AZ

İqtisadiyyatımızda Çin faktoru artır  - RƏY

Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq


  Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Astanada imzalanmış "Starteji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradacaq. Son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur. Belə ki, 2021-ci ildə 1 milyard 780 milyon dollarlıq ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon dollar, 2023-cü ildə isə 3 milyard 101 milyon dollar olub. Bu o deməkdir ki, son 2 ildə Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələr arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydiyyata alınıb.
  Millət vəkili  Vuqar Bayramov da "Sherg.az"a açıqlamasında  Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişlənməsindən danışıb.  Onun sözlərinə görə, tərəflər arasında digər iqtisadi əməkdaşlıq nəqliyyat və logistika sahəsini əhatə edir

“Azərbaycan Orta dəhlizi dəstəkləyən ölkələrdəndir.  Orta dəhliz - "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu", bütövlükdə "Bir kəmər, bir yol" layihəsinin bir hissəsi kimi də qiymətləndirilir. 
  Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artdığının müşahidə edilməsi ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşınan yüklərin də əhəmiyyətli artımına səbəb olacaq. Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur. Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir. Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. Bütövlükdə, Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq”.
  İqtisadçı-ekspert Eldəniz Əmirov da  hesab edir ki, Azərbaycanla Çinin iqtisadi münasibətləri potensial və dinamika baxımından yüksəlişdədir.
O bildirib ki, bunu ilk növbədə ticarət dövriyyəsinin həcmində müşahidə etmək olar: "Çin qısa zamanda ölkəmizin dörd ən böyük ticari tərəfdaşından birinə çevrilib. Ötən ilin on ayı ərzində ticarət dövriyyəmiz 2,6 milyard dollara yaxın idisə, bu ilin birinci rübündə açıqlanan statistikaya nəzər salsaq 3,1 milyarda dollara çatdığını görərik. Çin Azərbaycanın idxal ölkəsinə çevrilməkdədir. Ölkəmizin mövcud nəqliyyat kommunikasiya və enerji dəhlizləri bu dövriyyənin artırılmasına imkan verir. Eyni zamanda da ikitərəfli iqtisadi münasibətlər, strateji razılaşmalar bu istiqamətdə fəaliyyəti dəstəkləyərək daha da artırır. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın mövqeyinin güclənməsi Azərbaycan-Çin münasibətlərini möhkəmləndirəcək. Təşkilatın doqquz əsas üzvündən ikisi ölkəmizin əsas ticari tərəfdaşlarıdır. Orta Dəhlizin də perspektivləri onu deməyə əsas verir ki, Azərbaycan Çinin məhsullarının Avropaya çatdırılmasında əsas tranzit ölkə olduğu üçün digər sahələrin də inkişafına səbəb olacaq". 

Seçilən
43
50
sherg.az

10Mənbələr