AZ

Gəncədə iki gün ərzində 550 uşaq müayinə olunub » Medical Media



TƏBİB-in təşkilatçılığı ilə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Uşaqların tibbi müayinəsinə dəstək” layihəsi çərçivəsində tibbi müayinələr keçirilib.

KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə təşkil edilən müayinələr Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Liv Bona Dea Hospitalda pediatr, radioloq, uşaq cərrahı ixtisasları üzrə çalışan həkimlər tərəfindən aparılıb.

26-27 iyul tarixlərində keçirilən tibbi müayinələrdə böyük əksəriyyəti Gəncə şəhərindən olmaqla Samux və Göygöl rayonlarından olan uşaqlar iştirak ediblər.

Şikayətlər, əsasən, fiziki inkişafdan geri qalma, vitamin çatışmazlığı, sidik-cinsiyyət orqanlarının anomaliyaları, döş qəfəsin deformasiyası, revmatoloji və nevroloji xəstəliklərlə bağlı olub.

Fiziki müayinələrdən sonra tibbi göstəriş olan xəstələrdə qanın ümumi analizi, ultrasəs və rentgenoloji müayinələr aparılıb. Müayinələr nəticəsində 7 uşağa qasıq yırtığı, cinsiyyət orqanın burulması (penil torsiyon), kriptorxizm (enməmiş xaya), hidronefroz (böyrək genişlənməsi), meatal stenoz (sidik kanalının xaricə açılan çıxışının daralması) diaqnozu qoyularaq əməliyyat təyin olunub.

Astma əlamətləri olan bir neçə uşaq müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış xəstəxanaya yönləndirilib.
Bundan başqa, medikamentoz müalicəyə ehtiyacı olan uşaqlara reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.
Tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.


Seçilən
47
2
medicalmedia.az

3Mənbələr