AZ

"Məsud Pezeşkianın güney azərbaycanlı olması onun dəyişiklik edəcəyi mənasına gəlmir" - Politoloq

İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb. Prezidentlik uğrunda 69 yaşlı keçmiş səhiyyə naziri, islahatçı Məsud Pezeşkian və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı 58 yaşlı nümayəndəsi, mühafizəkar Səid Cəlili mübarizə aparır. İranda etnik azərbaycanlılar arasında Məsud Pezeşkianiyə xüsusi rəğbət var.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Məsud Pezeşkianın güney azərbaycanlı olması onun ümumi mənada dəyişiklik edəcəyi mənasına gəlmir. Ali dini liderin güclü olması, ayətullahlardan ibarət şura olması, həmçinin SEPAH kimi güclü sistemin olmasını nəzərə alaraq deyə bilərik ki, prezident seçiləcək şəxsin ata biləcəyi xüsusi addım yoxdur:

"İranda Məsud Pezeşkianın prezident seçilməsi elə də ciddi dəyişikliyə səbəb olmayacaq. Məsələ ondan ibarətdir ki, bu şəxsin güney azərbaycanlı olması onun ümumi mənada dəyişiklik edəcəyi mənasına gəlmir. İstər digər namizəd, istər Pezeşkian İrandakı molla rejiminin namizədidir. İranda prezidentliyə namizədləri təyin edən, filterləyən sistem var. Bu sistem də İranda ali dini liderə bağlı olan ayətullahlardan ibarət dini şuradır. Bu şuradan təyin edilən, onların senzurasından keçən namizədlər prezidentlik mübarizəsinə başlayır. Artıq İrandakı mövcud qruplar arasında mübarizə gedir. Nəzərə almaq lazımdır ki, İranda prezident institutundan da yuxarıda ali dini lider funksiyası var. Prezident bir növ hökuməti idarə edir. Ali dini liderin güclü olması, ayətullahlardan ibarət şura olması, həmçinin SEPAH kimi güclü sistemin olmasını nəzərə alaraq deyə bilərik ki, prezident seçiləcək şəxsin ata biləcəyi xüsusi addım yoxdur. Ən yaxşı halda Pezeşkian onu dəstəkləyən etnik azlıqlara müəyyən hüquqlar verə bilər. Bu da hələlik reallığı əks etdirmir. Amma ən azından ümidlər var. İranın Yaxın Şərq siyasəti, Amerika və Avropaya baxış bucağı, habelə Azərbaycanla bağlı siyasətində dəyişiklik olacağını düşünmürəm. Diqqətlə baxsaq, İranda prezidentliyə namizədlər, həm hazırkı iki namizəd, həm birinci turdakı namizədlər az qala Azərbaycan türkcəsində danışmağı bacarırdılar vıə seçki marafonunda bundan istifadə edirdilər. Bu onu deməyə əsas verir ki, seçicilərin etnik mənsubiyyəti, onların danışdığı dil dəyişiklik təşkil etmir. İranda prezident olacaq şəxs mövcud sistemin qayda-qanunlarına tabe olur, o ideologiya daşıyıcısı olur və dövlət idarəetməsində bir o qədər də söz sahibi olmur. Qərarları SEPAH, ali dini lider və ayətullahlardan ibarət Şura verir. Belə sistemdə prezidentin ciddi funksiyası yoxdur. Çox sadə bir versiya deyim. ABŞ demək olar ki, dünyadakı bir çox seçkilərə müdaxilə etmək istəyir, onun maraqları çərçivəsində deyilsə, namizədləri dəyişə bilir. İrandakı vəziyyəti İsrail belə izləyir, amma proseslərə müdaxilə etmir. Qərb də, İsrail də yaxşı bilir ki, İrandakı seçkilərin nəticəsi mövcud situasiyanı dəyişə bilməyəcək".


BiG.Az
Seçilən
134
big.az

1Mənbələr