AZ

Müasir dövlətçilik proseslərində "Zəfər tarixinin" yeri…

Image

Müstəqillik tariximizin ən əhəmiyyətli hissəsi Qələbə tariximizdir, Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdir, o Zəfərlə doğulan parlaq səhifələrdir.

Vətən tarixinin Azərbaycan dövlətinin tarixi Zəfəri ilə başlanan yeni mərhələsinin dövlətçiliyimizin inkişafında mühüm rola malik olduğu danılmaz bir faktdır. Mübağiləsiz deyə bilərik ki, son 300 illik tariximizdə Vətən müharibəsində qazandığımız qələbə miqyasında ikinci bir qələbə olmayıb. Biz 2020-ci ilin 27 sentyabrında başlanan və noyabrın 8-də Zəfərlə başa çatan Vətən müharibəsinə qədər qanla, faciə ilə, soyqırımlarla yazılmış tariximizi öyrənirdik, işğal altında olan ərazilərimizin geri qaytarılacağı ümidilə yaşayırdıq, şagirdlərə, tələbələr, gənclərə bu ümidi təlqin edirdik. Amma Zəfərdən sonra artıq tariximizin yeni səhifələrini təbliğ edirik. Bu səhifələr müstəqil dövlətçilik tariximizin zənginləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu da müstəqil dövlətimizin daha da güclənməsi deməkdir. 

Gizlin deyil, Azərbaycan xalqı müasir dövlətçiliyimizi daha da gücləndirən, daha da əzəmətli edən şanlı tarixi qələbəni Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun gücü və əzmi ilə qazanıb. 

Heç şübhəsiz ki, Azərbaycan tarixçilərinin, Azərbaycan tarixi dərslikləri müəlliflərinin də üzərinə düşən əsas vəzifə Zəfər tariximizi dərsliklərə, kitablara çevirmək, şəhid və qazilərimizin qanları ilə gerçəkləşdirdiklərini yazıya çevirmək, qanla qazanılan qələbəni ədəbiləşdirməkdir.   

Bildiyimiz kimi, 2021-ci ildə   “Zəfər tarixi” kursu üzrə dərs vəsaiti çap olundu, 2021-2022-ci tədris ilində şagirdlərin istifadəsinə verildi. Bu, dərs vəsaiti Zəfər tariximizin tərənümundə və təbliğatında, şagirdlərin yaddaşına hopdurulmasında mühüm rola malikdir. 

“Zəfər tarixinin bizim dövlətçilik tariximizdə rolu ondan ibarətdir ki…” 

“Zəfər tarixi” dərs vəsaitinin həmmüəlifi, Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov “Bakı-Xəbər”ə bildirdi ki, Zəfər tariximizin, möhtəşəm Qələbəmizin dərsliklərdə öz ifadəsini tapmasının çox mühüm dövlətçilik əhəmiyyəti var. 

“Möhtəşəm Zəfərə qədər biz dərsliklərimizdə işğal tariximizi, nə qədər şəhidlər verdiyimizi, hansı sayda itkilərə məruz qaldığımızı, əhalimizin əsir düşdüyünü, faciələrimizi əks etdirirdik. Həmişə deyirdik ki, gün gələcək Zəfər tariximizi yazacağıq. Bu ümidlə yaşayırdıq. Zəfər tarixinin dövlətçilik tariximizdə rolu ondan ibarətdir ki, burada Azərbaycan xalqının, Azərbaycan ulusunun, Azərbaycan rəhbərliyinin, Azərbaycan Ordusunun vahid yumruq şəklində birləşərək işğal altında olan torpaqlarımızı azad etməsi ifadə edilib. Təbii ki, müstıqillik tariximizdə bundan gözəl heç nə yoxdur. Bu, böyük bir xalqın Zəfəridir.  Zəfər tarixinin bütün detalları ilə dərsliklərə gətirilməsi böyük məsuliyyətdir, eyni zamanda şərəfli bir işdir.

