AZ

MSK-nın sədri ATƏT/DTİHB nümayəndələri ilə görüşdü

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 31-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qarşıdan gələn Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, M.Pənahov missiyanın rəhbəri və üzvlərini salamlayaraq MSK-da keçirilən görüşdən məmnunluğunu ifadə edib. Seçkilərin geniş aşkarlıq və şəffaflıq mühitində hazırlanıb keçirilməsində müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan M.Pənahov beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu, istər MSK, istərsə də aşağı seçki komissiyalarında proseslərin müşahidəçilər və bütün maraqlı subyektlər üçün şəffaf reallaşdırıldığını diqqətə çatdırıb.

Səmimi qəbul və görüş üçün təşəkkürünü bildirən D.Buşati Azərbaycanda olduqları müddətdə MSK ilə yaxından əməkdaşlıq ediləcəyini deyib.

Qonaqların suallarını cavablandıran MSK sədri həmişə olduğu kimi, yenə də seçki müşahidə missiyasının üzvlərini istədikləri vaxt Komissiyanın fəaliyyətini və həyata keçirilən prosesləri birbaşa izləməyə dəvət edib, bunun üçün hər cür imkan yaradıldığını diqqətə çatdırıb.

Görüş zamanı həmçinin Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
33
teleqraf.com

10Mənbələr