanın, guya, avtoritarizmin cəbhəsində yer aldığını vurğulayır. Necə ola bilər ki, Ukraynada bunu düşünən yoxdur? Şübhəsiz ki, var. Sadəcə, görünür, indi meydan başıpozuqlarındır.
***
Sonda onu da deyək ki, Azərbaycan hakimiyyəti də, elə bütövlükdə cəmiyyəti də Ukrayna ilə dostluğa sadiqdir. Yaxşı olar ki, ölkənin mütərəqqi dairələri bunu əsas götürsünlər. Əsas götürsünlər və Azərbaycana qarşı bu iyrənc kampaniyanı sakit izləməsinlər. Ən əsası, rəsmi Kiyev dərhal və təxirəsalınmaz tədbirlər görərək, hazırkı rəzilliyi dayandırsın. Əminik ki, buna imkanı və gücü yetər.
Ə.RÜSTƏMOV
XQ