AZ

Sumqayıt Tibb Mərkəzində ana-uşaq ölümü halları müzakirə olub

Sumqayıt, 15 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Tibb Mərkəzində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş halları müzakirə olunub. Tədbirdə TƏBİB-nin rəsmiləri, şəhər tibb müəssisələrin baş həkimləri, şöbə və bölmə müdirləri, o cümlədən ginekoloqlar iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, müzakirələri açan TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tibb müəssisələrində ilkin səhiyyə xidmətinin təşkilinin vacibliyini vurğulayaraq, bu sahədə təkmilləşdirmə işlərinin aparıldığın qeyd edib.

TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova 2023-cü ildə qurumun tabeli müəssisələrində göstərilmiş doğuşayardım xidmətinin, Sumqayıt Perinatal Mərkəzinin direktoru, Doğuşayardım Komissiyasının sədri Təranə Rəcəbli isə 2023-cü ildə baş vermiş ana ölümlərinin statistikası və təhlilini təqdim edib. Həmçinin TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Anar Ağayev qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində ilkin səhiyyə xidmətinin əhəmiyyətinin zəruriliyini diqqətə çatdırıb.

Açıq dialoq formatında keçən müzakirə zamanı tibb müəssisələrində antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkili, antenatal tibbi xidmətin təkmilləşdirilməsi, ana və uşaq sağlamlığına dair göstərilən tibbi xidmətlə bağlı məlumatların elektron portalda qeydiyyatının aparılması, mamalıq ağırlaşmalarının və ekstragenital xəstəliklərin diaqnostikasının vaxtında aparılması, neonatal təxliyənin kliniki protokollara uyğun həyata keçirilməsi, keysəriyyə kəsiyi əməliyyatlarının tibbi göstərişlərə uyğun icrasının təşkili, antenatal, doğuşayardım və neonatal tibbi xidmətin təşkilindən irəli gələn digər məsələlər müzakirə edilib.

 

Seçilən
29
4
azertag.az

5Mənbələr