AZ

Azərbaycanın geosiyasi təsiri getdikcə güclənir



İyulun 18-də Oksfordda keçirilən "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Toplantı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxış edən ölkə başçımız bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur: "Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir".
İqtisadi fayda gətirməklə yanaşı, ölkəmizin enerji sektorundakı rolu ölkəmizin geosiyasi təsirini də gücləndirir. Azərbaycan Avropa ölkələri üçün enerji təhlükəsizliyini və diversifikasiyanı təmin etməklə diplomatik əlaqələri gücləndirir. Prezident İlham Əliyev toplantı zamanı qeyd edib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi planlaşdırılır. Hazırda beşi Avropa İttifaqının üzvü olmaqla səkkiz ölkə Azərbaycandan təbii qaz alır. Bu sıraya Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan, Rumıniya, Gürcüstan, Serbiya və Türkiyə aiddir. Dövlət başçımız bildirib ki, bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. Dörd il ərzində Azərbaycan qlobal qaz bazarının ən etibarlı üzvü kimi ad qazanıb və bunun sayəsində də ölkəmizdən qaz almaq istəyən dövlətlərin sayı ildən-ilə artır. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə baş direktoru Kristina Lobillo Borrero Azərbaycanı qaz tədarükü məsələsində Avropanın etibarlı tərəfdaşı adlandırıb.
Azərbaycan 2024-cü ilin yanvar-may ayları ərzində Avropa regionuna 5,3 milyard kubmetr təbii qaz ixrac edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz nəqlinin 0,5 milyard kubmetr və ya 10,4 faiz artması deməkdir. 2021-ci ildə Avropaya 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox, 2023-cü ildə isə 12 milyard kubmetrdən çox qaz ixrac edilib. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin dekabr ayında Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - TAP-ı istifadəyə verməklə, faktiki olaraq, Avropa İttifaqının qaz bazarına daxil olub.
Azərbaycanın ən uğurlu enerji layihələrinə, Xəzər dənizinin neft yataqları, xüsusilə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" qaz yatağı aiddir. Bu yataqlar Azərbaycanı əsas neft və qaz hasilatçılarından birinə çevirməklə, ölkəmizi Avropa üçün mühüm enerji təchizatçısına çevirib. 2006-cı ilin iyun ayından istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi Azərbaycanın enerji tarixində mühüm məqamlardan biridir. Bakıdan, Gürcüstan və Türkiyənin Ceyhan limanına qədər 1700 kilometrdən çox uzanan bu boru kəməri Azərbaycan xam neftinin birbaşa Avropa bazarlarına nəqlinə imkan yaradır. Bundan başqa, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qazın nəqlində mühüm rol oynayır. Bu kimi infrastruktur layihələrinə Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri də daxildir. TAP-ın 2020-ci ildə başa çatdırılması isə Xəzərin Azərbaycan sektorundan təbii qaz Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edilib. Bir müddət öncə Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində saziş imzalanıb. Həmin saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə edilib. Razılaşmaya görə, Türkmənistan qazının Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Qaz Boru Kəməri vasitəsilə qardaş ölkəyə nəql olunması planlaşdırılıb.
Ölkəmiz ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan mənbələrə də sərmayə qoyur. Azərbaycan öz enerji portfelini diversifikasiya etməklə ekoloji problemlərə qarşı həssas yanaşmasını da ortaya qoyur. Bu balanslaşdırılmış strategiya təkcə Azərbaycanın uzunmüddətli enerji ehtiyaclarını dəstəkləmir, həm də ölkəmizi qlobal enerji sektorunda perspektivli oyunçuya çevirərək daha təmiz enerji keçidləri istiqamətində qlobal səylərini artırır. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, Azərbaycan enerji siyasətinin gələcəyini formalaşdırır. Ölkəmizin neft-qaz sektorundakı tərəfdaş mövqeyi və Avropaya əhəmiyyətli ixracatı onun iqtisadi dayanıqlılığının və strateji əhəmiyyətinin göstəricisidir. Enerji infrastrukturunda yeniliklər reallaşdırıb, inkişafa dəstək olmaqla Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir, Avrasiyanın və onun hüdudlarından kənarda enerji dinamikasını formalaşdırmağa davam edir.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini




Seçilən
23
1
aia.az

4Mənbələr