AZ

Milli Mətbuat Günü ərəfəsində “Media və uşaq hüquqları” dərs vəsaitinin təqdimatı olub

Milli

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşəbbüsü əsasında jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova müsəlman Şərqində ilk müstəqil cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, hüquqları, gender bərabərliyini, həm qanunlarda, həm də yaşam tərzində formalaşdıran bir xalqın öz milli mətbuatını yaradaraq örnək olduğunu bildirib.

Azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışan komitə sədri Prezident İlham Əliyevin Azərbaycanı nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacardığını, hətta bir nümunə ortaya qoyduğunu vurğulayıb.

Dövlət komitəsi ilə medianın getdikcə intensivləşən əlaqələrinə diqqət çəkən B.Muradova qarşılıqlı münasibətlərin daha ahəngdar olması üçün səyləri birləşdirməyin önəmini qeyd edib.

Medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılmasında mühüm rolunu vurğulayan komitə sədri onun, həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük və geniş təsir imkanlarına malik olduğunu vurğulayıb.

Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, Komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir. Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, uşaq hüquqları ilə bağlı qanunvericilik aktlarının dövlətin bu sahəyə diqqət və qayğısının təzahürü olduğunu qeyd edib. O, peşəkar medianın uşaq hüquqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb.

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev ali təhsil ocaqlarının səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafında və qorunmasında mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

Son 20 il ərzində Bakı Slavyan Universitetində jurnalistika ixtisaslı tələbələrin yetişdirildiyini vurğulayan A.Nağıyev jurnalistlərin peşə fəaliyyəti dövründə həm milli, həm də beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinin vacibliyini bildirib.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov hazırlanan dərs vəsaitinin Azərbaycan jurnalistikası üçün bir yenilik, media nümayəndələri üçün vacib bir vəsait adlandırıb. Uşaqlara diqqət və qayğının önəmindən danışan baş redaktor mətbuatda da bu həssaslığın vacibliyini vurğulayıb. Sonda o, “Xalq” qəzetində tələbələr üçün təlim otaqlarının ayrıldığını diqqətə çatdırıb.

Nəşrin müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cabir Məmmədli “Media və uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib, həmçinin uşaq hüquqları barədə vacib məlumatların media nümayəndələrinə çatdırmaq məqsədi daşıdığını qeyd edib.

Milli qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanan təqdimatla çıxış edən müəllif BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov isə çıxışında dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulması fonunda Azərbaycanda medianın bu sahədə həssaslığından danışıb.

Müzakirələrdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova, Komitə yanında İctimai Şuranın nümayəndələri Fariz Əkbərov, Mətanət Əsgərzadə və digərləri vəsaitin mediamız üçün önəmli olduğunu, uşaqlarla bağlı yayımlanacaq materiallara daha həssas yanaşma üçün töhfə olacağını bildiriblər.

Qeyd edək ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından bələdçi rolunu oynayan dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və video materialların yayımlanması, digər aidiyyəti məsələlər üzrə təlimatlar yer alıb.

Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri mükafatlandırılıb.

Seçilən
37
2
azertag.az

3Mənbələr