AZ

Putinin macar dostu "sülh missiyası" ilə Moskvaya gəldi, Avropa İttifaqı münasibət bildirdi

 
"Avropa İttifaqında hazırda sədrlik edən Macarıstanın Rusiya ilə bütün birliyin adından təmasları üçün mandatı yoxdur..."
 
Macarıstan baş naziri Viktor Orban Moskvaya səfərə gəlib. O, Vladimir Putinlə Ukraynada münaqişənin nizamlanması üzrə "sülh missiyası" çərçivəsində danışıqlar aparacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.
 
Planlaşdırılan səfər barədə nə Macarıstan, nə də Rusiya məlumat verməyib.
 
Avropa İttifaqı Orbanın səfərini şərh edərkən bəyan edib ki, Orbanın Putinlə görüşü istisnasız olaraq ölkələr arasında ikitərəfli münasibətlər çərçivəsində keçirilir və Avropa İttifaqının buna heç bir aidiyyəti yoxdur.
 
Avropa Şurasının rəhbəri Şarl Mişel vurğulayıb ki, Avropa İttifaqında hazırda  sədrlik edən Macarıstanın Rusiya ilə bütün birliyin adından təmasları üçün mandatı yoxdur.
 
Bu zaman Mişel qeyd edib ki, Ukrayna üzrə heç bir müzakirə Kiyevin iştirakı olmadan keçirilə bilməz.
 
"Avropa İttifaqının Rusiyanın Ukraynaya qarşı qəsbkarlıq müharibəsilə bağlı mövqeyi Avropa Şurasının bütün bəyanatlarında əks edilib. 
 
Bu mövqe Avropa İttifaqı və prezident Putin arasında rəsmi təmasları istisna edir. Beləliklə, Macarıstan baş naziri Avropanı heç bir formada təmsil etmir", - Avropa İttifaqı diplomatik xidmətinin rəsmi bəyanatında deyilir.
 
Məlumatda Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin ittiham edilməsi və Ukrayna uşaqlarının Rusiyaya zorən deportasiya edilməsinə görə həbsinə order verilməsi xatırlanır.
 
Bundan öncə, iyulun 2-də Orban müharibə başlanandan ilk dəfə olaraq Kiyevə səfər edib. Orada o, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və birtərəfli atəşkəs və Rusiya ilə dinc danışıqlara başlamaq barədə düşünməyə çağırış edib.
 
Zelenski Orbana etiraz edib və bəyan edib ki, onun ölkəsinə "ədalətli sülh" gərəkdir. Eyni zamanda, Ukrayna lideri Avropa dövlətlərinə Rusiya təcavüzündən müdafiə olunması üçün Ukraynaya hərbi yardım göstərməkdə davam etməyə çağırış edib. 
 
"Avropada hamımız üçün Avropanın Ukraynaya dəstəyinin kifayət qədər saxlanılması çox vacibdir"  - o, vuğulayıb.
Seçilən
69
48
moderator.az

10Mənbələr