AZ

Azərbaycan - Türkiyə - Pakistan birliyi...

Regional təhlükəsizliyin təminində əsaslı şərt 

Çoxvektorlu xarici siyasət kursunda əməkdaşlığa və milli maraqlara söykənən əlaqələrə üstünlük verən Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi tanınır. Qlobal münasibətlər sistemində dostluğa, tərəfdaşlığa sədaqəti ilə tanınan ölkəmiz, tarixi ənənələr və ən ülvi dəyərlər çərçivəsində inkişaf etdirilən əməkdaşlığın daimi inkişafı uğrunda çalışır. Bu mənada, Azərbaycanın yaxın-uzaq coğrafiyalarda özünə dost, qardaş hesab etdiyi dövlətlər var ki, ən çətin günlərdə həmin dövlətlərlə çiyin-çiyinə dayanır, ən yaxın dəstəkçi qismində çıxış edir. Təbii ki, bu mənada Azərbaycan - Türkiyə münasibətləri xüsusi anlam daşıyır - eyni zamanda, rəsmi strateji müttəfiq sayılan ölkələrimizin Pakistan İslam Respublikası ilə yaxın əlaqələri də təqdir edilməlidir. Pakistan istər Azərbaycanın, istərsə də Türkiyənin yaxın tərəfdaşı kimi özünü isbat etmiş dövlətlərdəndir. Üç ölkə arasındakı çoxşaxəli əlaqələr mühüm sahələri əhatə etməklə yanaşı, strateji məsələlərdə qarşılıqlı dəstəyin nümayişi həm də mühüm güc mərkəzi kimi çıxış etməyə imkan yaradır. Bunun nəticəsidir ki, bu üç dövlətin dövlət və hökumət başçıları, rəsmi strukturları, ictimai-siyasi sektoru arasında mütəmadi müzakirələr aparılır, fikir mübadilələri həyata keçirilir, birgə layihələr icra olunur. Təsadüfi deyil ki, iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.

Mühüm görüş: tarixi-dini köklər, qardaşlıq münasibətlərinə əsaslanan bağlılıq 

Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olunub və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək görüşdə xüsusi qeyd olunub. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb. 

Hərbi əməkdaşlıq: regional təhlükəsizliyə töhfə...

Vurğulandığı kimi, ölkələr arasındakı əlaqələr çoxşaxəli xarakter daşısa da, hərbi əməkdaşlığın inkişafı xüsusi yer tutur. Bu baxımdan əlaqələrin əsas istiqamətlərinin müzakirə zamanı bu predmetin öndə tutulması anlaşılandır - eyni zamanda, bu amil hazırki siyasi gündəmin ən mühüm detallarından sayılır. Regional təhlükəsizliyin təmini üçün səfərbər olan, Cənubi Qafqazda sülhə və sabitliyə nail olmaq üçün səy göstərən Azərbaycanın dəstəklənməsi qeyri-adekvat maraqlar oratya qoyan təhdidedici amillərin zərərsizləşdirilməsində əhəmiyyətli yer tutur. Hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi istehsalat sahələrində Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli əməkdaşlıqlarının inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi bölgənin təhlükəsizlik seqmentinin inkişafına töhfə verir. Qeyd edilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutmuş “Üç qardaş - 2021” beynəlxalq təlimi ümumi təhdidlərə qarşı birgə mübarizənin təşkilinə hazırlıq baxımından vacib sayılırdı. Bu beynəlxalq təlim, eyni zamanda, ordular arasında mövcud olan əlaqələrin daha da gücləndirilməsi, terrorla, digər təhdidlərlə mübarizə üçün yeni üsulların kəşf edilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli yer tutub.

Azərbaycan-Pakistan: həmrəylik və qarşılıqlı dəstəyə söykənən əlaqələr

Ayrı-ayrılıqda təhlilə qaldıqda isə, Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. İki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq mövcuddur. Pakistan Ermənistanın işğalçılıq siyasəti yürütdüyü dövrlərdə Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyib və “münaqişə”nin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı kimi çıxış edib - rəsmi İslamabad işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.

Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir - ikitərəfli gündəliyə daxil olan bir çox məsələlər, eyni zamanda, regional proseslər, regional təhlükəsizlik məsələləri dialoq və müzakirə ilə daha yüksək səviyyədə inkişaf etdirilir. İki ölkə arasında ticarətin həcminin artırılması yolları müzakirə predmetlərindəndir. Siyasi əlaqələrlə yanaşı, mədəni-humanitar əlaqələr də yüksək səviyyədədir. Bu mənada Heydər Əliyev Fondunun Pakistanla bağlı laiyhələri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında təhsil sahəsində əlaqələr güclənir. Bu gün Azərbaycanda Pakistandan olan yüzlərlə tələbə təhsil alır. Bu fakt iki ölkə arasındakı əlaqələrin çoxşaxəliyini göstərən amildir. Bundan başqa ölkələr arasında müdafiə sənayesi sahəsində, enerji sahəsində, turizm sahəsində,  ərzaq ixracı sahəsində mühüm əlaqələr mövcuddur.

Azərbaycan - Türkiyə: strateji müttəfiqlik 

Azərbaycan-Türkiyə münasibətləri isə qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsidir - bütün dünya üçün, xüsusilə Türk dünyası üçün bu nümunə sülhün - əmin-amanlığın, etimadın nümunəsi kimi çıxış edir. İki ölkə arasında bütün sahələr üzrə əlaqələr ən yüksək səviyyədədir. Siyasi, mədəni, iqtisadi və digər sahələrdəki əməkdaşlıq əlaqələri dostluq və qardaşlıq kimi dəyərlər üzərində güclənir. Bu dəyərlər üzərində qurulan strateji müttəfiqlik nəinki regionda, bütövlükdə Avroasiyada yeni siyasi münasibətlər sistemi formalaşdırıb. Bütün beynəlxalq platformalarda bu reallıq hər kəs tərəfindən qəbul olunur - Türkiyə və Azərbaycan vahid hədəfə istiqamətlənmiş xarici siyasi kursa malikdir. Bu mənada, müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Bütün bunlar isə ölkələrarası strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini gücləndirməklə regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verir. Azərbaycanla Türkiyə arasında 2021-ci ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdi. Bu sənəd bölgədə formalaşan yeni siyasi-hərbi reallıqların ən mühüm amili kimi təhlükəsizliyin təminində əsaslı yerə və rola malikdir. 

Üçtərəfli əlaqələr: təhlükəsizlik, inkişaf və tərəfdaşlıq...

Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki  zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir - bu güc mərkəzi isə öz növbəsində təhlükəsizlik, inkişaf və tərəfdaşlığın yüksəlməsinə töhfələr verir. 

P.İSMAYILOV 

Seçilən
217
50
yeniazerbaycan.com

10Mənbələr