AZ

Çin və Azərbaycan mediasının əməkdaşlığında yenilik baş verdi...

Image

Şakir Ağayev: “Bu, Azərbaycanla Çin arasında media və informasiya sahəsində yeni bir mərhələnin əsasının qoyulması kimi xarakterizə oluna bilər”

İyulun 3-də Astanada qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin  3.1-ci bəndində qeyd olunur ki, tərəflər regionlar arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi sahəsində əməkdaşlığı dəstəkləyir.

Birgə Bəyannamənin bu bəndinin iki ölkə arasında media və informasiya sahəsində əməkdaşlığın inkişafında mühüm rola malik olduğu şübhə doğurmur. Əslində bu, Azərbaycan və Çin mediasının əməkdaşlığında bir yenilikdir və qarşımızda informasiya sahəsində yeni üfiqlər açacaq. 

“Azərbaycanın səsinin Çin mediası vasitəsilə də beynəlxalq aləmə çatdırılması baxımından bizim üçün böyük önəm kəsb edir” 

 “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında bəyannaməni çox əhəmiyyətli hesab edir. O qeyd etdi ki, bu bəyannamənin hər bir bəndinin ayrıca önəmi var. O vurğuladı ki, artıq birqütblü dünyaya son qoyulduğu və çoxqütblü dünyanın yarandığı bir dövrdə Çinin burda əsas oyunçu olmasını, iqtisadi-ticari əlaqələrinin dünya səviyyəsində olan yerini, Şanxay Əməkdaşlıq Təşkilatının dünyanın Ümumdaxili Məhsullar bazarında olan çəkisini, orada təmsil olunan dövlətlərin Azərbaycanla münasibətlərini (Pakistan, Qırğızıstan, Qazaxıstan və sair), “Bir kəmər, bir yol” prinsipi ilə işləyən “Orta dəhliz” qlobal nəqliyyat layihəsini də nəzərə alsaq, Çin bütün dünyada, eyni zamanda bizim mənsub olduğumuz bölgədə çox əhəmiyyətliu rol oynayan bir ölkədir. “Çinlə Azərbaycan arasında belə bir Bəyannamənin imzalanması, təbiidir ki, Azərbaycanın dünyada siyasi-iqtisadi çəkisinə müsbət mənada çox böyük təsir göstərəcək. Nəzərə alsaq ki, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri ilə Azərbaycan artıq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannaməni imzalayıb. Bilirsiz ki, 2022-ci ildə Rusiya ilə də belə bir sənəd imzalanıb. Mən Şuşa Bəyannaməsini ona görə qeyd etmədim ki, Türkiyə ilə Azərbaycanın mütəffiqliyi, əlaqələri heç bəyannamə imzalanmamışdan əvvəl də vardı. BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü - Rusiya və Çinlə bu sahədə bəyannamənin imzalanması çox önəmli bir məsələdir. BMT kimi təşkilatda, əlbəttə, Azərbaycana qarşı olan qərəzli münasibətlərin qarşısının alınması üçün bu çox vacib bir bəyannamədir”. 

Ş.Ağayev bildirdi ki, biz 44 günlük müharibə dövründə də, antiterror tədbirləri zamanı və sair hallarda da BMT Təhlükəsizlik Şurasına daimi üzv olan bəzi ölkələrin qərəzli mövqelərilə üzləşmişik, belə qərəzli yanaşmaların neytarllaşdırılması baxımından Çinlə imzalanan bəyannamə çox əhəmiyyətli bir məsələdir.

Azərbaycanla Çin mediası arasında mövcud əlaqələr müstəvisində Birgə Bəyannamədə yer alan yeniliyə gəlincə, Ş.Ağayev bunu media və informasiya sahəsində yeni əməkdaşlıq əlaqələrinin inkişafı kimi dəyərləndirir. “Bu sənəddə Azərbaycanla Çin arasında media və informasiya sahəsində əməkdaşlığın gücləndirilməsinə dair ayrıca bir maddənin olması da müsbət haldır. Bu, Azərbaycan üçün çox önəmli bir məsələdir. Çin mediası ilə əməkdaşlıq çox vacib bir məsələdir. Bu, Azərbaycanın səsinin Çin mediası vasitəsilə də beynəlxalq aləmə çatdırılması baxımından bizim üçün böyük önəm kəsb edir. Çinin dünyanın üç-dörd aparıcı dövlətindən biri olmasını nəzərə alsaq, təbii ki, bütün dünya Çin mediasında yayılan məlumatlarla yaxından maraqlanır, bu informasiyalara istinad edir. Çinin nüfuzlu  “Qlobal Tayms” qəzetinə, başqa media resurslarına, saytlarına nəzər salsaq görərik ki, bütün dünya onlara böyük maraq göstərir. Çinə məxsus media resursları çox populyardır. Azərbaycan mediası ilə Çin mediasının əməkdaşlıq əlaqələri, Azərbaycan həqiqətlərinin Çin mediasında yayılması bizim üçün çox faydalı olacaq”.

Ş.Ağayev qeyd etdi ki, Azərbaycanın istər iqtisadi-siyasi, istər mədəni həyatının Çin mediasında işıqlandırılması, eləcə də Azərbaycan kütləvi informasiya vasitələrinin Çin kütləvi informasiya vasitələri ilə əməkdalıq əlaqələrinin gücləndirilməsinə yönəlik atılan bu addımı çox yüksək qiymətləndirmək lazımdır. “Bu, Azərbaycanla  Çin arasında media və informasiya sahəsində yeni bir mərhələnin əsasının qoyulması kimi xarakterizə oluna bilər. Bu, mediamızla bağlı əlaqələrə yeni bir baxışdır. Hər iki ölkənin kütləvi informasiya vasitələri bu bəyannamədən, bu yeni yanaşmadan öz dövlətlərinin milli maraqları çərçivəsində bəhrələnməlidir”-deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA





Seçilən
184
50
baki-xeber.com

10Mənbələr