EN

Meymunçiçəyi xəstəliyinin simptomları və yayılma yolları: Səhiyyə Nazirliyinin açıqlaması

Meymunçiçəyi xəstəliyi nadir rast gəlinən zoonoz (heyvandan insana keçən) virus xəstəliyi olaraq tanınır.

Fins.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər və ümumilikdə 2-4 həftə davam edir. Meymunçiçəyi xəstəliyi başlanğıc mərhələdə kataral əlamətlərlə (hərarət, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi) başlayır və daha sonra səpgi mərhələsinə keçir. Səpgilər bədəndə eyni inkişaf mərhələsində yayılaraq bir neçə gün ərzində qartmağa çevrilir və nəticədə çapıq toxuması əmələ gəlir.

İnfeksiya insandan insana əsasən uzunmüddətli sıx təmas nəticəsində, tamlığı pozulmuş dəri və selikli qişalar vasitəsilə ötürülür. Meymunçiçəyi xəstəliyinə xas olan kliniki əlamətlər meydana gəlmədikdə, xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik, adətən, özünüməhdudlaşdıran xarakterə malikdir və ağırlaşmayan hallarda xüsusi müalicə tələb etmir. Əksər hallarda meymunçiçəyi yüngül formada keçir və simptomatik müalicə kifayət edir.

Bu günə qədər Azərbaycan ərazisində meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanaraq, ölkədə ciddi epidemioloji nəzarət tədbirləri həyata keçirilir və yoluxmaya şübhəli şəxslərin diaqnostikası və müalicəsi üçün bütün zəruri resurslar mövcuddur.

Qeyd edək ki, TƏBİB də tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini açıqlayıb.

Fuad Mədətov
Fins.az

Chosen
94
2
fins.az

10Sources