İstər Ordumuzun qəhrəmanlığını, istər xalqımızın arxa cəbhədə fəaliyyətini, istər Azərbaycan Prezidentinin beynəlxalq sferada gördüyü işləri, dünya mediasına verdiyi müsahibələri, Azərbaycanın maraqlarını qətiyyətlə qorumasını, diplomatik sahədə qazındığımız uğurları, bütün bunların hamısını dərsliyə daxil etmişik. Eyni zamanda Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa quruculuq işləri, “Böyük Qayıdış” prosesi də dərslikdə öz əksini tapıb. Dərsliklərdəki digər tərəf mədəniyyət tariximizlə bağlıdır. Şuşada keçirilən “Xarı bülbül” festivalları, “Vaqif” Poeziya Günləri, Vaqifin məqbərəsinin bərpası, orada müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, “Şuşa İli”nin élan olunması kimi məsələlərin hamısı dərsliklərdə var. Bu bizim müstəqil dövlətçiliyimizin bütün mövcudluğu dövründə ən mühüm hadisədir ki, bunu qürur tariximzi də adlandıra bilərik”-deyə P.Ağalarov bildirdi. 

P.Ağalarov vurğuladı ki, qürur tariximizi də xalqımızın balalarına, şagirdlərimizə yaxşı şəkildə təqdim etməyə çalışıblar.        

“Burada İkinci Qarabağ müharibəsindən başlamış Laçında əhalinin məskunlaşdırılmasına qədər bir dövr əhatə olunub” 

Zəfər tarixinin dərsliklərdə geniş əksini tapdığını deyən P.Ağalarov bildirdi ki, Vətən müharibəsi  IX sinif dərsliyinə də gətirilib. “Zəfər tarixi”nə gəlincə, P.Ağalarov bildirdi ki, o dərslik yox, dərs vəsaitidir, dərsliklərdə bu vəsaitə də istinad edilir. 2023-2024-cü tədris ilində istifadəyə veriləcək XI siniflər üçün yeni “Azərbaycan tarixi”ndə Zəfər tarixi geniş və əhatəli yazılıb. “Burada İkinci Qarabağ müharibəsindən başlamış Laçında əhalinin məskunlaşdırılmasına qədər bir dövr əhatə olunub. IX sinif dərsliyində 2024-cü ildə baş verən mühüm hadisələrə yer verilib, bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi” də ora daxil edilib.

Bu il V siniflər üçün təkrar dərslik yazdıq və burada Qələbə tarixi öz əksini tapdı. Artıq təsdiq olunub və sentyabrdan orta məktəblərə veriləcək.  IX sinif “Azərbaycan tarixi”nə indi daxil edirik. Dərslik beş ildən sonra təkminləşməli idi və biz yeni dərslik yazdıq. Bu dərsliyə də Vətən müharibəsini daxil etdik. Əvvəlcə 2020-ci ildə Hafiz Cabbarovla birgə “Qələbə dərsləri”ni ərsəyə gətirdik. 2021-ci ildə “Zəfər tarixi” dərs vəsiti şagirdlərin ixtiyarına verildi. Nəhayət, keçən il təkminləşdirmə başa çatdığı üçün bütün prosesləri  XI sinif “Azərbaycan tarixi” dəsrliyinə daxil etdik. Artıq bu dərsliklərdə bunlar öz əksini tapır”-deyə P.Ağalarov qeyd etdi. 

P.Ağalarov bildirdi ki, əvvəllər “Qarabağ tarixi” adlı dərslik vəsaiti olub, 2021-ci ildən isə “Zəfər tarixi” o vəsaiti əvəz edib. “Zəfər tarixi”nin çox qısa müddətə yazıldığını deyən P.Ağalarov bildirdi ki, ilkin mərhələdə o dərs vəsaiti yazıldı və oradakı materailların sonradan dərsliklərə daxil edilməsi nəzərdə tutuldu. “Bu dərsliklərə fərqli şəkildə, daha dolğun, daha əhatəli, daha detallı şəkildə daxil edilib. “Zəfər tarixi”ni Hafiz Cabbarovla cəmi iki ay ərzində yazdıq. “Zəfər tarixi” dərs vəsaiti olsa da, o birilər rəsmi dərsliklərdir” - deyə P.Ağalarov bildirdi

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
96
11
baki-xeber.com

9Mənbələr