Azərbaycan Respublikasının bir hissəsini müvəqqəti nəzarətdə saxlayan Rusiya "sülhməramlı"larının himayəsindəki separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" Ruben Vardanyan bu gün rəsmən Xocalı rayonu ərazisinə daxil olan qanunsuz "Əsgəran rayonu"nun administrasiyasında "işgüzar görüş" keçirib, aktual məsələlərlə tanış olub.
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
Putinin milyarder "desantı" yenə də Azərbaycana qarşı radikal çıxış edib:
“Sülhün bərqərar olması yalnız bizim gücümüzdə və birliyimizdən asılıdır. Heç bir müqavilə bu problemi həll edə bilməz, çünki bizim burada yaşamağımızı istəməyən qonşu dövlətimiz var. Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq-sayıq olmalıyıq”.
Dekabrın 3-də guya Xankəndi-Gorus "yolunun bağlanması" ilə bağlı insidentdən də danışan Ruben Vardanyan bildirib ki, "biz bu cür təxribatlara hazır olmalıyıq".
"Vəziyyət belədir. Biz bununla bütün vasitələrlə mübarizəyə aparmalıyıq. Bu reallıq bizdən həm problemlərin diaqnostikasında, həm qərarların qəbulunda, həm də ümumi iş üsullarında tamamilə fərqli yanaşmalar tələb edir. Bizim çoxlu ciddi təhlükə və çətinliklərimiz var, amma mən əminəm ki, biz onların öhdəsindən gələcəyik. Bizim öz torpağımızda yaşamaq hüququ, övladlarımızın gələcəyi uğrunda mübarizəmiz davam edir. Bu isə bütün ermənilərin mübarizəsidir”- deyə Vardanyan çərənləyib.
Sultan Laçın