AZ

Azərbaycan enerji sahəsində etimadı doğruldub ŞƏRH

18 iyul tarixi Prezident cənab İlham Əliyevin Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı ilə yadda qaldı. Qaz təchizatından söz açan ölkə başçısı bildirdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Ölkə rəhbəri qeyd etdi ki, əməkdaşlığın inkişaf dinamikası qorunulur. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. Azərbaycanın təbii qazını alan ölkələri qeyd edən dövlət başçısı vurğuladı ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Yeni tərəfdaşlıqdan danışan ölkə başçısı söylədi ki, Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Azərbaycan bir neçə aya Sloveniya bazarına daxil ola biləcək. Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.Azərbaycan 2024-cü ilin yanvar-may ayları ərzində Avropa regionuna 5,3 milyard kubmetr təbii qaz ixrac edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz nəqlinin 0,5 milyard kubmetr və ya 10,4 faiz artması deməkdir. 2021-ci ildə Avropaya 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox, 2023-cü ildə isə 12 milyard kubmetrdən çox qaz ixrac edilib. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin dekabr ayında Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - TAP-ı istifadəyə verməklə, faktiki olaraq, Avropa İttifaqının qaz bazarına daxil olub. Azərbaycanın ən uğurlu enerji layihələrinə, Xəzər dənizinin neft yataqları, xüsusilə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" qaz yatağı aiddir. Bu yataqlar Azərbaycanı əsas neft və qaz hasilatçılarından birinə çevirməklə, ölkəmizi Avropa üçün mühüm enerji təchizatçısına çevirib. 2006-cı ilin iyun ayından istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi Azərbaycanın enerji tarixində mühüm məqamlardan biridir. Bakıdan, Gürcüstan və Türkiyənin Ceyhan limanına qədər 1700 kilometrdən çox uzanan bu boru kəməri Azərbaycan xam neftinin birbaşa Avropa bazarlarına nəqlinə imkan yaradır. Bundan başqa, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın nəqlində mühüm rol oynayır. Bu kimi infrastruktur layihələrinə Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri də daxildir. TAP-ın 2020-ci ildə başa çatdırılması isə Xəzərin Azərbaycan sektorundan təbii qaz Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edilib. Bir müddət öncə Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində saziş imzalanıb.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
18
1
sesqazeti.az

4Mənbələr