AZ

Bu seçkidə vətəndaş cəmiyyətindən namizədlər çoxdur – aktivliyin səbəbi…

QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb, hüquq müdafiəçiləri bunu müsbət hal sayır
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin üzvləri də iştirak edir. Bu, vətəndaş cəmiyyətinin ölkənin siyasi həyatında da aktivliyini göstərir. QHT nümayəndəsi kimi 17 dairə üzrə 20 namizəd qeydə alınıb.
Bu namizədlərin 16-sı QHT nümayəndəsi olaraq öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələrdir. QHT namizədlərinin gender tərkibi bərabərdir: 10 qadın, 10 kişi. Araşdırmalar göstərir ki, eyni dairələr üzrə (35 və 81) hər birində 2 QHT nümayəndəsi arasında mübarizə gedir.

Günel Səfərova
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərovanın sözlərinə görə, sentyabrın 1-i Azərbaycan tarixi üçün önəmli və yeni hədəflərə yönəlik Milli Məclis seçkiləri keçiriləcək. Onun fikrincə, bu seçki parlamentarizm ənənəmizin cümhuriyyət tariximizə dayanan qalib dövlətimizin həyatında olduqca əhəmiyyətli hadisədir: “Seçkilərdə xüsusilə qadın namizədlərin sayının çox olması, onların fəal seçki kampaniyalar aparması, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin saylarının çoxluğu sevindirici haldır: “2020-ci il Böyük Qələbə həyatımızın hər sektorunda köklü pozitiv dəyişikliklər etdi. Bu dəyişikliklərin də fonunda parlamentimiz dəyişməli, yenilənməli və daha faydalı fazaya keçməli idi. İndi bu proses üçün şərait yaranıb”.

Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Aparat rəhbəri Samir Əsədli də vətəndaş cəmiyyətinin seçkidə iştirakını vacib hadisə sayır. Onun fikrincə, QHT nümayəndələri arasında deputatlığa namizədlər var: “Vətəndaş cəmiyyəti nəzarət mexanizmidir. Onlar bütün sahələrdə şəffaflığa kontrol edirlər. Seçki isə hər birindən öndə gedir. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu prosesində əlahiddə rola malikdir. Ona görə də sivil toplum nümayəndələrinin də seçki prosesinə qoşulması fəallığı artıran amillərdən biridir. Ümumiyyətlə, QHT-lərin rolu və təsiri nə qədər artarsa, o qədər demokratiyanın, hüquqi dövlət quruculuğu prosesinin, vətəndaş cəmiyyətinin inkişafına təkan vermiş olar. Çünki demokratiya-seçki-vətəndaş cəmiyyəti bir-birinə zəncirvari bağlılığı olan məsələlərdir”.
S.Əsədli hesab edir ki, QHT-lər vətəndaşların seçkilərdə aktiv iştirakı, səsverməyə gəlməsi üçün fəal olmalı, çağırışlar etməlidir: “Bizim insanlarda seçki institutuna, səsverməyə münasibətin dəyişməsində ciddi iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyəti bu yükü üzərinə götürməlidir. QHT üzvləri keçirdikləri görüşlərdə, tədbirlərdə vətəndaşları maarifləndirməli, səsvermə hüquqları haqda məlumatlandırmalı, səsvermədə iştirakın vacibliyini izah etməlidirlər”.

Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu seçkidə iştirakı bütün hallarda əhəmiyyətli adlandırır. Onun nəzərincə, seçkiyə getməyənlər də olur, amma onların arqumentləri ilə nəticə əldə etmək mümkün deyil: “Bəzi hallarda vətəndaşlarımız da düşünürlər ki, niyə səs verməyə gedim? Təbii ki, bu yanlış rəyi dəyişmək lazımdır. Bu təfəkkürün yenilənməsində isə QHT-lər mühüm rol oynaya bilərlər. Çünki bizim regionlarda, kəndlərdə, qəsəbələrdə, ucqar ərazilərimizdə səsvermədə içtirakla bağlı problemlər mövcuddur. Vətəndaş cəmiyyətinin üzvləri məhz problemli yaşayış məntəqələrini, kəndləri araşdırıb tapmalı, orada seçicilərlə söhbət etməli, onlara hüquqlarını başa salmalıdırlar. Seçici bilməlidir ki, səs verərkən hansı halda problemlərlə qarşılaşa bilər, onun hüquqları hansı halda pozula bilər, seçki məntəqəsinin sədrindən və üzvlərindən nələr tələb edə bilər, müşahidəçilərə hansı çağırışları edə bilər. İnanın ki, bu sahədə xeyli boşluqlar var və seçicilərə öz hüquqları barədə geniş məlumat verilməlidir”.
X.Teyyublu bu seçkidə QHT nümayənədlərindən namizədlərin sayının çox olmasını müsbət hal sayır və onun fikrincə, buna səbəb getdikcə vətəndaş cəmiyyəti üzvlərinin siyasi yetkinliyinin, təcrübəsinin artmasıdır: “Onlar hesab edirlər ki, cəmiyyətdə bir status qazanıblar, müəyyən nüfuz sahibidirlər, ictimaiyyət onları tanıyır, siyasi praktikaya yiyələniblər, qanunvericiliyi bilirlər və Milli Məclisdə də təmsil oluna bilərlər. Yəni yaxşı mənada kimsədən geri qalmırlar. Məncə, bu çox yaxşı tendensiyadır və bu sektorun özünə olan inamını göstərir”.
Hazırladı: Emil SALAMOĞLU

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
49
arantv.az

10Mənbələr